- Tribuna
- 16:56
- 1 815
Prezident İlham Əliyevin Qazaxıstana səfəri: Azərbaycan–Qazaxıstan qardaşlığında yeni mərhələ

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki qardaş ölkə arasında dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisədir. Bu səfər həm siyasi, həm də iqtisadi baxımdan ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcıdır.
Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Azərbaycan və Qazaxıstan ortaq tarixi, mədəni və mənəvi dəyərlərə malik olan, türk dünyasının iki aparıcı dövlətidir:
“Hər iki ölkə xalqları arasında qardaşlıq münasibətləri dərin köklərə əsaslanır. Bu baxımdan, Azərbaycan və Qazaxıstan prezidentlərinin qarşılıqlı səfərləri sadəcə diplomatik və siyasi görüşlər deyil, eyni zamanda qardaşlıq və mənəvi yaxınlığın təntənəsi kimi dəyərləndirilir. Bu səfərlər iki ölkə arasında tarixi dostluğun, sarsılmaz etimadın və qarşılıqlı dəstəyin bariz göstəricisidir. Dövlət başçılarının bir-birinə olan səmimi münasibəti, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi töhfə, türk həmrəyliyinin daha da güclənməsinə şərait yaradır”.
S.Salmanova qeyd edib ki, Azərbaycan və Qazaxıstanın bu gün bütün sahələrdə əməkdaşlığı genişlənməkdədir:
“Siyasi, iqtisadi, mədəni, humanitar və təhsil sahələrində həyata keçirilən birgə layihələr xalqlarımızın rifahına xidmət edir. Eyni zamanda, hər iki ölkə türk dünyasının inteqrasiyasını və ortaq dəyərlərin qorunmasını prioritet hesab edir. Bu baxımdan, Azərbaycan–Qazaxıstan münasibətləri sadəcə iki dövlət arasında diplomatik əlaqələr deyil, ortaq köklərə, mənəvi yaxınlığa və strateji maraqlara söykənən qardaşlıq münasibətləridir. Bu münasibətlər regionda sülhün, sabitliyin və inkişafın əsas dayaqlarından biridir”.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev mətbuata bəyanatlarında iki ölkə arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıblar:
“Dövlətimizin başçısı İlham Əliyev qeyd etdi ki, torpaqlarımız işğal altında olduğu uzun illər ərzində Qazaxıstan ardıcıl olaraq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib. Onu da qeyd edim ki, ölkələrimiz təkcə ikitərəfli münasibətlərdə deyil, həm də beynəlxalq təşkilatlar çərçivəsində bir-birini ardıcıl şəkildə dəstəkləyirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalarda səmərəli əməkdaşlıq edir, qlobal miqyasda sülhün, əməkdaşlığın və ədalətin möhkəmlənməsi üçün səylərini birləşdirirlər. Təbii ki, bu qarşılıqlı dəstək həm siyasi etimadın, həm də ortaq maraqların təzahürüdür”.
Parlamentari onu da vurğulayıb ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata bəyanatında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin töhfəsini xüsusi qeyd etdi:
“Bütün bunlar növbəti dəfə sübut edir ki, Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, iqtisadi cəhətdən güclü və siyasi baxımdan ən nüfuzlu dövlətlərdən biridir. Hazırda dölətimizin başçısının liderliyi sayəsində Azərbaycan-Qazaxıstan münasibətləri yeni səviyyəyə yüksəlib. Hesab edirəm ki, iki ölkə arasındakı əlaqələr təkcə ikitərəfli çərçivədə deyil, həm də strateji və qlobal miqyasda mühüm əhəmiyyət daşıyır”.
AzNews.az