"İtkilər iki milyona çatsa da, Kreml geri çəkilməyəcək" – siyasi şərhçi

“Üç ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsində Rusiyanın insan itkiləri bir milyonu keçib. Bu rəqəmə həm ölən, həm də yaralanan hərbçilər daxildir. İtkiyə məruz qalanların mütləq əksəriyyətinin gənclər olduğunu nəzərə alsaq, bu müharibənin Rusiyanın genofonduna necə ağır zərbə vurduğunu təsəvvür etmək çətin deyil. Lakin görünən odur ki, Rusiya hakimiyyəti üçün insan həyatının heç bir dəyəri yoxdur. Son illərin hadisələri bunu tam aydın şəkildə göstərir. Elə bu səbəbdən itkilər iki milyona da çatsa, Putin işğal planlarından geri çəkilməyəcək”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov deyib.

Xatırladaq ki, Rusiya ordusu son altı ayda Ukraynada ağır itkilər verib. ABŞ Dövlət Katibi Marko Rubionun açıqlamasına görə, bu dövrdə 100 min rus əsgəri həlak olub. Bu rəqəm müharibənin şiddətini və hərbi toqquşmaların miqyasını aydın şəkildə göstərir. Hər bir əsgərin itkisi təkcə orduya deyil, bütöv cəmiyyətə təsir edir. Ekspertlər hesab edir ki, bu qədər itki rus ordusunun uzunmüddətli döyüş qabiliyyətini zəiflədə, nəticədə müharibənin siyasi və strateji gedişinə təsir göstərə bilər.

Siyasi şərhçi bildirib ki, ABŞ-ın planlaşdırdığı yeni sanksiyalar Rusiya iqtisadiyyatına ağır zərbə vura bilər və bu, onsuz da çətin şəraitdə yaşayan əhalinin durumunu daha da pisləşdirəcək.

“Lakin görünür, bu da Putini dayandırmaq üçün kifayət etmir. Çünki onun qarşısına qoyduğu əsas hədəf var: Krım və daha dörd vilayət Rusiyanın nəzarətinə keçməli, daha sonra isə Rusiya ərazisi kimi tanınmalıdır. Bu ərazilərin ümumi sahəsi 135 min kvadrat kilometr təşkil edir. Hazırda Rusiya təxminən 125 min kvadrat kilometr ərazini işğal edib və görünən odur ki, əlavə olaraq təxminən 10 min kvadrat kilometr ərazi ələ keçirildikdən sonra ya dayanmaq niyyətindədir, ya da Ukraynaya təklif olunacaq ki, bu ərazilərdən könüllü şəkildə çəkilsin, neytrallığını elan etsin və Rusiyanın digər bir sıra şərtlərini də qəbul etsin. Nəticədə sülh razılaşması imzalansın. Lakin Ukrayna hakimiyyəti bu təkliflərə razı ola bilmir. Çünki müharibənin başlanğıcında Rusiya yalnız Ukraynanın neytral statusunu tanımasını tələb edirdi. Hətta Donetsk və Luqansk vilayətlərinin bir hissəsindən çıxmağı da öhdəsinə götürürdü. Yeganə əsas şərt Ukraynanın neytrallıq elan etməsi və bunu rəsmi olaraq təsdiqləməsi idi. Lakin prezident Zelenski bu təklifi qəbul etmədi. İndi isə, təbii ki, daha dörd vilayətin işğalını rəsmiləşdirən bir razılaşmaya imza ata bilməz. Bütün bunlar onu göstərir ki, Rusiyanın yaxın vaxtlarda dayanmaq ehtimalı çox azdır. Bu vəziyyətdə ABŞ daha qətiyyətli mövqe sərgiləməli, Ukraynaya daha çox və daha sürətli yardım göstərməlidir. Hazırda bu yardımlar ya ləngiyir, ya da NATO vasitəsilə satış prinsipi ilə həyata keçirilməsi planlaşdırılır. NATO isə hələ bu məsələyə rəsmi cavab verməyib. Beləliklə, proses uzanır və Rusiya bundan maksimum faydalanmağa çalışır”.

Siyasi şərhçi əlavə edib ki, Ukraynanın vəziyyəti isə son dərəcə ağırdır:

“Yardımlar əvvəlki dövrlə müqayisədə ən azı iki dəfə artırılmalıdır. Lakin nə Avropanın buna gücü çatır, nə də ABŞ-ın kifayət qədər siyasi iradəsi var. Müharibə bu ağır şərtlər altında davam edir. Rusiya cəbhədə ciddi itkilər verir, əhalinin sosial vəziyyəti gündən-günə pisləşir. Amma bu amillər hələlik Putini dayandırmağa kifayət etmir. Çünki özü də açıq şəkildə deyir: “Bizim missiyamız – Rusiya torpaqlarını toplamaq və güclü dövlət yaratmaqdır”. Bu planın ilk hədəfi isə Ukraynadır. Çox güman ki, Kreml növbəti mərhələdə digər postsovet ölkələrinə də göz dikəcək. Lakin ümid edək ki, Putin bu təhlükəli planlarını həyata keçirə bilməyəcək və Ukrayna bu təzyiqlərə tab gətirəcək. Ancaq bu, yalnız kənardan göstəriləcək ciddi dəstək və ardıcıl yardımlar hesabına mümkün ola bilər. Hazırda isə bu yardımlar ləng gedir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az