“Pandemiyadan sonra bu sahələrə diqqət artırılmalıdır” “Pandemiyadan sonra bu sahələrə diqqət artırılmalıdır”

“Yeni siyasi düzən qurulur” - Zəlimxan Məmmədli partiya yaradacaq - MÜSAHİBƏ

“Pandemiyadan sonra bu sahələrə diqqət artırılmalıdır”

Koronavirus pandemiyası dünyaya yeni düzən gətirdi. Yeni dünyada Azərbaycanın və digər türk cümhuriyyətlərinin yeni necə olacaq? Epidemiya hansı inqilabi dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı "Borçalı" Cəmiyyətinin sədri, politoloq Zəlimxan Məmmədli "Cebhe.info"ya müsahibə verib.

AzNews.az həmin müsahibəni təqdim edir:

-Zəlimxan bəy, hər kəs pandemiyadan sonra yeni dünya düzəni yaranacağını deyir. Yeni dünyanı necə təsəvvür edirsiz?

-Tarixdə belə epidemiya və pandemiyalar olub. Milyonlarla insanın ölümünə səbəb olan “İspan virusu” bir gerçək tarixdir. Bu da növbəti pandemiyadır. Coğrafiyasına görə dünyanı əhatə etsə də, xəstəliyə yoluxanların sayına görə hələ ki, prosesi nəzarətdə olan hal kimi dəyərləndirmək olar. Görünür, insan faciələri tez unudur. Ötən yüz ildə dünya iki dəhşətli müharibə yaşamasına, milyonlarla insanın öldürülməsinə baxmayaraq dünyanı III dünya müharibəsinə qədər yorublar. Günahkar insanlardır. Pis şeylərə aludə olurlar. Təhsil, elm, səhiyyə, mədəniyyət bu cür bəşəri faciələri önləməyə hazırlanmır. Əgər dünya gücləri, dünya insanları baş verən tarixi xətalarını düzəltməyəcəksə, növbəti daha ağır faciələrin memarı özləri olacaqlar. Allah insana şüur, ağıl verib. Lakin bəzən bu dəyərlər insanlığın əleyhinə, Allahın qoyduğu yolun əleyhinə sərf olunur ki, bu da cəzasız qalmır. İlkin postpandemiya dönəmində bəşəriyyəti gözləyən təhlükəli ehtimallara qarşı strateji mübarizə planlarına səfərbər olunma cəhdləri mütləqdir, olacaq. Bu proses ardıcıl və strateji olarsa, məncə, bəşəriyyət gələcək faciələrdən, dövlətlər, dinlər arası mənasız savaşlardan xilas ola bilər. İnsanlıq daha sivil münasibətlər sisteminə keçid edə bilərlər. Təbii ki, nəticə çıxarılacaqsa...

“Hədəfimdə partiya yaratmaq var”

-Siyasi fəallıq, partiyalaşma meyilləri artır. İki yeni partiya qeydiyyatdan keçdi. Bir neçə tanınnmış QHT sədri, jurnalist siyasətə atıldığını bəyan edib. Son 10 ildə yalnız ictimai fəaliyyətlə məşğul olmusuz. Siyasi partiya qurmaq niyyətiniz var?

-Siyasi sistem çox qüsurludur. Ədəb-ərkan pozulub. Nə qədər ictimai fəaliyyətlə məşğul olsam da, siyasi proseslərdən kənarda olmamış, baş verənlərə biganə qalmamışam. Sadəcə partiya funksioneri deyiləm. Münasibətlər sistemində qüsurların hakim olmasına baxmayaraq, siyasi proseslərə fəal müdaxilə etmək, hətta yeni platformalı siyasi partiya quruculuğuna baş vurmaq hədəflərimdə mövcuddur.

“Türkiyə islam dünyasında istiqamətverici gücdür”

-Yeni dünya düzənində türk xalqlarının yeri necə olacaq?

-Türkiyə Cümhuriyyəti nəinki türk, həmçinin müsəlman xalqları üçün istiqamətverici gücdür. Bu xalqların gələcək taleyi həm də Türkiyənin dünya düzənində ən geopolitik güc mərkəzinə çevrilmə dərəcəsindən və xalqların öz müqəddəratını həll etməyə, demokratik qalxınmaya yönəlik mübarizə əzmlərindən asılı olacaq.

