Şərqşünaslıq fakültəsində magistratura problemi. Professor Aidə Qasımova ilə müsahibə

Bakı Dövlət Universitetinin tanınmış professoru, ərəbşünas alim Aidə Qasımovanın sosial şəbəkədəki paylaşımı geniş ictimai rezonansa səbəb olub. Alim bildirib ki, bu il ərəb ədəbiyyatı üzrə magistratura proqramı üçün yer ayrılmayıb. Halbuki fars və türk ədəbiyyatları üzrə magistratura proqramları davam etdirilir. Aidə Qasımova bu qərarın qeyri-obyektiv olduğunu və tələbələrin gələcək planlarına ciddi zərbə vurduğunu qeyd edib.

AzNews.az bu məsələ ilə bağlı Aida Qasımova ilə söhbət edib. O, mövzu ilə bağlı narahatlıqlarını və fikirlərini əməkdaşımızla bölüşüb. Müsahibəni təqdim edirik:

– Aidə xanım, sosial şəbəkədəki paylaşımınız böyük rezonans doğurdu. Nə baş verir?

- Dövlət İmtahan Mərkəzində ərəb ədəbiyyatı ixtisasının olmadığını mənə tələbələr dedi. Magistraturada fars və türk ədəbiyyatlarına yer ayrıldığı halda, ərəb ədəbiyyatına yer verilməyib. Dərhal Facebook-da paylaşdım. Çünki bu, böyük bir fənnə qarşı açıq-aşkar düşmənçilikdir.

– Sizcə, ərəb ədəbiyyatına qarşı bu münasibətin kökündə nə dayanır?

- Statusumda da qeyd etdiyim kimi, bu düşmənçiliyin səbəbini başa düşə bilmirəm. Neçə illərdir fakültədə ərəb ədəbiyyatı üzrə doktoranturaya da yer ayrılmır. Bu il ərəb ədəbiyyatı üzrə magistratura artıq bağlanmaq səviyyəsinə gəlib çatdı. Kim edir bunu? Məqsəd nədir? Niyə fars və türk ədəbiyyatlarına yer verilir, amma ərəb ədəbiyyatına yox? Fakültədən deyirlər ki, biz yer istəyirik, Dövlət İmtahan Mərkəzi vermir. Yaxşı, necə olur ki, türk və fars ədəbiyyatlarına yer ayrılır, amma ərəb ədəbiyyatına yox? Bir daha soruşuram: bu, cılız insan qısqanclığıdırmı, yoxsa iyrənc bir siyasət? Bu gün tələbəm DİM-də olub, ona deyiblər ki, fakültədən ərəb ədəbiyyatı üzrə magistraturaya yer istənilməyib. Halbuki mən kafedradan belə bir sənədin təqdim olunmasını dəqiq bilirəm, deməli, DİM rəsmisinə inansaq, nə olubsa, dekanlıqda olub.

– Sizcə, bu münasibət birbaşa sizə qarşı yönəlib?

- Yox, bu, şəxsən mənə qarşı deyil. Fakültədə məndən başqa da ərəb ədəbiyyatçıları var. Altı nəfərik. Doğrudur, AAK daha əvvəl bir dissertantımın işini çətinləşdirmişdi, amma o məsələdə də anlaşılmazlıq olduğunu düşünürəm. Mən Azərbaycan daxilində titul, vəzifə gözləyən biri deyiləm. Normalda vəzifə iddiaları olmayan kadrlara pislik edilmir. Məncə, burada məqsədli qərəz yox, sadəcə naşılıq və ya texniki xəta var. Siyasi səbəb də ola bilməz, çünki ərəb ölkələri ilə Azərbaycan arasında həmişə yaxın və dost münasibətlər olub. Digər tərəfdən, bu fənnin görkəmli ərəbşünas alimlərin adı ilə bağlılığını da unutmayaq.

– Bəs tələbələr bu qərara necə reaksiya verdilər?

- Nə edə bilərlər ki… Biri dedi ki, ərəb ədəbiyyatı olmadığını görüb tərcümə ixtisasını seçib. Digərləri isə DİM-ə müraciət edəcəklərini, yer tələb edəcəklərini söylədilər. Bir az əvvəl bir tələbə əlaqə saxlayıb bildirdi ki, DİM-də ona fakültədən gələn sənəddə fars və türk ədəbiyyatları olduğunu, ərəb ədəbiyyatına yer istənilmədiyini deyiblər.

– Şərqşünaslıq fakültəsinin hazırkı durumuna görə Təhsil Nazirliyi məsuliyyət daşıyırmı?

