Erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi soyqırımı heç vaxt yaddan çıxmamalıdır - Vaqif Abışov

Azərbaycanlıların soyqırımı” adlı tarixi kitabın müəllifi, tarix elmləri doktoru Vaqif Abışovun AzNews.az-a müsahibəsini təqdim edirik:

- Ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri bəşəri cinayət - 1918-ci il 31 mart soyqırımı günündən 106 il ötür. 1918-ci il mart hadisələri necə olub?

- Cənubi Qafqazın iqtisadi və siyasi mərkəzinə çevrilən Bakı, 1917-ci ilin fevral inqilabından sonra sinfi mübarizənin və hakimiyyət uğrunda çarpışmaların mərkəzinə çevrilmişdi. Bakıda A.Gülxəndyanın rəhbərliyi altında Erməni Milli Şurası yaradıldıqdan sonra erməni silahlı dəstələrinin formalaşdırılmasına xüsusi diqqət verilməyə başlanmışdı. Eyni zamanda Kerenskinin xeyir-duası ilə Türkiyə cəbhəsində döyüşmək üçün Erməni Milli Şurası tərəfindən erməni korpusu yaradılmağa başlanmışdı. Bu işin təşkili isə general Baqratuniyə tapşırılmışdı. Bu dövrdə (1918-ci il) Bakıda Daşnaksütyun partiyası və Erməni Milli Şurasına tabe olan yaxşı silahlanmış hərbi dəstələr yerləşmişdi. Onlara keçmiş rus ordusundan böyük miqdarda silah qalmışdır. Eyni zamanda kifayət qədər pul vəsaitinə malik olan Erməni Milli Şurası tərxis olunan rus əsgər­lərindən, əsasən tüfəng almışdılar. Bütün bunlara rəğmən, əgər St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti, erməni silahlı dəstələrindən istifadə etməsə və «Daşnaksütyun», «Hnçaq» və digər mürtəce – terrorçu erməni təşkilatlarının mənafeyini təmsil edən erməni Milli Şurası ilə ittifaqa girməsəydi, 1918-ci ildə Bakıda, eləcə də Azərbaycanın Şamaxı, Quba, Salyan, Lənkəran və başqa qəzalarında ermənilər dinc türk-müsəlmanlara qarşı qanlı qırğınlar nəinki törədə bilməzdi, ona heç gücü də çatmazdı. Mart qırğını ərəfəsində erməni milli hərbi hissələri Q.Korqanovun yaratmağa başladığı silahlı qüvvələri ilə birləşdilər. Bakıda mart qırğını ərəfəsində isə Qırmızı Ordunun gərargah rəisi, çar ordusunun keçmiş polkovniki, “Daşnaksütyun” partiyasının üzvü Z.Avetisov idi. Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfədən ibarət idi. Bundan 3-4 minə qədər olan daşnak qoşun hissələri də Bakı Sovetinin ixtiyarına verilmişdi.

- Bu soyqırım kimlər tərəfindən və necə həyata keçirildi?

