Üçtərəfli Bəyanatın icra olunmamış bəndi və "pacta sunt servanda" qaydası

ÜÇTƏRƏFLİ BƏYANAT dövlətlərarası müqavilə idi.

Bizim 2017-ci ildə qoşulduğumuz "Müqavilələr hüququ haqqında" 23 may 1969-cu il Vyana Konvensiyasının 2-ci maddəsində deyilir:

"Müqavilə” dedikdə dövlətlər arasında yazılı formada bağlanılan və beynəlxalq hüquqla tənzimlənən, bir sənəddə və ya öz arasında əlaqəli olan iki və ya daha çox sənəddə əks olunmasından və konkret adından asılı olmayaraq beynəlxalq razılaşma başa düşülür.

Bu müqavilə imzalanma ilə qüvvəyə mindiyindən Azərbaycan parlamentində ratifikasiya olunmadı. Bu, sözügedən konvensiyaya uyğun olmaqla bərabər, müqavilənin qüvvəyə minməsi barədə razırlaşmadan və dövlətlərin üzərinə götürdüyü məcburedici öhdəliklər üçün konkret qrafik müəyyən edilməsindən irəli gəlirdi.

Üçtərəfli Bəyanat öz məzmununa görə, Ermənistanın kapitulyasiya aktı idi. Bu akta əsasən tərəflər üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirib. Daha dəqiq desək, Bəyanatdakı 9 bənddən 7-i üzrə öhdəliklər icra olunub, öhdəliklər icra olunduğu üçün 4-cü bənd- RSK-nın Qarabağda qalma müddəti ilə bağlı razılaşma öz əhəmiyyətini itirib. Bu səbəbdən də RSK vaxtından əvvəl ölkəmizi tərk edir.

Fəqət bütün bunlar Üçtərəfli Bəyanata xitam verilməsi anlamına gəlmir. Çünki 9-cu bənd hələ icra olunmayıb.

Bu bənddə deyilirdi:

"Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək".

Beynəlxalq hüququn əsas qaydalarından biri "pacta sunt servanda", yəni əhdə vəfadır. Sadə dildə bu qayda onu nəzərdə tutur ki, öhdəlik mütləq icra olunmalıdır.

Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini biz "Zəngəzur dəhlizi" adlandırırıq.

"Zəngəzur dəhliz"i ifadəsi beynəlxalq müqavilələr baxımından artıq hüquqi termindir. 15 iyun 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsində yazılır:

"Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər".

Beləliklə, indi bizim müzakirə etməli olduğumuz əsas məsələ Zəngəzur dəhlizidir!

Delimitasiya və demarkasiya prosesi ilə bağlı cəmiyyətimizi narahat edən və ya narahat etməli olan heç bir məsələ yoxdur. Bu məsələ ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ADA universitetində keçirilən son forumda geniş, əhatəli və tutarlı açıqlamalar verib. Azərbaycan bu müstəvidə heç bir məsələnin müzakirəsindən çəkinmir.

Odur ki, süni gündəm yaratmağa ehtiyac yoxdur!

Hər kəs bilməlidir ki, Azərbaycan Respublikasının ərazisi DÖVLƏTə deyil, XALQa məxsusdur. Odur ki, anklavların dəyişdirilməsi ilə bağlı Nikol Paşinyanın səsləndirdiyi təkliflərlə bağlı Azərbaycanda ancaq referendum vasitəsi ilə xalq qərar verə bilər.

Konstitusiyamızın 11.3 maddəsinə baxaq:

"Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir; yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər".

Sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn 10 universal prinsipindən biri olmaqla, jus cogens-dir. Yəni imperativdir və heç bir dövlətin ondan geri çəkilməyə və ya onu pozmağa ixtiyarı yoxdur. Ancaq Azərbaycan və Ermənistan arasında sərhəd yoxdur. Ona görə də bu prinsip sərhədlər müəyyən olunduqdan sonra işə düşəcək. Bu səbəbdən də hazırda daha çox aktual olan başqa bir jus cogens prinsip olan "dövlətlərin ərazi bütövlüyü" prinsipindən çıxış olunur. Azərbaycan və Ermənistan Praqa danışıqlarına əsasən bir-birlərinin ərazi bütövlüyünü tanıyıb və hər iki tərəf Almatı Bəyannaməsinə istinad etməklə Uti possidetis prinsipini qəbul edib.

Uti possidetis müstəqil beynəlxalq hüquqi prinsip olmamaqla birgə, yeni müstəqil dövlətlərin elan edilməsi anında müstəmləkə vəziyyətindəki son sərhədlərinə malik olmalı olduğunu ehtiva edir. Fəqət beynəlxalq təcrübə təsdir edir ki, xalqlar və onların əraziləri müstəmləkə altında olduğu dövrdə inzibati sərhədlər bəzən elə müəyyən olunur ki, məsələn, bir kənd, bir qəbilə və s. iki fərqli dövlətin ərazisinə düşür. Bununla bağlı beynəlxalq məhkəmələrdə konkret işlərə də baxılıb. Ona görə də dövlətlər ümumi planda bu prinsipə əsaslansalar da, spesfik vəziyyətə uyğun olaraq öz aralarında razılaşmaqla sərhədlər müəyyən edə bilərlər. Azərbaycan elə bu səbəbdən də dəfələrlə bəyan edib ki, delimitasiya və demarkasiya prosesində müxtəlif xəritələr əsas götürüləcək.

Taleh ŞAHSUVARLI