Nərimanovun abidəsinin yerinin dəyişdirilməsi çox böyük təxribat olar - Mahir Dərziyev

"Nərimanovun adını daşımış mədəniyyət mərkəzindən adının götürülməsini ictimaiyyət qəbul etmir".

“Azərbaycan mətbuatı həmişə Gürcüstanda yaşayan soydaşlarının qayğısına qalır. Onların problemlərini ictimailəşdirməyə çalışır. Bu, böyük dəstəkdir”.

Bunları AzNews.az-a Gürcüstanın Marneuli şəhərindəki Mədəniyyət Evinin qarşısından Nəriman Nərimanovun büstünün götürülməsi ilə bağlı açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyev deyib.

Azərbaycanlı deputat yayılan bu xəbərin böyük təxribata yönəldiyini bildirib:

“Gürcüstanlı bir cavan oğlan sosial şəbəkədə Marneulidə Mədəniyyət mərkəzinə və onun yaxınlığındakı parka Merat Kostavanın adı veriləndən sonra oradan N.Nərimanovun büstünün götürülməli olduğu barədə yazı paylaşıb. Həmin cavan oğlan özü-özlüyündə adi bir Gürcüstan vətəndaşıdır. Amma bu hərəkəti böyük təxribata yönəlmişdi. Bəlkə də sadəlövhlüyündən yazıb, ancaq bunu siyasi müstəviyə çəkdilər”.

M. Dərziyev məsələnin səbəblərindən danışarkən mədəniyyət evinin faktiki olaraq N. Nərimanovun adını daşımadığını qeyd edib:

Bilirsiniz ki, Nəriman Nərimanov Gürcüstan əsillidir. Tiflisdə doğulub, Borçalıda uzun müddət müəllimlik edib. Ədəbi fəaliyyəti olub. Bütün Azərbaycan xalqı kimi bizə də əzizdir. Dəfələrlə vurğulamışam ki, Nərimanovun Azərbaycan tarixindəki yeri onun qısa müddətli dövlət fəaliyyəti ilə bağlı deyil. Azərbaycanda Zaqafqaziya Xalq Komissarlarının və SSRİ Mərkəzi İcraiyyə komitəsinin sədri olub. Nərimanov Azərbaycan folklor tarixinə böyük ictimai xadim, dramaturq, maarifçi mütərəqqi bir mütəffəkir kimi daxil olub. Heç təsadüfi deyil ki, Heydər Əliyev çox böyük çətinliklərlə Moskvanın təzyiqlərinə qarşı gedərək Bakıda ona çox layiqli bir abidə qoyub. O dövrdə xalq arasında deyilirdi ki, Heydər Əliyevin planında abidənin Kirov abidəsindən daha hündür olması nəzərdə tutulmuşdu. Biz tələbə gənclər də o dövrdə fəxr edirdik ki, H.Əliyev belə bir addım atıb. Bakının ən uca yerində ən uca abidə Nərimanovundur.

1986-87-ci ildə Nərimanovun Borçalıda abidəsi qoyuldu. Marneulidə tikilən Mədəniyyət evinə də Nərimanovun adı verildi. Gürcüstan dövlət müstəqilliyini bərpa etdikdən sonra köhnə adlar aradan qaldırılmağa başladı. Bu da təbii idi. Sovet dönəmindən qalan adlar, sovet simvolikası... Azərbaycanda da, keçmiş SSRİ respublikalarında da analoji proses gedirdi. Marneuli şəhər bələdiyyəsi Mədəniyyət evinə Nərimanovun adının verilməsi ilə bağlı qərar qəbul etmişdi. O dövrdə prosedur tələb edirdi ki, yerli özünü idarəetmə orqanın qərarı nazirlikdə qeydiyyatdan keçsin. Bu baş tutmadığından ad ona verilmədi. Bu günə qədər də o Mədəniyyət evinin divarında sovet dövründən qalan lövhə asılıb. Ancaq bu gün ora faktiki olaraq Nərimanovun adını daşımır”.

Deputat son dövrlərdə bir qrup gəncin ərizə, petisiya ilə həmin mədəniyyət mərkəzinə və qarşısındakı parka Merat Kostavanın adının verilməsi ilə bağlı Marneuli meriyasına müraciət etdiklərini deyib:

“Merat Kostava Gürcüstanın milli azadlıq hərəkatında dövlət müstəqilliyində müstəsna xidmətləri olmuş böyük şəxsiyyətdir. Bu yolda da canı fəda etdi, müəmmalı şəkildə avtomobil qəzasında həlak oldu. Onun xatirəsi bütün Gürcüstan üçün çox əzizdir. Biz azərbaycanlıların da ona böyük hörməti var. Bu gün ictimaiyyətin tələbi ondan ibarətdir ki, Merat Kostavanın xatirəsi əbədiləşdirilsin. Buna heç kimin etirazı yoxdur. Başqa bir yerdə, bundan da gözəl şəraitdə ona abidə qoyulsun. Buna bizim ictimaiyyətimiz qarşı deyil. Amma Nərimanovun adını daşımış mədəniyyət mərkəzindən adının götürülməsini ictimaiyyət qəbul etmir. Abidənin yerinin dəyişdirilməsi çox böyük provakasiya olar”.

M. Dərziyev bununla bağlı bir qrup azərbaycanlı fəalın yerli özünü idarəetmə orqanına petisiya ilə müraciət edərək Nərimanovun adının Mədəniyyət Mərkəzində və qarşısındakı parkda bərpa edilməsini istədiyini vurğulayıb.

Deputat sözlərinə belə davam edib:

“Həmin gəncin bu bəyanatını sırf təxribat hesab edirəm. Dünən aksiyada iştirak edən insanların bir çoxu ilə şəxsən söhbət etmişəm. Onların böyük əksəriyyətinin səmimiyyətinə şübhəm yoxdur. Dinc şəraitdə yığışıb öz sözlərini dedilər. Mənim həmişə bir qorxum olub. Bu gün Gürcüstanda bir çox dövlətlərin maraqları var. Gürcüstanda azərbaycanlıların düşmənlərinin yazdığı ssenarilərin əksəriyyəti milli, dini zəmində nifaq salmaq üzərində qurulub. Belə məsələlərdə təmkinli davranıb qanun çərçivəsində hərəkət etmək lazımdır ki, kimlərəsə bundan bizə qarşı istifadə etmək üçün əsas verməyək” .

Pərvanə Ağazadə

AzNews.az