- Ermənilər özlərinin “Böyük Ermənistan” dövləti yaratmaq siyasətlərini həyata keçirmək üçün Rusiyada, eləcə də Bakıdakı əlverişli şəraitin yarandığını görüb bütün imkanlarını işə saldılar. S.Şaumyan silah gücünə, zorla özlərinin təkhakimiyyətlərini yaratmaq üçün türk-müsəlmanları təxribata çəkmək istəyirdilər. 1918-ci ilin yanvar ayında Müsəlman korpusunun komandiri general Əsəd bəy Talışinskinin Bakıda həbsi şəhərin türk-müsəlman əhalisi arasında qəzəb doğurmuşdu (1-ci təxribat). İkinci təxribat isə “Evelina” gəmisində Lənkərana getməyə hazırlaşan əsgərlərin tərksilah edilməsi hadisəsi oldu. Belə ki, Martın 29-da məşhur kapitalist Ş.Əsədullayevin oğlu, zabit Ə.Əsədullayevin komandanlığı altında “Dikaya diviziya” hissələri Sovet hakimiyyəti orqanlarının icazəsi olmadan, əslində heç icazə də lazım deyildi, Lənkərana yola düşmək üçün Bakı limanında “Evelina” paraxoduna mindilər. Şəhərdə çoxsaylı erməni silahlı dəstələrinin olmasına göz yuman bolşeviklər, martın 29-da gəmi ilə Lənkərana qayıtmaq üçün toplaşan müsəlman zabit və əsgərlərini St.Şaumyanın tapşırığı ilə tərksilah etdilər. Bu təxribatın təşkilatçıları çalışırdılar ki, azərbaycanlıları cavab hərəkətləri ilə təxribata sövq etsin və onlara qarşı əsl müharibəyə başlamaq üçün bəhanə əldə etmiş olsunlar. S.Şaumyanın qabaqcadan hazırladığı təxribat baş tutdu. “Kimin birinci atəş açması əhəmiyyət kəsb etmir. Əsas odur ki, 1918-ci il martın 30-da axşam saat 6-da Bakı əsas döyüş meydanına çevrilmişdi.” Təxribatın əvvəlində özlərinin bitərəfliyini bildirən Erməni Milli Şurası və ona tabe olan bütün erməni silahlı qüvvələri, sonradan St.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tərəfinə keçdilər. Erməni-rus bolşevik qüvvələrinin azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi, daha doğrusu, St.Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. 1918-ci il martın 30, 31 və aprelin 1-də Bakıda türk-müsəlman əhaliyə (azərbaycanlılara) qarşı həyata keçirilən soyqırımı zamanı 12 mindən çox dinc insan öldürüldü.

- Sizə görə, bu soyqırıma səbəb nələr idi?

- XX əsrin əvvəllərində Azərbaycanda, ümumən, Cənubi Qafqazda ictimai-siyasi və hərbi vəziyyətin mürəkkəbləşməsinin bir sıra səbəbləri vardı. Həmin səbəblərdən birincisi, çarizmin uzun əsrlər boyu Rusiya imperiyası ərazisində yaşayan qeyri-rus xalqlara qarşı yürütdüyü müstəmləkəçilik siyasəti olmuşdur. Qeyri-xristianlara qarşı dini və milli ayrı-seçkiliyə, Cənubi Qafqazda xristian dövlətinin yaradılmasına xüsusi önəm verilməsi, xalqları bir-birinə qarşı qoymaqla öz imperialist siyasətini həyata keçirməsi, müsəlmanlara etibar edilməməsi, onların dövlət işlərinə və orduya yaxın buraxılmaması Rusiyanın ənənəvi dövlət siyasətinin mahiyyətini təşkil etmişdir. Bu cür münasibət Müvəqqəti hökumətin hakimiyyəti dönəmində də davam etdirilmişdi. İkinci səbəb, ermənilərin Cənubi Qafqazda şovinist millətçi siyasət yeritmələri, Türkiyə və Azərbaycan torpaqları hesabına Erməni dövləti yaratmaq planları idi. Onlar bu məkrli siyasətlərini, əvvəlcə çar Rusiyası və sonra isə hakimyyəti zorakı yolla ələ keçirərək yeni hökumət quran bolşevikin Rusiyasının himayəsindən istifadə etməklə həyata keçirmək fikirində idilər. Üçüncü səbəb, bolşeviklərin proletar diktaturasının yaradılmasını önə çəkməsi, sinfi mübarizəni geniş təbliğ etmələri və S.Şaumyan antiAzərbaycan siyasəti idi. S.Şaumyan öz çıxışlarında bildirirdi ki, “Müsəlman millətçiləri Bakını Azərbaycanın paytaxtı etməyi arzulayırdılar”. “Onlar Zaqafqaziyadan tamamilə ayrılmaq üçün mübarizə aparırdılar ki, Bakı Azərbaycanın paytaxtı olsun; Əgər onlar Bakıda üstünlük əldə etsə idilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi”. 1918-ci il mayın 16-da fəhlələr qarşısında çıxış edən St.Şaumyan bildirmişdi ki, müsavatçıların Bakını Muxtar Azərbaycanın paytaxtı elan etmək planı vardır. St.Şaumyanı qorxudan Azərbaycanın muxtariyyatı, Azərbaycan türklərinin müstəqil dövlət olmaq şansı idi. O, heç cür razılaşa bilmirdi ki, Azərbaycan müstəqil olsun. Bakıda daşnaklarla belə əməkdaşlıq edən və bütün dünya müllətlərinin qurtuluşundan bəhs edən bolşeviklər azərbaycanlıların muxtariy­yatını burjuaziyanın muxtariyyəti hesab edirdi. Ermənilərin müstəqilliyinə gəldikdə isə, St.Şaumyan cani dildən bu işin həyata keçməsinə çalışır və özü də həmin işə rəhbərlik edirdi. Erməni-rus bolşevik ittifaqının əsas istiqamətlərindən biri də, şəhərin müsəlman əhalisini vahiməyə salmaq, öldürmək, didərgin salmaq və ya özlərinin hakimiyyətinə tabe etmək idi. Türk-müsəlmanların əsas hissəsini öz arxasınca aparan “Müsavat” partiyası Bakı Sovetinə imkan vermirdi ki, şəhərdə hakimiyyəti tamamailə öz əlinə alsın.

