PKK silahlarını qazanda yandırdı: Türkiyə və region nə qazanacaq?

2025-ci ilin iyul ayında İraq Kürdüstan Regional İdarəsinin nəzarətində olan Süleymaniyyədə keçirilən mərasimdə PKK təxminən 50 il davam edən silahlı mübarizəsinə rəsmi şəkildə son verdiyini elan etdi. Abdullah Öcalanın çağırışı əsasında baş tutan və DEM Partiyasının dəstəklədiyi bu mərasimdə 30 PKK üzvü- 15 qadın və 15 kişi - müxtəlif növ silahları bir qazana ataraq yandırdı. Silahdan imtina edənlər arasında PKK lideri Abdullah Öcalana yaxın və Türkiyə ilə barışın qatı əleyharlarından sayılan Bese Hozat da var. Onun silahı ilk buraxanlardan olması təşkilatın terrordan imtina edib, siyasi müstəviyə keçmək niyyətinin ilk əlaməti kimi dəyərləndirilir.

Mərasim sadəcə vizual bir nümayiş deyil, həm Türkiyəyə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış strateji bir mesaj idi. Bu mesajı bir çox müşahidəçiıər PKK-nın geosiyasi reallıqlara uyğunlaşmaq, beynəlxalq dəstək itkisinin qarşısını almaq və Türkiyə daxilindəki sosial-siyasi balansı dəyişmək cəhdi kimi oxuyur. Törənin ən əlamətdar cəhətlərindən biri də 26 ədəd Kalaşnikov, snayper tüfəngi, RPG və digər silahların sadəcə tullanması deyil, eyni zamanda yandırılması oldu. Bu jest təşkilatın təkcə terrorda deyil, onun alətlərindən də uzaqlaşmaq iddiası kimi nümayiş etdirildi.

Türkiyə siyasi dairələrinin bu addıma reaksiyası ölçülü oldu. Prezident Rəcəb Tayyib Ərdoğan verdiyi ilk bəyanatda "Xeyirlərə vəsilə olsun" deyərək bu mərasimi nə açıq şəkildə dəstəklədi, nə də tənqid etdi. Prezidentin Kızılcahamam kampında daha ətraflı açıqlama verəcəyi gözlənilir. Ən böyük sürpriz isə MHP lideri Dövlət Bahçelidən gəldi. Bahçeli uzun illər terrorla mübarizənin ön cəbhəsində yer alan bir siyasi fiqur olaraq bu dəfə Pervin Buldan və Ahmet Türk kimi kürd hərəkatı üçün önəmli adlarla telefon əlaqəsi qurdu, onlara prosesə verdikləri dəstəyə görə təşəkkür etdi. Onun Buldana "Sizin də əməyiniz, rolunuz çox böyükdür. Hamımıza xeyirli olsun"" sözləri Türkiyədəki sərt ritorikanın yumuşaldığına dair ciddi siqnallar kimi qəbul olunur. CXP lideri Özgür Özəl isə partiyasının hər zaman terrora qarşı olduğunu və barışdan yana mövqe tutduğunu vurğulayıb, silahların əbədi olaraq susmasının "ortaq iradə" olduğunu bildirib.

Bu hadisə təkcə Türkiyədə deyil, beynəlxalq mediada da diqqətlə izlənildi. BBC xəbər agentliyi mərasimi “PKK Türkiyə ile yaşanan çatışmaları sonlandırma üçün önəmli bir adım atdı” başlığı ilə təqdim etdi. Agentlik təşkilatın silahlı mübarizəni ilk dəfə rəsmi şəkildə simvolik də olsa dayandırdığını və bu addımın gələcək siyasi proseslər üçün baza ola biləcəyini vurğuladı. Qərb mediasının digər nümayəndələri də bu hadisəni birbaşa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “tarixi zəfəri” kimi təqdim etdi. Bu baxış Ankaranın terrorla mücadilədə uzunmüddətli strateji təzyiqinin nəticə verdiyini göstərir.

Hazırda əksər analitiklər üçün ən əhəmiyyətli sual budur: Terrordan qurtulmaq Türkiyəyə və bölgəyə nə vəd edir?

Əgər bu proses sadəcə bir mərasim olaraq qalmaz, ardıcıl siyasi iradə, hüquqi çərçivə və institusional mexanizmlərlə müşayiət olunarsa, Türkiyə təkcə silahlı münaqişədən deyil, eyni zamanda onun doğurduğu ideoloji və sosial gərginliklərdən də qurtula bilər. Daxildə təhlükəsizlik bərpa olunarsa, demokratik institutlar möhkəmlənər, siyasi rəqabət dərinləşər, kürd və türk toplumları arasında sosial inteqrasiya daha real formalar alar. Eyni zamanda Türkiyə geosiyasi cəbhədə daha sərbəst hərəkət edə bilər. Suriya və İraq sərhədlərində təhlükəsizlik tam təmin olunar, Zəngəzur dəhlizi kimi böyük layihələrin önündəki təhlükəsizlik maneələri aradan qalxar, Türkiyə Cənubi Qafqaz və Orta Asiyada artan rolunu daha inamla icra edər. NATO və Avropa İttifaqı qarşısında isə ikili standartlara qarşı daha güclü siyasi və mənəvi legitimlik qazanmış olar.

Mövsüm NOVRUZOĞLU,

AzNews.az