"Xarici agentlər haqqında qanun": niyə ABŞ-da olar, Gürcüstanda olmaz?

Gürcüstanda parlamentə təqdim olunan və birinci oxunuşdan sonra geri çəkilən "Xarici agentlər haqqında" qanun layihəsinin mətnini oxumamışam.

Odur ki, bu layihənin məzmunu barədə ayrıca danışa bilməyəcəm.

Ancaq bu cür qanun çox uzun illərdir ki, ABŞ-da mövcuddur və həm də praktiki işlək qanundur.

Anoloji qanun Avropa İttifaqının üzvü olan İtaliyada da var.

Bəs, bu qanun layihəsi Gürcüstanda niyə xüsusi olaraq etiraz doğurur?

Bəlli olduğu kimi, sovet sistemi 70 il boyunca "xarici agent" təbliğatı aparıb və bu təbliğatın streotipləri hələ də keçmiş SSRİ respublikalarında qalır. Məsələ burasındadır ki, "xarici agent" dedikdə ABŞ-da bir şey, post sovet ölkələrində başqa şey anlaşılır. Çünki post sovet ölkələrində xarici agent yarlıqdlr, başqa ölkələrin xüsusi xidmət orqanlarına işləyən casusdur, vətən xainidir. Bunu Venesiya Komissiyası Rusiyadakı analoji qanuna verdiyi rəydə də qeyd etmişdi. Ancaq ABŞ-da "xarici agent" və "reklam agenti" ifadələrinin məzmununda elə kəskin fərq yoxdur. Xarici agentlər haqqında qanun heç kimi və heç nəyi kriminallaşdırmır, əksinə leqallaşdırır.

Bu qanun ABŞ-da nəyi nəzərdə tutur?

Bu qanun okeanın o tayında onu nəzərdə tutur ki, sən ictimai, siyasi, siyasi konsaltinq və media fəaliyyəti ilə məşğulsansa və fəaliyyətin müqabilində xaricdən maliyyə almısansa, bu barədə ABŞ Ədliyyə nazirliyinin müvafiq bölməsinə müraciət etməli, gəlir açıqlaması verməli və xarici maliyyənin təsirində olan şəxs kimi qeydiyyatdan keçməlisən.

Qeydiyyat haqqında cəmiyyətə məlumat veriləcək.

Çünki obyektiv informasiya almaq hüququ olan ABŞ cəmiyyəti bilməlidir ki, sənin çıxışlarına hansı xarici dövlətin sərmayəsi təsir edir.

Əgər bu məlumatı özün verməsən və ya yalan məlumat versən səni məhkəmə və cəza gözləyir.

İndi fərz edək ki, Gürcüstanda bu qanun qəbul olunardı.

İlk növbədə Qərbdən qrant alan şəbəkənin üzvləri reyestrə alınacaq və qrant korrupsiyaları üzə çıxacaqdı.

Dava da elə bunun davasıdır.

ABŞ Gürcüstana deyir ki, siz mənə fikir verməyin, böyük dövlətəm, milli maraqlarımı qoruya bilərəm, ancaq Gürcüstana ötürdüyüm pullar Gürcüstanın milli maraqlarına deyil, mənim siyasətimə xərclənə bilər və rəsmi qurumlar mənim şəbəkəmi kontrol altına ala bilməz.

Hətta ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays açıq şəkildə bildirir ki, bu qanunu, diqqət edin, özlərində olan qanunu Gürcüstan qəbul etsə, ABŞ bu ölkə ilə münasibətlərinə yenidən baxacaq.

Odur ki, qanunun geri çəkilməsi Gürcüstanda demokratiyanın qələbəsi yox, milli dövlət maraqlarının məğlubiyyətidir.

Bunu Gürcüstanda vətəndaş cəmiyyətinin ağlı başında olan liderləri də vurğulayır.

Onlar əsasən iki məsələni qabardır.

1. Gürcüstanın vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı aydın strategiyası yoxdur;

2. Gürcüstanın milli təhlükəsizlik konsepsiyası yeni reallıqlara adekvat deyil.

Bəs, belə bir qanun bizdə qəbul olunsa, necə?

Bircə misal deyəcəm.

Rusiyanın "Sputnik" informasiya agentliyi xarici maliyyə ilə çalışdığı üçün Azərbaycandakı əməkdaşları "xarici agent", yəni xarici maliyyədən aslı şəxs kimi qeydə alınacaqdı.

Eləcə də digər ölkələrin cibində olanlar!

Vəssəlam!

Taleh ŞAHSUVARLI