ƏHD sədrindən önəmli təkliflər. Yeni parlament seçkiləri "sosial lift"i işə sala biləcəkmi?

ƏHD partiyasının sədri Qüdrət Həsənquliyev dünən çox maraqlı bir müsahibə verib və siyasi partiyalar arasında memorandum imzalanmasını təklif edib. Siyasətçinin fikrincə, bu sənəddə partiyalar qarşıdan gələn seçkilərdə iştirakla bağlı üzərinə iki əsas öhdəlik götürməlidirlər:

1. Ölkə üzrə 83-dən çox dairədə namizəd irəli sürməmək;
2. Namizəd irəli sürmədikləri dairələrdə başqa namizədləri, o cümlədən bitərəf adayları dəstəkləməmək.

Zənnimcə, bu təkliflərə daha bir əlavə etmək yerinə düşərdi. Siyasi partiyalar namizəd irəli sürdükləri dairələrdə simvolik mübarizədən də imtina etməlidirlər. Azərbaycanın seçki praktikasından hər kəsə bəllidir ki, bəzi dairələrdə partiyalar rəsmən namizəd irəli sürsələr də, irəli sürülən namizəd fəal seçki kampaniyası aparmır və faktiki olaraq bəlli bir adayın qələbəsi üçün çalışır.

Gözlənilən parlament seçkilərində seçicilərin iştirakçılığı son prezident seçkiləri qədər yüksək olmayacaq. Bu, bəllidir. Ancaq vətəndaşlarda real rəqabətə inam olmasa, bu seçkilər Azərbaycanın həm beynəlxalq müstəvidə sıxışdırılmasına, həm də daxildəki islahatların tormozlanmasına səbəb ola bilər. Hər halda, 2020-ci ildəki növbədənkənar seçkilər nəticəsində formalaşan tərkib islahatlara gözlənilən töhfəni verə bilmədi. Bu iki riskdən yayınmağın ən yaxşı yolu seçkilərdə rəqabət mühitini təmin etməkdir.

Son prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyası sədr müavini və Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun funksional rəhbərliyi ilə sosial şəbəkələr çağında siyasi mübarizənin aparılması baxımından zəngin təcrübə əldə edib. Partiyanın bütün strukturları nəhəng çarx kimi hərəkətə gətirilib, effektiv siyasi kampaniya aparılıb, partiyanın vitrini seçicilərin ayağına gedib və elektoratla isti təmaslar qurulub. Bütün bunlar bütün resurs kateqoriyaları üzrə ölkənin ən zəngin və qüdrətli partiyası olan "Yeni Azərbaycan"ın növbəti seçkilərdə qələbə qazanmasına tam təminat verir. Fəqət bu əminlik YAP-ın rəqabət qabiliyyətli namizədlər irəli sürməsinə mane olmamalıdır. Etiraf olunmalıdır ki, bu günə qədər hakim partiyanın namizəd göstərdiyi şəxslər arasında adı nəinki ictimaiyyətə, hətta partiyanın yerli fəallarına bəlli olmayanlara da rast gəlinib. Partiya və cəmiyyət tərəfindən mənimsənilməyən, açıq siyasi mübarizədə formalaşmamış bu cür namizədlər hansısa iri ranqlı məmurun maraqlarını təmsil edib. Əgər YAP ölkədə aparılan islahatların siyasi dayağı olmalıdırsa, namizədlərini müəyyən edərkən məhz İlham Əliyevin tanınan, ictimai-siyasi məsuliyyətə malik tərəfdarlarına üstünlük verməlidir.


