- Siyasi müzakirə
- 12 Noyabr 22:29
- 2 221
“Moskva iqtisadi-humanitar formatda təsirini bərpa etməyə çalışır” - Aytən Qurbanova
“Rusiya Xarici İşlər Nazirliyinin buğda tədarükü ilə bağlı son bəyanatı rəsmi Moskvanın Cənubi Qafqazda vasitəçi kimi mövqeyini bərpa etmək və təsir imkanlarını genişləndirmək cəhdinin növbəti nümunəsidir. Bəyanatda regional kommunikasiya layihələrinin “üçtərəfli işçi qrupu çərçivəsində” həyata keçirildiyi vurğulanmaqla, Rusiya 2020–2022-ci illərdə əldə edilmiş razılaşmalardakı rolunu ön plana çıxarmağa çalışır”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, bu ilin noyabrında Azərbaycan və Gürcüstan ərazisindən yeni açılan dəmir yolu marşrutu ilə ölkəmizdən Ermənistana buğda tədarükü qısa müddətdə təşkil olunub. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat verib. Bəyanatda qeyd olunur ki, ilk yük noyabrın 6-na keçən gecə çatdırılıb. Nazirlik vurğulayıb ki, bu tədbir regional kommunikasiya layihələrinin blokdan çıxarılması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilən səylər və 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmalar sayəsində mümkün olub. Rusiya həmçinin bildirib ki, Cənubi Qafqaz respublikaları arasında münasibətlərin normallaşdırılmasında iştirak edərkən onların suveren milli maraqları rəhbər tutulur. Nazirlik Qərbin vasitəçilik səylərinin isə hələ sınaqdan çıxmadığını qeyd edib.
Siyasi şərhçi bildirib ki, bu addım Moskvanın regiondakı təsirini qorumaq və Qərbin vasitəçilik təşəbbüslərinə qarşı balans yaratmaq niyyətini əks etdirir.
"Son illərdə Avropa İttifaqı və ABŞ-ın Cənubi Qafqazda sülh prosesinə dair artan diplomatik fəallığı Rusiyanın ənənəvi vasitəçilik rolunu zəiflətdiyi üçün, Rusiya iqtisadi-humanitar formatda regional proseslərdə iştirakını qabartmaqla yenidən mərkəzə qayıtmağa çalışır. Azərbaycan üçün əsas prioritet isə regional nəqliyyat marşrutlarının qarşılıqlı suverenliyə hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında açılmasıdır. Ölkə dəfələrlə bildirib ki, regiondakı istənilən layihə qarşılıqlı fayda, milli maraqlara uyğunluq və sülh gündəliyinə dəstək prinsiplərinə əsaslanmalıdır. Beləliklə, Rusiya bu bəyanatla Cənubi Qafqazda geosiyasi oyun qurucusu kimi çıxış etməyə çalışsa da, Azərbaycanın mövqeyi açıq və konkretdir: ölkə heç bir xarici təsirə imkan vermədən dayanıqlı sülh və suveren bərabərlik prinsipləri əsasında regional əməkdaşlığı qurmağı hədəfləyir".
Rəfiqə Namazəliyeva,
AzNews.az