- Siyasi müzakirə
- 3 Noyabr 20:02
- 3 178
“Cənubi Qafqazda əməkdaşlığın bərpası dayanıqlı inkişafı təmin edə bilər” - Hikmət Babaoğlu
“Azərbaycan–Gürcüstan münasibətləri Cənubi Qafqazda nümunəvi əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Bu münasibətlər hər iki xalqın tarixi ənənələrinə, mövcud reallıqlara və coğrafi bütövlüyün diktə etdiyi qarşılıqlı maraqlara əsaslanır. Son 30 ildə Azərbaycan və Gürcüstan arasındakı əlaqələr regional əməkdaşlığın ən uğurlu platformalarından birinə çevrilib. Bu əməkdaşlıq təkcə iki ölkə üçün deyil, regiondakı digər aktorlar üçün də mühüm perspektivlər yaradıb və onlara iqtisadi dividendlər qazandırıb. Hazırda Cənubi Qafqaz coğrafiyası ümumilikdə iqtisadi inteqrasiya üçün yeni imkanlar təqdim edir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb. Görüşdə Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik və humanitar aspektləri müzakirə olunub, regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər dövlət başçıları səviyyəsində aparılan fəal siyasi dialoqun iki ölkə münasibətlərinin möhkəm əsasını təşkil etdiyini vurğulayıblar.
Deputatın sözlərinə görə, regionda və transregional səviyyədə əməkdaşlığın bərpası, həmçinin kommunikasiya xətlərinin aktivləşməsi bu imkanların reallaşmasına şərait yaradır.
"Əslində, bu imkanlar bir vaxtlar mövcud idi və indi onların yenidən canlanması müşahidə olunur. Coğrafi baxımdan Cənubi Qafqaz vahid bir məkan olduğu kimi, siyasi və iqtisadi baxımdan da Azərbaycan, Gürcüstan və Ermənistan əməkdaşlıq və kommunikativ inteqrasiya kontekstində vahid sistem kimi çıxış edə bilərlər. Bu isə daha səmərəli və dayanıqlı əməkdaşlıq üçün yeni perspektivlər açır. Bu mənada, Gürcüstan–Azərbaycan münasibətləri, gələcəkdə Ermənistan–Azərbaycan əlaqələri üçün də model rolunu oynaya bilər. Lakin bu modelin reallaşması üçün, təbii ki, Ermənistanın da özünü belə əməkdaşlığa hazır hiss etməsi vacibdir".
Rəfiqə Namazəliyeva,
AzNews.az