Azərbaycanda islahatların uğurla davam etməsi və nəticə verməsi böyük ölçüdə qanunverici bazadan asılıdır. Ölkəmizdə demək olar ki, bütün sahələr üzrə ən zəruri qanunlar qəbul olunub. Amma bu qanunların az qala hər biri kobud desək, xəlbirə dönüb. Qəbul edilən məcəllələ və qanunlar o qədər anlaşılmazdır ki, Konstitusiya Məhkəməsinin şərh vermək məcburiyyətində qalmadığı maddə qalmayıb. Ali məktəblərin hüquq fakültələrində təhsil alan tələbələrin öyrəndikləri ilə imtahan suallarının düzgün cavabı əksər hallarda üst-üstə düşmür ona görə ki, normalar az qala hər həftə dəyişir. Qanunların parlamentdə dolğun müzakirə olunmaması ona gətirib çıxarıb ki, məsələn hazırkı Cinayət Məcəlləsində nəzərdə tutulan sanksiyalar bir çox hallarda totalitar SSRİ dövründəki Cinayət Məcəlləsi ilə müqayisədə daha sərtdir və müasir hüququn prinsipləri baxımından qüsurludur. Yaxud İnzibati Xətalar Məcəlləsində cərimələrin məbləğinin müəyyən edilməsi ilə bağlı konkret kriteriya mövcud olduğu halda, təyin edilən cərimələrin böyük bir qismi bu kriteriyaya sadəcə olaraq cavab vermir. Ölkədə istehsalın, kiçik və orta sahibkarlığın inkişafını təmin etmək üçün Vergi Məcəlləsi başda olmaqla iqtisadiyyatı tənzimləyən bütün qanunlar yenilənməlidir. Mülki Məcəllənin yenidən işlənməsi zərurəti, bildiyim qədər, artıq dövlətin də diqqətindədir. Zəfərdən sonrakı dövrdə ədaləti təmin etmək üçün ölkənin qanunverici bazasının kökündən dəyişdirilməsi labüddür. Ancaq bu işi müxtəlif "oliqarx"ların təsirində olan merkantil mandat sahibləri deyil, İlham Əliyevin gerçək ideoloji tərəfdarları görə bilər. YAP-ın öz namizədlərini müəyyənləşdirərkən ideoloji-intellektual bağlılığı əsas götürməsi real seçki rəqabətinin formalaşmasına təkan verəcək ən ciddi amil olacaq.

Qayıdaq Qüdrət Həsənquliyevin müsahibəsinə. ƏHD lideri çox haqlı olaraq deyir ki, bitərəf şəxsin özünün seçki proqramı ola bilər, amma olsa da təkbaşına heç nəyə nail olmaq mümkün deyil. Siyasətlə peşəkarlar siyasi komandanın üzvü olaraq məşğul olmalıdır. Bəli, şəxsən mən üç dəfə-2010, 2015, 2020-ci illərdə- seçkilərdə iştirak etmişəm. Üç seçkinin hər birində əsas "rəqib"im bitərəf olub. Onlardan ikisi artıq deputat deyil, biri də həddən artıq yaşlaşdığı üçün növbəti seçkilərdə umuram namizəd olmayacaq. Təsəvvür edin ki, bu şəxslərdən heç biri nə 44 günlük müharibə dövründə, nə ondan sonra taleyüklü proseslıərin getdiyi mərhələdə, nə də hazırkı yeni çağırışlar qarşısında bir dəfə ortalığa çıxıb xalqın, dövlətin, siyasi hakimiyyətin lehinə faydalı mövqe ortalığa qoymayıblar. Son prezident seçkilərində də bu adamların heç birini mikrafon önündə görmədim. Belədə istər-istəməz sual yaranır: bu cür adamlara hakimiyyətin resursları hesabına mandat vermək və onların cəmiyyətdə yaratdıqları tənələri eşitmək hakimiyyətin nəyinə lazımdır?

Bəli, bu gün Azərbaycan yeni çağırışlar qarşısındadır. Yeni milli hədəflərimizi müəyyən etməmişik. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, ölkə üzrə işləyənlərin sayı dövlət sektorunda daha çoxdur, nəinki özəl sektorda. Bu nisbət təcili surətdə özəl sektorun hesabına dəyişməzsə, istehlakçı toplumdan istehsalçı topluma keçə bilməyəcəyik. II Qarabağ savaşına qədər Azərbaycanın sosial-siyasi təsisatlarının "təhükəsizlikçi" məzmuna malik olması qaçılmaz idi. İlham Əliyevin Ali Baş Komandanlığı ilə qazandığımız tarixi qələbədən sonra sosial-siyasi təsisatlar "azadlıqçı" mahiyyətə keçməlidir. Bürokratiyanın cəmiyyətə basqısı aradan qalxmalı, korrupsiyanın bütün mexanizmləri sıradan çıxmalıdır. Bütün bunlara nail olmağın yolu "sosial lift"in işə salınmasından keçir. Əgər Azərbaycanda gözlənilən seçkilər "sosial lift" funksiyasını yerinə yetirməyəcəksə, o zaman qeyri-sistemli müxalifət qrupları fəallaşacaq. Bu isə Azərbaycanın siyasi sistemində son illərdə aparılmış və 44 günlük savaşda milli həmrəyliyin əsaslarından birinə çevrilmiş islahatların riskə atılması demək olar. Həm beynəlxalq, həm də yerli təcrübə göstərir ki, Svetlana Tixonovskaya kimi adı heç zaman siyasi iddiaçılar arasında keçməyən birini qlobal media seqmenti cəmi bir neçə həftəyə küçə mübarizəsinin mərkəzi fiquruna çevirə bilirlər.

Taleh ŞAHSUVARLI