- Siyasi müzakirə
- 16:43
- 2 533
“Xarici döyüşçülər qanunu Rusiyanın zəifliyini ortaya qoyur” -Siyasi şərhçi

“Məsələ ondadır ki, Şimali Koreyadan əsgər gətirmək və ya kimisə orduya cəlb etmək elə-belə baş verən bir proses deyil. Bu, sadəcə mümkün deyil. Ora qapalı bir ölkədir. Oranın vətəndaşları öz dövlətlərinin icazəsi və tapşırığı olmadan heç bir xarici ölkənin ordusunda bir addım belə ata bilməzlər. Yəni onların belə bir seçimi yoxdur. Rusiyanın bu qanunu qəbul etməsi, yəni miqrantları orduya çağırmağa başlaması, onun çətin vəziyyətdə olduğunu göstərir. Rusiya uyğun hesablamalar aparmadan Ukraynaya təcavüz etdi. Xatırlayırıq ki, guya üç günə Kiyevi işğal edib, prezidentini dəyişəcəkdi”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
Xatırladaq ki, yeni qanunla Rusiya vətəndaşı olmayanların orduya cəlb olunmasına icazə verilməsi beynəlxalq arenada böyük diqqət çəkir. Bu dəyişiklik Moskvanın xarici döyüşçülərə, xüsusilə də Şimali Koreya kimi müttəfiqlərdən gələcək əsgərlərə qapı açmaq istəyi kimi qiymətləndirilir. Ekspertlər bu addımı Putinin uzunmüddətli müharibəyə hazırlıq planı və insan resursu çatışmazlığını aradan qaldırmaq cəhdi kimi izah edirlər.
Siyasi şərhçi bildirib ki. Amma üç ildən çoxdur ki, Rusiya Ukrayna bataqlığında ilişib qalıb və hərəkət edə bilmir.
“Üstəlik, insan resursları tükənib, iqtisadi imkanları zəifləyib, dünya Rusiyanı küncə sıxışdırıb. İndi isə vəziyyətdən çıxış yolu kimi, xarici vətəndaşları, migrantları orduya cəlb etməyə çalışır. Bu, əslində Rusiyanın insan resurslarının tükəndiyini göstərir. İndi Rusiya vəziyyətdən çıxmaq üçün bu addımı atır. Bu vəziyyət şəxsən bizi narahat etmir. Çünki Rusiya nə qədər zəifləyərsə, nə qədər çox çətinliklə üzləşərsə, dünyanın ondan qurtuluşu da bir o qədər yaxınlaşmış olar. Əlbəttə, Rusiyanın qonşusu olan Azərbaycanın da başı salamat olar. Eyni zamanda digər türk dövlətlərinin də vəziyyəti yaxşılaşacaq, müstəqillikləri möhkəmlənəcək, Rusiyanın müdaxilə imkanları isə sıfırlanacaq. Bu müharibə nə qədər uzun çəkərsə, Rusiya nə qədər zəifləyərsə, bu, bizim xeyrimizədir. İndi isə xarici vətəndaşların, migrantların orduya cəlb edilməsi ilə bağlı qanun qəbul edilməsi göstərir ki, Rusiya artıq öz resurslarını xərcləyib qurtarıb və əlavə dəstəyə ehtiyacı yaranıb”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az