- 31 mart soyqırımı haqda Azərbaycan mənbələrində nələr yazılıb?

- Mövzunun mənbə bazasını, əsasən, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərə­findən yaradılmış, 1918-ci ilin avqustundan 1920-ci ilin aprelinədək fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının Bakı, Şamaxı, Quba, Zən­gəzur, Şuşa və Azərbaycanın başqa şəhər və kəndlərində erməni silahlı dəstə­lərinin dinc azərbaycanlılara qarşı törədikləri soyqırımları xalqımıza və o cümlədən, dünya ictimaiyyətinə çatdırmaq üçün topladığı ümumiliokdə 36 cild və 3500 vərəqdən ibarət sənədlərlərdən, təkcə Bakı şəhəri və ətrafında erməni silahlı dəstələri tərəfindən törədilmiş zorakılıq hadisələrini əks etdirən materiallar 6 cild 740 vərəq, Göyçay qəzasının Kürdəmir və başqa kəndləri üzrə 4 cild 340 vər., Şamaxı şəhəri və Şamaxı qəzası üzrə 7 cild 925 var., Quba şəhəri və Quba qəzası üzrə 3 cild 451 vərəqdən ibarət idi. Hadisələrin şahidlərindən biri - birinci müsəlman süvari atlı dəstəsənin komandiri Əli Əsədullayev öz izahatında “ermənilərin “İsmailiyyə” binasını, “Kaspi” qəzeti redaksiyasının binasında saxlanılan Quranın 5 min nüsxəsini yandırdıqlarını, 8 qadının və uşaqların güllələdiklərini ...” və s. hadisələrdən bəhs etmişdir. “Nikolay Bünyatov” gəmisində komandir köməkçisi işləmiş Kazım Ələsgər oğlu Axundov isə Fövqəladə Təhqiqat Komissiyasına (FTK-ya) verdiyi izahatında erməni hərbi hissələrinin Bakı şəhərinin “Məmmədli” və “Zibilli Dərə” deyilən yerdə türk-müsəlmanlara amansızcasına və qəddarcasına divan tutmalarından bəhs edirdi. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, baş götürüb qaçan valideynlərin atıb getdikləri südəmər kör­pə­lərin, demək olar ki, hamısını öldürüb, valideynlərin özlərini isə elə yaxaladıqları yerdə asıb-kəsirdilər. Müsəlmanları qırıb-çatmaqla yanaşı, ermənilər onların əmlaklarını da məhv edir, az-çox qiymətli olan şeyləri isə özləri ilə aparırdılar. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Ümumilikdə, ermənilərin törətdikləri soyqırımı zamanı 12 mindən çox azərbaycanlı öldürülmüşdü. FTK-nın sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyanın üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda dağıdılmış ictimai və müsəlmanların şəxsi binalarının çəkilmiş şəkilləri:

1. Nikolayevsk küçəsindəki “Kaspi” qəzetinin redaksiya binası dağıdılmışdı.

2. Müsəlman Xeriyyə Cəmiyyətinin “İsmailiyyə” binasının şərq tərəfi dağıdılmışdı.

3. “Dağıstan” mehmanxanasının yerləşdiyi, Bazar küçəsindəki Xanlarovun evi dağıdılmışdır. Burada əsasən müsəlmanlar yaşayırdılar.

