İlham Qəhrəman: "Laçın və laçınlılar o günlərə qayıtmaq istəyir" - MÜSAHİBƏ

Bir müdət öncə Laçın rayonuna geri dönüş yaşandı, insanlar öz yurdlarına qayıtdılar.

Aznews.az olaraq mövzu ilə bağlı laçınlı şair, folklorşünas, AYB-nin üzvü İlham Qəhrəmanın təəssüratlarını öyrəndik:

- İlham müəllim, Laçına qayıdışın ilk səfəri yaşandı. Bir laçınlı olaraq təəssüratlarınızı öyrənmək istərdik.

- Mayın 27-də Laçına 31 il ayrılıqdan sonra qayıdışın başlanğıcı qoyuldu. Bu günlərə bir laçınlı kimi şahid olmağın sevincini yaşamaq Allahın lütfüdür. Nə qədər insanlarımız bu günü gözləyə-gözləyə muradı gözündə dünyadan getdi. Amma yenə bu günə şükür olsun! Doğma evlərinə qayıdan insanlar sevinən kimi sahibləri qayıdan ev-eşik də sevinir. Çöl-bayır da doğma insanların hənirini alır, otun, ağacın, çöldəki quşların yaddaşı təzələnir. Laçına gedəndə şəhərdə çoxlu sağsağan gördüm. İndi o sağsağanlar insanlarımızın qayıdışını görüb muştuluq xəbər daşıyır. Soruşa bilərlər kimə, hara? Cavab verirəm - 31 ildə xaraba qalmış yurd yerlərimizə – kəndlərə, qəbirsanlıqlara, dağlara, bulaqlara, yollara, dağlarımızda heyvan otaran çobanlara, arı saxlayan arıçılara və nəhayət düşmənlə həm öndən, həm də atrxadan üz-üzə duran əsgərlərimizə. Eldə sağsağanı görəndə deyərdilər – xeyir xəbər, sağsağan! Həmin gün ölkədə xeyir xəbərin yayıldığı gün oldu. Eldə xoş günlər olanda belə bir deyim də var – papağını göyə at! Laçına dönüş həm də papağımızı göyə atdığımız gündür. Bunun mənası odur ki, yəni başımız ucalardadır.

- Prezident də qayıdış zamanı Laçın şəhəri və digər ərazilərdə oldu. Bu mövzuda nə deyə bilərsiniz?

- Cənab prezidentin Laçına səfəri və bu səfər içərisində Laçına (şəhərə) geri qayıdan laçınlılarla görüşüb söhbət etməsi, onlara bir daha keçmişdəki səhvlərin təkrar olmayacağı, ordunun daim torpaqlarımızı göz bəbəyi kimi qoruyacağı haqqında dediyi sözlər bütün laçınlılara həm də bir toxtaqlıq mesajı idi. Laçınla üz-üzə olan erməni kəndlərinin laçından görünməsini vurğulamaq elə-belə deyildi. Yəni dinc durmasalar, biz də nə edəcəyimizi bilirik – hünərləri var cınqır çıxarsınlar. Artıq ordumuz o mövqedədir ki, hər mənada düşmənə həddini göstərə bilir. Ölkə başçısının uzun illər boyu qurub yaratdığı orduyla qürur duyması, ona arxalanması həm də xalqımızı qürurlandırır. Ordu torpağa arxa çıxdığı kimi xalq da orduya arxa çıxır dayaq durur. Bunun 44 günlük müharibədə şahidi olduq. Ordunun güclənməsindən yaranan fəlsəfə budur. Yaxşının qədri yaxşı bilinir. Laçında sıfırdan infra-struktur yaradılır. Məqsəd geri dönən insanların öz çörəyini öz zəhmətiylə qazanmasına şərait yaratmaqdır. Həm də laçında olan maddi nemətlərin bütün vətəndaşlarımıza çatdırılmasını təmin etməkdir. Sabah qusarlının da, bakılının da, naxçıvanlının da, astaralının da, gədəbəylinin də gedib Laçında istirahət etməsi onun halal-hümmət haqqıdır. Laçının yenidən qurulmasında Azərbaycanın hər yerindən əmək adamları çalışır. Bildiyim qədəri Laçının təbiət mənzərələri onu ilk dəfə görən hər kəsi heyran edir. Laçının işğalı dövründə Laçının timsalında nədən məhrum olduğumuzu deyəndə beş adam bizə inanırdısa, on beş adam da şübhə edirdi. Allahın bu gününə şükür, daha bizim deməyimizə ehtiyac yoxdur, gedib öz gözləriylə görürlər.

- İllər sonra işğaldan azad edilmiş Laçına qovuşan insanlar, sizcə, nə hiss edir? Siz nə hisslər keçirirsiniz?

- Şəxsən mən Güləbirddə Laçın torpağına qovuşanda göz yaşlarıma hakim ola bilmədim. Həkəriyə düşüb üzümə su vurub yüngülləşdim. Laçına qovuşanlar içdən bir ah çəkirlər, illərin həsrəti həmin ahla canlarından çıxır. Sonra insanlar öz göz yaddaşlarını axtarırlar. Mənim bircə dağlar göz yaddaşımla üst-üstə düşdü, qalan heç nə o deyil. Amma doğma torpaq odur, sevgi odur. Laçın 31 il həsrətimizin, ağrımızın, acımızın ünvanı olub. Laçın indi çəkdiyimiz həsrəti canımızdan çıxardır – həsrət ahını dağ-daş götürür, dağ-daşı yağış yuyur, Həkəri axıdır. Laçın indi Azərbaycanın qanadı altında öz sakinlərinin yolunu gözləyir. Az zaman keçəcək, Laçın yenə haylı-haraylı günlərinə dönəcək. Laçında “Poçtun arası” deyilən yerdən 4 istiqamətə yol çıxır – Qubadlıya, Kəlbəcərə, Şuşaya və Naxçıvana (Gorus, Sisian yolu). Bu gün Qubadlı və Kəlbəcər yolları işləyir. Amma Şuşa və Naxçıvan yolları açılacağı günü gözləyir. Laçının işğaldan azad olması həm də Naxçıvana yaxınlaşmağımız deməkdir. Laçından Naxçıvanın nəbzi daha aydın hiss edilir. Laçınla Şuşa kürək-kürəyədir. Laçınlıların arzusu Şuşa və Naxçıvana gedən yolların da açılmasıdır. Laçından vaxtilə kolxoz maşınları Naxçıvana duz üçün gedərdilər. Bir çox laçınlı Naxçıvanın Ali məktəblərinin diplomuyla çörək sahibi olublar. Laçında yetişən nübarın, nemətlərin bir hissəsi Şuşa bazarına çıxardı. Şuşa məktəblərində laçınlı tələbələr çox oxuyurdu.
Laçın və laçınlılar yenə o günlərə qayıtmaq istəyir.

Rəşid Qarayev