İtaliya işsiz gənclərin sayına görə Avropada ilk sıradadır

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, 2017-ci ildə italiyalı gənclər arasında işsizliyin səviyyəsi 25,7 faiz olub. Belə ki, İtaliyada 18-24 yaşlı hər dörd gəncdən biri işsizdir. Bu, Avropa İttifaqına (Aİ) üzv ölkələr arasında ən yüksək göstəricidir.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Aİ ölkələrində həmin yaş qrupu üzrə işsizliyin səviyyəsinə görə orta göstərici 14,3 faizdir. Avropa ölkələrində gənclər arasında işsizliyin səviyyəsinə görə İtaliyadan sonrakı yerləri Kipr (22,7 faiz), Yunanıstan (21,4 faiz), Xorvatiya (20,2 faiz), Rumıniya (19,3 faiz) və Bolqarıstan (18,6 faiz) tutur.

Bu kateqoriya üzrə ən yaxşı göstərici (5,3 faiz) Niderlanda məxsusdur. Sonrakı yerlərdə Sloveniya və Avstriya durur.

Eurostatın məlumatda qeyd olunub ki, 2017-ci ildə Aİ ölkələrində yaşı 18-24 arasında olan 5,5 milyon nəfər nə işləməyib, nə təcrübə keçməyib, nə də ali təhsil almayıb. Bu rəqəm Slovakiyanın və ya Finlandiyanın əhalisinin sayına bərabərdir.

AzNews.az