- EKONEWS
- 13:52
- 1 100
Bizə neylər bu daşqın, sel?

İyul ayı adətən Azərbaycanda stabil və mülayim hava şəraiti ilə yadda qalsa da, bu il şimaldan daxil olan soyuq hava kütlələri səbəbindən hava şəraitində qeyri-sabitlik gözlənilir. Coğrafiya İnstitutunun İqlim və Aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılovun verdiyi məlumata görə, həmin soyuq hava kütlələri ölkədə bol yağışların yağmasına səbəb olacaq ki, bu da çaylarda sululuğun artmasına və daşqınlara gətirib çıxara bilər. May və iyun aylarında havanın normadan aşağı keçməsi isə iyulda nisbətən istiliyin müşahidə olunmasına şərait yarada bilər.
Soyuq hava kütlələri atmosferdə geniş sahəni əhatə edən, aşağı temperatur və rütubətə malik hava bloklarıdır. Onlar əsasən qütb və şimal regionlarından başlayaraq cənuba doğru hərəkət edir və qarşılaşdıqları ərazilərdə hava şəraitində dəyişikliklər yaradır. Azərbaycana gələn soyuq hava kütlələri əsasən Rusiya və Şimali Qafqazdan daxil olur, çünki bu bölgələrdə hava kütlələri daha soyuq və sıxdır. Şimaldan gəlməsinin səbəbi ölkənin coğrafi mövqeyi və planetin atmosfer dövranı qanunları ilə bağlıdır.
Bol yağışların yaratdığı daşqın təhlükəsinə qarşı müxtəlif tədbirlər görülə bilər. Çayların sahilində olan bəndlərin və su idarəetmə sistemlərinin vəziyyəti yoxlanmalı, lazım gəldikdə təmir işləri aparılmalıdır. Həmçinin, daşqın riski yüksək olan ərazilər diqqətlə izlənməli, meteoroloji məlumatlar əsasında xəbərdarlıq sistemləri işləməlidir. Yerli əhali daşqın təhlükəsi barədə məlumatlandırılmalı və təxliyə planları hazırlanmalıdır. Yeni yaşayış məntəqələri daşqın zonalarından uzaq yerlərdə yerləşdirilməli, çaylarda palçıq və digər maneələr təmizlənməlidir.
Dünyada Almaniya və Yaponiya kimi ölkələrdə meteoroloji proqnozların və xəbərdarlıq sistemlərinin inkişafı sayəsində belə təbii fəlakətlərin təsiri minimuma endirilir. Azərbaycanda da müasir texnologiyalar tətbiq olunaraq daşqınların yaratdığı risklər effektiv şəkildə azaldıla bilər. Buna görə də müvafiq qurumlar vaxtında tədbir görməli, əhali isə bu barədə maarifləndirilməlidir.