Rəsmi qəzetlər MMC formatında yenidən qurulur: Yeni hüquqi model, yeni çağırışlar - ŞƏRH

Azərbaycanın ən köklü və rəsmi nəşrləri olan “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” struktur dəyişikliyinə məruz qaldı. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, bu qəzetlər hüquqi baxımdan yenidən təşkil olunurlar və vahid müəssisə kimi bundan sonra Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) formatında fəaliyyət göstərəcəklər. “Respublika” və “Xalq” qəzetlərinin birləşdirilməsi yolu ilə “Xalq” qəzetinin redaksiyası MMC, “Bakinski raboçi” isə müstəqil hüquqi şəxs kimi yenidən qurulur.

Bu fərman təkcə müəssisələrin yenidən təşkili deyil, eyni zamanda Azərbaycan mediasının gələcək konturlarına dair strateji ipucu verir.

Bəs bu nəşrlər yeni struktur çərçivəsində dövrün informasiya və media trendlərinə necə uyğunlaşacaq?

Bu çevrilmə onların mövcudluq formasını və funksional rolunu necə dəyişəcək?

Dünyada çap mediası çoxdan yaşamaq uğrunda mübarizə aparır. Azərbaycan da bu prosesdən kənarda deyil. İctimaiyyətin informasiya tələbi sosial media, xəbər portalları və Süni İntellekt əsaslı kontent axınları ilə doyurulur. Ənənəvi qəzetlər isə, bu dəyişikliklərə ya reaktiv şəkildə cavab verir, ya da tamamilə prosesdən kənarda qalırlar.

MMC modelinə keçid bu qəzetlər üçün rəqəmsal transformasiyaya baza yaradır. MMC olaraq fəaliyyət göstərmək, redaksiyaların öz daxili texnologiya infrastrukturlarını qurması, sosial media, mobil tətbiq və interaktiv platformalarla əlaqəli strateji əməkdaşlıqlar yaratması üçün daha uyğun idarəetmə çevikliyi verir. Əgər bu potensial reallaşdırılsa, yeni formatda fəaliyyət göstərən qəzetlər bütövlükdə medianın rəqəmsal inkişafına töhfə verə bilərlər.

Əvvəllər "dövlət mətbu orqanı" kimi fəaliyyət göstərən redaksiyaların inzibati yükü böyük olurdu: kadr təyinatları, maliyyə xərcləri və texniki qərarlar bürokratik prosedurlardan asılı idi. MMC modelinə keçid bu qəzetlərə redaksiya idarəçiliyində muxtariyyət və təşəbbüskarlıq imkanları yaradır. Yeni dövrün mediası isə, məhz bu bacarıqlarla fərqlənir: sürətli qərarvermə, yaradıcı yanaşma və çevik reaksiya.

Əgər yeni strukturda bu qəzetlər peşəkar media standartlarını gücləndirə bilsə, onların ictimai rəy formalaşdırma imkanları da yüksələcək. Buna ciddi təlabat var ona görə ki, Azərbaycanda oxucu auditoriyası sürətlə gəncləşir və siyasi-informasiya istehlakında əvvəlki nəsillərlə müqayisədə fərqli davranışlar göstərir. “Xalq” və “Respublika” qəzetlərinin uzun illərdir davam edən eyni ideoloji çərçivədə və bənzər kontentlə çıxması onların bu dəyişən auditoriya ilə ünsiyyət qurmaq imkanlarını məhdudlaşdırırdı. İndi MMC modeli onlara kontent siyasətini fərdiləşdirmək, yaş qruplarına, maraq dairələrinə, informasiya platformalarına uyğunlaşdırmaq fürsəti yaradır. Burada məsələ təkcə "yazı üslubunu" dəyişmək deyil, mənbə strukturlarının, mövzu spektrinin, analitik dərinliyin və təqdimat formasının dəyişməsidir. İndi bu birləşmə onların resurslarını mərkəzləşdirmək, paralel funksiyaları aradan qaldırmaq və daha güclü kontent yaratmaq üçün fürsət ola bilər. Yəni, məqsəd yalnız qənaət deyil, həm də kontent keyfiyyətinin artırılması olmalıdır.

Bəli, rəsmi qəzetlərin MMC formasında yenidən təşkili onların daha çevik, müasir və nəticəyönümlü media subyektlərinə çevrilməsi üçün fürsətdir. Lakin yeni status sadəcə “ad dəyişikliyi” ilə yadda qalmamalıdır. Əgər bu transformasiya ciddi və məqsədyönlü şəkildə aparılarsa, Azərbaycan media məkanında rəsmi medianın rəqabətə davamlı, peşəkar və ictimai etimadlı resurslar kimi qalması mümkündür. Bu isə təkcə qəzetlərin deyil, informasiya təhlükəsizliyinin, milli ideoloji davamlılığın və ictimai dialoqun taleyi baxımından da mühüm məsələdir.

Zeynal ABDİN,
AzNews.az