“Orta Doğunun gələcəyi Türkiyəsiz mümkün deyil”

-Son illər Türkiyə elmdə, texnologiyada, hərbi sənayede böyük uğurlar qazanıb. Necə hesab edirsiniz, Türkiyə yaxın 20 ildə dünya gücü ola biləcəkmi?

-Türkiyənin iç siyasətinə, dünya güc mərkəzləri ilə münasibətlərdə yeni, daha pozitiv bir mərhələ yaşanmaqdadır. ABŞ və Rusiya ilə siyasi, diplomatik, iqtisadi, hərbi dildə baş-başa duruş, özünü tanıtma, saydırma, hətta protokollarda Türkiyə amilinə daha həssas yanaşma bu vaxta qədər aparılan siyasi xəttin uğurlu olmasına işarədir. Tarixdə yaşanan siyasi proseslərdən, baş verən yanlışlıqlardan Türkiyənin nəticə çıxardığını müşahidə edirəm. Türkiyənin yeni dünya düzənində dünya gücləri siyahısında sayılan yer alacağını real hesab edirəm. Hamı anlamaqdadır ki, Orta Doğunun gələcəyi Türkiyəsiz mümkün deyil.

“Rusiya real qorxu mənbəyidir”

-Əbülfəz Elçibəy 90-larda deyirdi ki, zaman gələcək Rusiyanın başı özünə qarışacaq. Qarabağ, Abxaziya yaddan çıxacaq. Bəlkə, elə həmin zaman yetişib...

-Rusiya dünya güc mərkəzlərindən biridir. Amma qonşuları və dünya üçün təqdim etdiyi yol xətalıdır. Rusiya postsovet və şərqi Avropa üçün real qorxu mənbəyidir. Qafqazı demokratik dünyadan ayıran, inkişafını ləngidən, etnik separatçıların qida mənbəyi təəssüf ki, Rusiyadır. Rusiyada demokratik zehniyyət qalib olarsa, Azərbaycanın ən etibarlı strateji müttəfiqi bu ölkə ola bilər. Təəssüf ki, bu gün söykəndiyi ideologiya zor və imperiya ambisiyasından doğan aqressiyadır. Koronavirusdan sonrakı dönəm Rusiyada demokratiya istiqamətində dəyişikliklərə yol aça bilər. Rus xalqı demokratiyanın daha üstün dəyər olmasının fərqindədir. Demokratiya Rusiyanın sərhədlərindən içərisinə daxil oldusa, məsələ həll olunur. Bunun ehtimalı daha çoxdur. Demokratiyanın qarşısında diktatorlar hökmən çökəcək. Bu da rəhmətlik Elçibəyin zaman-zaman təkrarladığı tezisdir. Məncə, prosesin bu istiqamətdə inkişaf etmə ehtimalı daha çoxdur. İmperiya çöküş ərəfəsi prosesi sərhəddindən kənara, xüsusilə hər zaman iştahında olduğu Qafqaza çıxara bilər. Bu ehtimal qorxulu olmaqla, hər zaman aktualdır.

-Belə bir tezis var ki, hər 33 ildən bir dünya əhəmiyyətli dərəcədə dəyişir. 1986-cı ildə Çernobıl faicəsi baş verdi, ondan sonra qlobal dəyişmələr başlandı. Korona hansı inqilabi dəyişikliklərə səbəb olacaq?

-“Korona”nın verdiyi dərslər haqda özəl yazılarımla sosial şəbəkədə fikirlərimi ifadə etmişəm. Təhsil, elm, səhiyyə və hüquq koronavirusdan sonra diqqət ayrılacaq əsas sahələr olacağını düşünürəm. Bunlar prioritet sahələrə çevrilməlidir. Bunu gözləyirəm. Sadaladığım sahələrə ayrılan büdcə vəsaitləri dəfələrlə artırılmalı, pedaqoqlar, səhiyyə işçiləri, alimlər ən yüksək sosial müdafiə ilə təmin edilməlidirlər. Həm də nəhayət, cəmiyyətin milli dəyərlər ətrafında təmərküzləşməsinin açarı hesab etdiyim ciddi siyasi-hüquqi islahatlar həyata vəsiqə qazanmalıdır.