“Çelsi”yə müştəri çıxdı

Amerikalı sahibkar, “Microsoft” şirkətinin həmtəsisçisi Pol Allen Londonun “Çelsi” futbol klubunu almaq niyyətindədir. Hazırda bu klubun sahibi rusiyalı biznesmen Roman Abramoviçdir.

65 yaşlı Allen “Sietl Sihoks” (Milli Amerika Futbolu Liqası), “Potrlend” (Milli Basketbol Assosiasiyası) və “Sietl Sounders” (Əsas Futbol Liqası) klublarının da sahibidir. Sentyabr ayında Allen Nyu-Yorkda futbol agenti, Abramoviçin yaxın dostu Pini Zaxavi ilə görüşüb və “Çelsi”nin almaq niyyətini onunla müzakirə edib.

Bundan əvvəl yayılmış məlumata görə, britaniyalı sahibkar Cim Retkliff London klubunu almaq təklifi ilə rusiyalı biznesmenə müraciət edib. Sərvətinin dəyəri 21,05 milyard funt (28,5 milyard dollar) olan Retkliff “Çelsi”ni 2 milyard funta (2,68 milyard dollar) almaq istəyirdi. Bu, idman komandasının satışı üzrə tarixdə ən bahalı sövdə ola bilərdi, lakin Abramoviç bu təklifi rədd edib. Rusiyalı biznesmen həmin komandanın müqabilində 3 milyard funt (3,9 milyard dollar) almaq niyyətindədir.

Bu yaxınlarda “Çelsi” dəyəri bir milyard funta yaxın (1,33 milyard dollar) olan yeni stadionun layihələndirilməsi ilə bağlı bütün işləri dayandırıb. “Times” qəzetinin yazdığına görə, Abramoviçin bu layihəni dayandırması onun investisiya vizasının müddətini artırmaqdan imtina edilməsi ilə bağlıdır. Deyilənə görə, Abramoviç bu klubun satışına dair məsləhət almaq üçün investisiya bankına müraciət edib.

Abramoviç “Çelsi”ni 2003-cü ildə 140 milyon funta alıb. “Çelsi” bu müddətdə 5 dəfə İngiltərə çempionu və ilk dəfə olaraq Çempionlar Liqasının qalibi tutulu qazanıb, 5 dəfə ölkə kubokunun, 3 dəfə liqa kubokunun və 2 dəfə ölkə superkubokunun sahibi olub.(AZƏRTAC)

AzNews.az