Avropanın daxilində gizli Bakı təəssüratları

Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Neftçi" ilə İtaliyanın "İnter" futbol klubu qarşılaşacaq. AzNews.az "İnter"in rəsmi saytına istinadən xəbər verir ki, oyunla bağlı "Qui Baku, buongiorno interisti" ("İnter"lilər, Bakıdan sabahınız xeyir") başlıqlı yazı dərc olunub.

Milan klubunun mətbuat xidmətinin yayımladığı xəbərdə isə "Bakı Şərqi Avropanın ən kənarında yerləşən qeyri-adi şəhərdir" kimi təsvir olunub və Xəzər dənizindəki Bakı buxtasının da ayparaya oxşadığı qeyd olunub.

Bundan başqa, 5 futbol klubuna malik Bakının Qafqazda ən böyük şəhər olduğu xüsusi vurğulanıb.

"Bakı kasıb şəhər deyil, amma buralar əksər avropalılar üçün naməlum bir dünyadır. Çünki Avropanın şərqinin qurtaracağındadır. Milandan bura uçuşla 5 saatlıq yoldur. Zaman fərqi də 3 saatdır. Bununla belə, buralara səfər etməyə dəyər".

"Neftçi"nin avrokuboklarda qrup mərhələsinə çıxan ilk Azərbaycan klubu olduğunu qeyd edən sayt, Bakı təmsilçisinin baş məşqçisi Böyükağa Hacıyevin də sözlərinə yer verib: "Bu, Azərbaycanda 21-ci əsrin ən böyük oyunu olacaq".

Rasim
AzNews.az