Üçtərəfli Bəyanatın 7-ci bəndi

Bu günlərdə respublikamızda fəaliyyət göstərən bir sıra kütləvi informasiya vasitələrinin əməkdaşları Qarabağ iqtisadi rayonuna daxil olan ərazilərimizdən reportaj hazırlamaq istəyib, lakin 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən müvafiq bölgənin bir hissəsinə yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontengenti tərəfindən həmkarlarımıza öz peşə fəaliyyətlərini yerinə yetirməyə imkan verilməyib.

Bu hadisə hər bir azərbaycanlının dərin hiddət və narahatçılığına səbəb olub.

O sadə səbəbə görə ki, hazırda Rusiya sülhməramlılarının patrul fəaliyyəti göstərdiyi bütün ərazilər Azərbaycan Respublikasının suveren tərkib hissəsidir.

Bu bölgədə Azərbaycan Respublikasının istənilən vətəndaşı, o cümlədən jurnalistlər, ictimai fəallar və rəsmi şəxslər sərbəst hərəkət etmək hüququna malikdirlər.

10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda deyilir:

“Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Göründüyü kimi, Azərbaycan Respublikası vətəndaşlarının Laçın dəhlizindən və sonradan işə düşmüş alternativ yoldan istifadə etməsinə əngəl olacaq heç bir müddəa yoxdur.

Odur ki, Rusiya Federasiyasının bölgədə müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin vətəndaşlarımızın hərəkətinə mane olması suveren respublikamızın qanunlarına, beynəlxalq hüquqa və o cümlədən Üçtərəfli Bəyanata tamamilə zidd olmaqla yanaşı, rəsmi Moskvanın Xankəndidəki cinayətkar hərbi xuntanın qalıqlarını qorumaq cəhdidir.

Hazırda Rusiya sülhməramlılarının komandanlığının fəaaliyyətinin rəsmi Bakını qane etdiyini söyləmək olduqca çətindir.

Əvvəla, Rusiya sülhməramlıları bölgədə öz mandatına uyğun olmayan işlər görür.

İkincisi, bölgədə müvəqqəti yerləşdiyini unutmuşcasına Xankəndidəki cinayətkar rejimin “sərhəd xidməti” kimi özünü aparır.

Üçüncüsü, Rusiya sülhməramlı kontingentinin əsgər və zabitlərinin korrupsiyaya qurşandığı, erməni qadınları ilə eyş-işrətə başladığı, hətta komandanlarının Azərbaycanın təbii sərvətlərinin talanmasında iştirak etməsi barədə mötəbər kütləvi informasiya vasitələrində xəbərlər dolaşır.

Bütün bunların qarşılığında Rusiya Müdafiə nazirliyi Azərbaycan Respublikasının toponimlərinin adını öz məlumatlarında təhrif etməkdən geri çəkilmir.

Bəs, buna səbəb nədir?

Doğrudanmı, Rusiya Müdafiə nazirliyi üçün ona Azərbaycan ərazilərindən göndərilən raportlarda qeyd olunan toponimlərdən istifadə etmək müşkül məsələdir?

Əlbəttə, yox!

Rusiya rəsmiləri Qarabağın Azərbaycan ərazisi olmasını ən yüksək səviyyədə dilə gətirmiş olsalar da, sülhməramlı kontingentin bölgədən çıxmaması üçün olduqca primitiv variantlara əl atır.

Çirkli pullar milyarderi Ruben Vardanyanı xüsusi təlimatla Xankəndiyə göndərir, Xankəndidəki cinayətkar çətənin liderlərinin həbsinə mane olur və bununla beynəlxalq hüquq normalarını tapdalayır, rəsmi Bakıya və İrəvana Qarabağın statusunun müəyyənləşməsini gələcəyə saxlamağı tövsiyyə edir, Nikol Paşinyanı sülh müqaviləsi imzalamağa qoymur!..

Üstəlik, Üçtərəfli Bəyanata əsasən, Zəngəzur dəhlizi də çoxdan açılmalı, Rusiya Ermənistan ərazisində hərəkətin təhlükəsizliyinə nəzarət etməli idi. Görünür Ukraynada güc itirmiş Kreml erməni revanşizminə əl verməyən məsələlərdə Nikol Paşinyana belə söz keçirə bilmir. Ermənistan siyasi hakimiyyətinə təsir rıçaqlarını itirmiş Rusiya Xankəndidəki cinayətkar çətəni öz çətiri altına almaqla həm Bakıya, həm də İrəvana təzyiq göstərməyə çalışır.

Fəqət Üçtərəfli Bəyanatda bu günə qədər üzərində dayanılmamış bir məsələ də var.

Bəyanatın 7-ci bəndində deyilir:

“Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”.

Zənnimcə, artıq vaxtdır ki, rəsmi Bakı keçmiş DQMV-nin ərazilərindən məcburi köçkün düşmüş azərbaycanlıların qayıdışının, daha doğrusu, ləyaqətli qayıdışın təmin olunması üçün BMT qarşısında məsələ qaldırsın.

Bunun üçün aydın məsələdir ki, Xankəndidəki cinayətkar rejim ləğv olunmalı, Ermənistanın işğalçı ordusunun qalıqları bölgədən çıxarılmalı, həmçinin erməni mənşəli vətəndaşların reinteqrasiyası üçün proqramlar həyata keçirilməlidir.

Azərbaycan məhz bu məqsədlə erməni mənşəli vətəndaşlarına əl uzadır, lakin Rusiya, eləcə də İran və Fransa seperatizmə bəzən açıq, bəzən də dolayı dəstək verməklə prosesi əngəlləyir.

Odur ki, gəlin bir qədər zamanı qabaqlayaq və 2025-ci ilin mart-aprel aylarında yarana biləcək vəziyyəti təsəvvürümüzdə canlandıraq.

Xankəndidəki cinayətkar rejim mövcud olacaqsa və işğalçı Ermənistan ordusunun qalıqları o zamana qədər Azərbaycan torpaqlarından çıxmayacaqsa, heç şübhəsiz, rəsmi Bakı Rusiya sülhməramlılarının mandatını uzatmayacaq. Bu isə Üçtərəfli Bəyanatın tamamilə qüvvədən düşməsi deməkdir. Başqa sözlə, Azərbaycan Üçtərəfli Bəyanata əsasən təkcə Rusiya sülhməramlılarının bölgədə 5 illik fəaliyyətinə deyil, eyni zamanda, hərbi əməliyyatları dayandırmağa və Laçın dəhlizinin işləkliyinə də bu müddət ərzində söz verib. İndi 1990-cı illər deyil və alacağı yardımlardan asılı olmayaraq Ermənistanın yenidən Azərbaycan torpaqlarını işğal etməyə heç bir imkanı olmayacaq. Ancaq bölgədə yeni hərbi eskalasiya başlanana qədər mülki ermənilər Xankəndi və çevrəsindən qaçacaq, Laçın dəhlzinin bağlanması ilə mühasirəyə düşmüş işğalçı ordu qalıqları isə uzağı bir həftəyə darmadağın ediləcək.

Deməli, Ermənistanın sülh sazişi bağlamaqdan başqa çarəsi yoxdur.

Deməli, Rusiyanın, İranın, Fransanın Ermənistana müxtəlif vədlər verməklə sülh müqaviləsinin imzlanmasına əngəl olması perspektivsiz fəaliyyətdir.

Deməli, Azərbaycanın Xankəndi və çevrəsində suverenliyini həyata keçirməsi zamanın qaçılmaz şərtidir.

Taleh Şahsuvarlı