AFFA “Bakı”nın 2 futbolçusunu sərt cəzalandırdı

AFFA İntizam Komitəsi "Bakı"nın 2 futbolçusunu sərt cəzalandırıb.

Lent.az-ın məlumatına görə, bunlar yarımmüdafiəçi Cavid Hüseynov və qapıçı Aqil Məmmədovdur.

C. Hüseynov "Neftçi" ilə Topaz Premyer Liqasının V tur matçının 48-ci dəqiqəsində aqressiv oynadığı, A. Məmmədov isə bundan 1 dəqiqə sonra hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Yarımmüdafiəçinin hərəkəti 3, qapıçının davranışı 4 oyunluq cəzaya səbəb olub. Eyni zamanda, "Bakı"ya üst-üstə 7000 manat cərimə kəsilib.

Paytaxtın eyniadlı təmsilçisinin sabiq futbolçusu Ramazan Abbasov isə 1 oyunluq cəzaya məruz qalıb. Üstəlik, o, hazırkı klubu "Rəvan"ı 200 manat ziyana salıb. Abbasov "Sumqayıt"la oyunun 82-ci dəqiqəsində simulyasiyaya görə ikinci sarı vərəqə alıb. Lakin baş hakim Fariz Yusifov ona qırmızı vərəqə göstərməyi unudub. Abbasovun qovulmalı olduğu yalnız 7 dəqiqə sonra Yusifovun yadına düşüb. Bu səbəbdən Hakimlər Komitəsinə tapşırılıb ki, ədalət təmsilçilərinin idarəçiliyinə baxsın və İntizam Komitəsinə məlumat versin.

"İnter"in baş məşqçisi Kaxaber Tsxadadze də cəzasız qalmayıb. Gürcüstanlı mütəxəssis "Simurq"la görüşdə 1:2 hesablı məğlubiyyəti həzm etməyərək, oyun sonrası mətbuat konfransına qatılmayıb. Nəticədə o, klubunu 1000 manat ziyana salıb.

Hərəyə 1000 manat cəriməni isə "Qarabağ" və AZAL ödəməli olacaq. Səbəb iki komanda arasındakı görüşdə komandaların hərəyə 5 futbolçunun sarı vərəqə almasıdır.

AzNews.az