Dələduzluqda təqsirləndirilən müəllim azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən məktəb müəllimi Asəf İsmayılov və tanışı İsaməddin Daşdəmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti təyin edilib və cəzası şərti hesab olunub. İ. Daşdəmirov isə 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və 1 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab olunub.

İttihama görə, S . S. Axundov adına 172 saylı orta məktəbin müəllimi olan A. İsmayılov və tanışı Təhsil Nazirliyinin adından istifadə edərək abituriyentləri ali məktəbə düzəltmək adı ilə dələduzluq ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının dövlət ştampını, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə təqsirləndirilirlər.

AzNews.az