Göy qurşağına yeni naxış çəkən...

Ayşən Mehdiyeva haqqında uzun yazmayacam. Bir insan haqqında, ya bir hadisə barədə adam iki halda geniş yazmaqda çətinlik çəkir: bir, yazmağa heç nə olmayanda, bir də yazmağa çox şey olanda.

Üçüncü bir səbəb də var: insan sənəti və şəxsiyyəti ilə özü haqda çox şeyi, ya da elə hər şeyi deyirsə, sənə az söz qalır, yaxud heç nə qalmır. Ayşən qızım öz sənətinin sehrli dili və şəxsiyyətinin ecazkar estetikası ilə, insani məziyyətləri və səhnə mədəniyəti ilə, demək olar, hər şeyi deyib. Mənə çox az söz qalıb. Başqa sözlə, sənətdə öz sözünü deyib. Həm də belə cavan yaşında.

Talantlı səs sənətçisi sinə səsi ilə oxuyur. Amma hamı ürəkdən oxumur. Hamı tamaşaçının, dinləyicinin ürəyini oxuya bilmir. Boğaz səsi ilə, hətta burun səsi ilə oxuyanlar var. Bir də ən pisi: sözün məcazi mənasında da boğazdan yuxarı oxuyanlar var. Ayşən qızım ürəyimizi oxuyur, ürəkdən oxuyur. Mən, məsələn, yeni nəsil səs sənətçilərindən Mirələm Mirələmovu, Qoçaq Əsgərovu, Çilənay Hüseynovanı, Ehtiram Hüseynovu, Çinarə Məlikzadəni... dinləyəndə də eyni hissləri keçirmişəm. Hamısını sadalasam, uzun çıxacaq bu yazı. Amma Ayşen Mehdiyevanın özünəməxsus bir məziyyəti də var.

Bilirsiniz, hamının eşitdiyini dinlətmək asandır. Artıq lazım gələndə kimdənsə bəhrələnə də bilirsən, çətinə düşəndə kimisə yamsılaya da bilirsən (sözün hər mənasında). Ancaq hamının, ya da hətta heç kəsin eşitmədiyini oxumaq və dinlətmək əsl sənət hünəridir. Ayşən Mehdiyeva xeyli oxunmamış, az oxunmuş, bəlkə də çoxdan unudulmuş mahnıları tapıb, oxunmamış nəğmələr, söylənməmiş sözlər, dinləmədiyimiz avazlar, boğazlar, xırdalıqlar gətirib sənət dünyamıza.. Bunlar asan deyil.

...Yaz yağışından sonra göy qurşağında bir neçə rəng olur. Və sən göy üzünə qalxıb o rənglərə yenilərini - heç kimin hələ görmədiyi rənglərlə təzə naxışlar çəkirsən və o göy qurşağına baxan uşaqları daha da sevindirirsən. Bax, o, əsl sənətdir. Bu uşaqlar həmişəki rənglərə də sevinirdi. Amma yeni çalarlara, yeni naxışlara bir başqa sevinir. Ayşənin sənəti, bax, bu bənzərsiz sevinci gətirir bizə. Bu təkrarsız hissi yaşadır tamaşaçıya,dinləyiciyə. Və izləyiciyə.
İzləyicini xüsusi vurğulamağımın səbəbi var; indi sənət əsərinə, sənət adamına da tamaşaçının, dinləyicinin anında əli də çatır, ünü də yetir. Yeni informasiya-kommunikasiya texnologiyaları sayəsində interaktivlik görünməmiş ölçüdə artıb. Bir səs sənətçisinin də oxuduğu musiqi parçasına tamaşaçı, dinləyici dərhal reaksiya verir, sosial mediada paylaşır. Sosial şəbəkələr sənət heyranının yeni tipini formalaşdırıb. O, dönüb izləyici olub. Təkcə oturub baxmaq, yaxud dinləmək mənasında deyil, izləmək - tənqidi təfəkkürlə yanaşmaü mənasında. Xoşuna gələcəksə də,gəlməyəcəksə də, anında fikrini bildirəcək. Çox bəyənəcəksə, paylaşacaq, başqalarına da izlədəcək. Bu günün tamaşaçısı, dinləyici həm də diqqətli izləyici və izlədicidir. Bu, sənətə, sənət adamına yeni imkanlar da açır, yeni sınaqlar da. Bu imkanlardan yararlanıb bu sınaqlardan keçmək asan deyil; əsl sənət fəzilətidir. Ayşən Mehdiyeva bunu bacarıb və əminəm, bundan sonra da həmişə bacaracaq.
Bu gün gözəl sənətkar qızımızın ad günüdür; daha bir yaş gəncləşdi. Bir daha təbrik edirəm. Səsiniz daha geniş suditoriyalara çatsın, daha yüksək səhnələrdən eşidilsin! Həyatınızda və yaradıcılığınızda daha böyük, həmişəki kimi təkrarsız uğurlar arzulayıram.

Bayaqkı kimi, obrazlı desəm: göy qurşağına baxan uşaqlara bənzərsiz sevinc bəxş edin. O cümlədən, mənim kimi, sənət aşiqi olan "saqqallı uşaq"lara...