- Bəli, əsas məsuliyyət Təhsil Nazirliyinin üzərindədir. Şərqşünaslıq fakültəsi hər zaman elitar fakültə olub. Az tələbə sayı ilə, amma yüksək keyfiyyətli təhsil ilə seçilib. Sovet dövründə şərqşünaslığımız həm ittifaq, həm beynəlxalq miqyasda güclü elmi potensiala malik idi. Ziya Bünyadov, Aida İmanquliyeva, Malik Mahmudov, Zahid Hüseynov, Malik Qarayev, Ələsgər müəllim- bu görkəmli alimlər ərəbşünaslığımızın fəxrləridirlər.

- Bəs, hazırda vəziyyət necədir?

- Şərqşünaslıq fakültəsinin filoloq ixtisası regionşünaslığa - ikinci qrupa çevrilib. Proqramlar dəyişmədi, amma abituriyent kütləsi tam dəyişdi. Əvvəl bir qrupda 5-6 nəfər oxuyurdusa, sonralar bu rəqəm 25-ə qalxdı və keçid balı 200-ə endi. Tələbələrin çoxu humanitar elmlərə maraqlı deyildi. Bu, təhsilin keyfiyyətinə ciddi zərbə vurdu.

– Hazırda şərqşünas-filoloq ixtisası varmı?

- Təxminən 8 il əvvəl bu ixtisas yenidən yaradıldı. Onun bərpası ilə bağlı təşəbbüsü mən göstərdim. Mətbuatda yazdım, Prezident Administrasiyasında oldum. Filoloq ixtisası yenidən tədris olundu, amma “bərpa” yox, “bərbad” oldu. Ərəb dili dərslərinin saatı əvvəllər həftədə 10 saat idisə, indi 4 saata endirilib. Nəticədə, ərəb dilini bilmədən fakültəni bitirən məzunlar “istehsal olunmağa” başlandı.

– Bu kimin ideyasıdır? Axı ərəb dili dünyanın ən çətin dillərindən biridir…

- Bəlkə də Təhsil Nazirliyi Azərbaycan dili və ədəbiyyatı proqramını kor-koranə şərqşünaslığa tətbiq edib. Xarici dil olan ərəb dili üçün 4 saat, əlavə şərq dili kimi fars dili üçün isə 6 saat ayrılıb. Bu da göstərir ki, ixtisasın təbiəti nəzərə alınmayıb. Təəssüf ki, bu məsələyə illər boyu fakültə rəhbərliyi də ciddi reaksiya vermədi. Ancaq son illər rektorluğun da səyi ilə aşağı kurslarda dərs saatları artırılıb.

– Təhsildəki bu vəziyyətin əsas səbəbi nədir?

- Nazirlik uzun illərdir professor-müəllim heyəti ilə məsləhətləşmədən qərarlar qəbul edir. Lazımsız proqramlar sanki radiasiya yağışı kimi başımıza yağır. Həftədə 2 saat dərs alan, əlifbanı belə düz-əməlli bilməyən tələbəyə olduqca çətin fənlər tədris edilir. Halbuki dil və onun 4 komponenti – oxumaq, yazmaq, dinləyib anlamaq və danışmaq prioritet olmalıdır. 30 ildir fakültə yerində sayır.

– Bəs çıxış yolunu nədə görürsünüz?

- Özbəkistandakı kimi böyük bir Şərqşünaslıq İnstitutunun yaradılmasında. Burada AMEA-nın Şərqşünaslıq, Əlyazmalar İnstitutları və universitetlərin şərqşünaslıq fakültələri birləşməli, elm və tədris bir araya gəlib ciddi nailiyyətlərə imza atmalıdır. Plagiata və rüşvətə yol verilməyən, xarici əlaqələri olan, savadlı kadrlara diqqət göstərən ciddi bir qurum olmalıdır. Elə bir rəhbər, elə bir kollektiv olmalıdır ki, lazım gələndə Təhsil Nazirliyi və DİM ilə də mübahisə edə bilsin.Bu işdə üstünlük gənclərə verilməlidir.

– Sonda özünüz haqqında da məlumat verməyinizi istərdik.

- Mən Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı olmuş Xuraman Abbasovanın qızıyam. 1989-cu ildə Moskvada ərəb ədəbiyyatı üzrə namizədlik, 2001-ci ildə isə Azərbaycan ədəbiyyatı üzrə doktorluq dissertasiyası müdafiə etmişəm. Ərəb filologiyası kafedrasının professoruyam. Dörd dəfə beynəlxalq qrant proqramlarının qalibi olmuşam. Duke, Kaliforniya Dövlət, Oksford Universitetlərində elmi-tədqiqatçı kimi çalışmışam. Şərqşünaslıq üzrə dünyanın nüfuzlu jurnallarında məqalələrim dərc olunub. SCOPUS-da H-indeksim 3-dür – bu, humanitar sahədə Azərbaycanda ən yüksək göstəricidir. Gündə 15 saat işlədiyim günlər olub. Əsas məqsədim isə Azərbaycan klassik poeziyasının görkəmli simalarını məhz Azərbaycan şairi kimi Qərbdə və dünyada tanıdılmasıdır.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az