Atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.

Erməni hərbi birləşmələri ilə təmas xəttində atəşkəs yenidən pozulub.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 71 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Vozaşen, Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı və Ağstafa rayonunun Köhnəqışlaq kəndlərində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçuayrım kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.

Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Sarıcalı, Qaraqaşlı, Cəvahirli, Kəngərli, Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıl Oba, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Goranboy rayonunun Gülüstan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, Xocavənd və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.
AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gecə boyu intensiv atışmalar olub. Ermənistan silahlı birləşmələri ötən gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi pozaraq Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər.

Gedən şiddətli atışmalarda Azərbaycan Ordusunun 8 hərbçisi şəhid olub.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Müdafiə Nazirliyi isə gecə saatlarında cəbhədə baş verən gərginliklə bağlı rəsmi açıqlama yayılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

İyulun 31-də saat 20.00 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Qazax rayonu ərazisində düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin 1977-ci il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Almazov İsə Ziyad oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

AzNews.az