Müəssisə rəhbərliyi və məsul əməkdaşlara müvafiq tövsiyələr verilib Müəssisə rəhbərliyi və məsul əməkdaşlara müvafiq tövsiyələr verilib
  • Mahal
  • 28 Sentyabr 2021 18:29
  •  8 391

Ombudsmanın üzvləri Şəkidəki uşaq evinə xəbərdarlıqsız baş çəkib

Müəssisə rəhbərliyi və məsul əməkdaşlara müvafiq tövsiyələr verilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Qarışıq Tipli Uşaq Evinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə keçirilib.

Aznews.az xəbər verir ki, Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun tələbləri əsasında təşkil edilən başçəkmədə məqsəd müxtəlif yaş qruplarından olan və müəssisədə yaşayan uşaqların saxlanma şəraitinin, hüquqlarının təmini vəziyyətinin, habelə müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin öyrənilməsi olub.

Müəssisənin tibb, istirahət, yataq, əmək və oyun otaqlarına, kitabxanaya, ərzaq anbarına, mətbəxə, yeməkxanaya, idman zalına, sanitar qovşaqlara, camaşırxanaya baxış keçirilib və mövcud şərait araşdırılıb.

Rəftar məsələlərinin araşdırılması məqsədilə karantin rejimi qaydalarına əməl olunmaqla müəssisə rəhbərliyi, psixoloq və digər əməkdaşlarla fərdi söhbətlər və müsahibələr aparılıb.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlara milli və beynəlxalq qanunvericiliyə müvafiq şəkildə saxlanma şəraiti, tibbi xidmət və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib, müəssisənin daxilində yerləşdirilməsi məqsədilə Ombudsmanın 916 Çağrı Mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar təqdim olunub.