Siyasi şərhçi: “Azərbaycan Moskvanın avantürist yanaşmalarına YOX deyir”

“Təbii ki, rəsmi Bakının Azərbaycan-Rusiya münasibətlərində yaranmış qarşıdurma fonunda prinsipial mövqe sərgiləməsi olduqca vacib və əhəmiyyətli məqamdır. Çünki Azərbaycanla Rusiya arasında həllini gözləyən ciddi problemlər mövcuddur və Azərbaycan bu problemlərin aradan qaldırılmasını istəyir. Artıq Moskva da anlayır ki, yaranmış qarşıdurma Bakıya ciddi təsir göstərmir. Azərbaycan təzyiqlərə qarşı dayanıqlı mövqe nümayiş etdirir və Rusiyanın təzyiq mexanizmləri olduqca məhduddur. Bu səbəbdən Kremlin münasibətləri normallaşdırmaq cəhdləri müşahidə olunur. Qeyri-rəsmi məlumatlara görə, bu məqsədlə Rusiya Prezidenti Vladimir Putinin nümayəndəsi, fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycana səfər edərək gərginliyi azaltmağa çalışıb”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.

Xatırladaq ki, Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkovun Bakıya səfəri nəticəsiz başa çatıb. Rusiya teleqram kanallarının yazdığına görə, Kurenkov Moskvaya “əliboş” qayıdıb və Kremlin gözləntilərini doğrulda bilməyib. Məlumata əsasən, Bakı AZAL təyyarəsinin vurulması faktının Rusiya tərəfindən rəsmi şəkildə tanınmasında israr edir, lakin Kreml bu tələbi rədd edib. Eyni zamanda, azərbaycanlı məhkəmə orqanları rusiyalı jurnalistlərin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətləri təmin etməyib. Bildirilir ki, Kurenkovun Prezident İlham Əliyevlə nəzərdə tutulan qeyri-rəsmi görüşü də baş tutmayıb.

Siyasi şərhçi qeyd edib ki, Rusiya qarşıdurmanın həlli məsələsində hələ də düzgün yanaşma sərgiləmir.

“Moskva münasibətləri normallaşdırmaq istədiyini bildirsə də, problemin kökünə – yəni Azərbaycanın sərnişin təyyarəsinin vurulması hadisəsinə – toxunmaqdan çəkinir. Halbuki münasibətlərin bərpası üçün ilk növbədə Rusiya bu hadisəyə görə məsuliyyəti qəbul etməli, rəsmi şəkildə üzr istəməli və dəymiş ziyanı kompensasiya etməlidir. Beynəlxalq hüquq və təcrübə də bunu tələb edir. Təəssüf ki, Rusiya bu addımı atmaqdan yayınır. Bu isə onun normallaşma təkliflərinin səmimiyyətinə şübhə yaradır. Əgər Rusiya doğrudan da sağlam və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq istəyirsə, ilk növbədə öz məsuliyyətini etiraf etməlidir. Əks halda, hər dəfə problem yaradıb sonra münasibətləri normallaşdırmaq cəhdləri absurddur və nəticəsiz qalacaq. Rəsmi Bakı bu məsələdə prinsipial və haqlı mövqe sərgiləyir. Azərbaycan açıq şəkildə bildirir ki, bu kimi avantürist yanaşmalarla gələcək münasibətlər mümkün deyil. İrəlidə baş verəcək proseslər isə göstərir ki, münasibətlər hələlik pozitiv istiqamətdə inkişaf etmir. Böyük ehtimalla Rusiya məhdud imkanlarla Azərbaycana təzyiq göstərməyə cəhd edə bilər. Lakin bu da uğursuz strategiyadır, çünki Azərbaycan artıq sübut edib ki, heç bir təzyiqə boyun əymir. Əgər Rusiya bu mövcud təzyiq siyasətini davam etdirərsə, münasibətlər daha da gərginləşə bilər. Yalnız o halda ki, Moskva öz məsuliyyətini qəbul edər və problemə obyektiv yanaşar, iki ölkə arasında münasibətlərin normallaşmasından danışmaq mümkün olar. Əks təqdirdə, səmimi və sağlam əlaqələrin qurulması real görünmür”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az