Füzuli Musayev: «Taekvondonun işlərinə qarışmıram» - AÇİQLAMA

Taekvondo Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevin
vəzifəsindən uzaqlaşdırılması ilə bağlı verdiyimiz xəbərdə bəzi şişirdilmiş məqamları dəqiqləşdirmək üçün təcrübəli mütəxəssislə əlaqə saxlayıb, məsələyə münasibətini öyrəndik.

AzNews.az-a açıqlamasında o, bildirib ki, 1-ci vitse-prezident vəzifəsindədir: "Sadəcə, mən taekvondonun işlərinə qarışmıram. Özüm dövlət vəzifəsində çalışıram. Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisiyəm. Beynəlxalq dərəcəli idmançıları daxili yarışlara hazırlayıram. Ölkəmizdə aparıcı olan idman növləri üzrə bölmələr yaradıram.

1-ci vitse-prezident vəzifəsindən tamam uzaqlaşmamışam. Nəsə bir iş olanda, yəqin ki, mən də ora cəlb olunacağam. Taekvondo Federasiyasının prezidenti cənab Kəmaləddin Heydərov nə vaxt əmr etsə, canla-başla onun xidmətində hazıram. Burada bir problem yoxdur. Sadəcə, 2 işdə çalışdığım üçün çatdıra bilmirdim. Mənə havalə olunub ki, klubda digər idman növlərini də inkişaf etdirim".

Kamran Hacı
AzNews.az