4. Bazar küçəsindəki keçmiş “İsgəndəriyyə” mehmanxanasının binası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.

5. Bazar və Qubernski küçələrinin tinindəki “İslamiyyə” mehmanxanası dağıdılmışdı. Burada da əsasən müsəlmanlar yaşayırdılar.

6. Top atəşi nəticəsində Təzəpir məscid binasının cənub tərəfi zədələnmişdir. Həmin binanın şərq hissəsi də o cür dağıdılmışdı.

7. Top atəşi nəticəsində Şah məscidi minarəsinin şərq tərəfi zədələnmişdi.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Həmin sənədlər hazırda Azərbaycan Respublikasının Dövlət Arxivi (ARDA), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai Siyasi Sənədlər Arxivinin (ARPİİİSSA) müxtəlif fondlarında (ARDA, f. 100, 1061; ARPİİSSA, f. 456, 268, 276, 277) saxlanılır.

- Bu dəhşətli soyqrımda insanlar canlarını nə uğrunda qurban verdilər, nə uğrunda öldülər?

- Cənubi Qafqazda ərazisinin böyüklüyünə və əhalisinin sayına görə çoxluq təşkil edən türk-müsəlman əhalisi (azərbaycanlılar), yaranmış siyasi şəraitdən istifadə edərək, öz müqəddəratını azad, müstəqil həll etmək üçün fəaliyyətə başlamışdı. Bu fəaliyyət üçün də Azərbaycanın imkanları var idi. Belə ki, Cənubi Qafqazda Azərbaycanın ərazisi böyük, əhalisinin sayı isə burada yaşayan başqa xalqlara nisbətdə çox idi. Yusif Vəzir Çəmənzəminli yazırdı ki, “indiyə kimi bizim nə mərkəzi bir şuramız, nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik”. Daha sonra müəllif qeyd edirdi: “Bir mərkəzə tabe Rusiya uçurum qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun idarə ixtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın”. 1918-ci il hadisələrində azərbaycanlılar canlarını öz müqəddəratını azad, müstəqil həll etmək üçün qurban verdilər. Onların qəhrəmanlığı sayəsində 1918-ci ildə Azərbaycanda müstəqil Xalq Cümhuriyyəti quruldu.

- Maraqlıdır, soyqırımın nəticələri yetəri qədər mənbələrdə əksini tapıbmı?

- Fikrimcə, 1918-ci ilin mart soyqırımının nəticələri yetəri qədər mənbələrdə öz əksini tapıb.

- 31 mart hadisələri haqda nələri bilmirik?

- Fikrimcə, 31 mart hadisələri haqda çoxsaylı arxiv sənədləri nəşr olunub və elmi-tədqiqat, bədii-tarixi və s. əsərlər yazılıb. Nəticə olaraq demək olar ki, 31 mart hadisələri haqda hər şeyi bilirik. Qalır bu bildiklərimizi heç vaxt unutmamaq və unutdurmamaq.

- Sonda isə bilmək istərdik ki, Azərbaycan xalqı bu il 31 mart soyqırımını necə anır?

- Bu il də Azərbaycan xalqı həmin o faciəli günləri hüznlə yad edir. Çünki xalqımıza qarşı erməni silahlı dəstələrinin törətmiş olduqları soyqırımı hadisələri heç vaxt yaddan çıxmamalıdır. Bu gün də Ermənistan Respublikası öz məkrli siyasətini gizlətmir, Türkiyə və Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları ilə çıxış edir. Ona görə də məkrli düşmənin təcavüzkar planlarının qarşısını almaq üçün tarixin əvvəlki səhifələrindəki hadisələri dərindən öyrənməli və yadda saxlamalıyıq.

Rəfiqə NAMAZƏLİYEVA

QEYD: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsi üzrə hazırlanmışdır.