Azərbaycan bu sahədə də Cənubi Qafqazın liderinə çevrilir Azərbaycan bu sahədə də Cənubi Qafqazın liderinə çevrilir

Gürcüstanın aqrar üstünlüyü yalanı - ŞƏRH

Azərbaycan bu sahədə də Cənubi Qafqazın liderinə çevrilir

Gürcüstan Azərbaycana kənd təsərrüfatı məhsullarının ixracını xeyli artırıb. Qonşu ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, bu artım ötən illə müqayisədə 120% olub. Sənəddə həmçinin vurğulanır ki, Azərbaycan 2018-ci ildə Gürcüstanın kənd təsərrüfatı məhsullarının ixrac edən əsas bazarlardan biridir.

Maraqlıdır ki, Azərbaycan son illər qeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü iqtisadi siyasətdə qarşısına əsas məqsəd kimi idxalı azalmaq hədəfini qoyub. Cənab Prezidentin vaxtaşırı müşavirələrdə dilə gətirdiyi iqtisadi strategiyalarında ölkəmizin xüsusilə qida məhsulları istehsalında özünü 100% təmin edəcək vəziyyətə gətirilməsi, hətta bununla da kifayətlənməyərək, ixracatçı dövlətə çevrilməsi tələb olunur. Qida təhlükəsizliyi konsepsiyasının tərkib hissəsi olan bu prinsipin həyata keçirilməsi üçün Azərbaycan hökuməti aqrar sahənin inkişafına böyük miqdarda kapitallar ayırır, müxtəlif güzəştlər və səmərəli subsidiyalarla fermerlərimiz bu işə səfərbər olunurlar. Aqrar sektorunun inkişafını təmin etmək üçün ölkəmizin ən başarılı məmurlarından biri – dünya idarəetmə təcrübəsində milli brentimizə çevrilmiş “Asan” Xidmətin quruculuğunda mühüm rol oynayan İnam Kərimov Kənd Təsərrüfatı naziri təyin edilib.

Göründüyü kimi, aqrar tərəqqi naminə ölkəmizin həm maddi, həm əqli, həm də insan resurslarından maksimum istifadə etməyimizə baxmayaraq, Gürcüstanın yaydığı rəsmi məlumatlar həmin ölkədən Azərbaycana idxalın nəinki azalmadığını, əksinə ciddi şəkildə artdığını göstərir. Bu da istər-istəməz ortaya belə bir sual çıxarır: ötən il rəhbərliyi dəyişdirilən KTN-nin işini qənaətbəxş hesab etmək olarmı?

İlk baxışdan, həqiqətən də xeyli təəccüblü görünən bu hadisəni dərinliyinə analiz edəndə Gürcüstanın ölkəmizə ixracatını artırarkən, əslində qeyri-adi heç nəyin baş vermədiyi aydınlaşır. Məsələ burasındadır ki, hansısa ölkənin Azərbaycana ixracının artması hələ ölkəmizin aqrar tərəqqidən geri qalması, ümumi idxalımızın böyüməsi demək deyil. Mümkündür ki, Azərbaycan Gürcüstandan aldığı kənd təsərrüfatı məhsullarının həcmini artıra, digər ölkələrlə isə idxalını azalda bilər. İdxal-ixrac münasibətlərində saldonun müsbət və ya mənfi olduğunu təsbit etmək üçün ümumi mənzərəyə baxmaq lazımdır. Ümumi mənzərədə isə Azərbaycanın ötən il xüsusilə kənd təsərrüfatı məhsullarında ixracatını xeyli artırdığı görünür.

Ölkə başçısı İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışına görə, ötən ilik birinci yarısında xarici ticarət dövriyyəsi 35%, ixrac 34%, o cümlədən qeyri-neft ixracı 20% artıb. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollar olub ki, bu da qeyri-neft sektorunun inkişafı istiqamətində aparılan kompleks işlərin, sərmayə mühitinin əlverişliliyi nəticəsində baş verib. Ölkə rəhbərinin bu etirafı qeyr-neft soktorunda, o cümlədən aqrar sahədə ixracın idxalı üstələdiyindən xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmaları da bu faktı təsdiqləyir. Mərkəzin hazırladığı “İxrac İcmalı”nın 2019-cu ilin yanvar buraxılışına əsasən, ötən il qeyri-neft məhsullarının ixracatı 10% artıb. Əsas artım isə kənd təsərrüfatı məhsullarında olub:

“Azərbaycan ixrac etdiyi qeyri-neft məhsullarının siyahısında ilk yerləri pomidor (177,4 mln. dollar dəyərində), qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda, 118 mln. dollar dəyərində) və xurma (114,5 mln. dollar dəyərində) olub.

Ümumiyyətlə, ötən il meyvə-tərəvəz ixracı 560 mln. dollar, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 118,6 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 112,2 mln. dollar, elektrik enerjisinin ixracı 65,6 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 86,2 mln. dollar, pambıq lifi ixracı 80,5 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 78,1 mln. dollar, pambıq ipliyi ixracı 24 mln. dollar dəyərində olub. İllik müqayisədə pambıq lifinin ixracı 2,4 dəfə, elektrik enerjisinin ixracı 29%, pambıq ipliyinin ixracı 49%, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 17%, meyvə-tərəvəzin ixracı 11%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 4% artıb”.

Bu məlumatların işığında məsələyə baxsaq, görərik ki, ötən il Azərbaycanın qeyri-neft ixracatının hardasa 1/3-ni meyvə-tərəvəz məhsulları təşkil edib. Zira məlumatlara görə, 2018-ci ildə ölkəmizdən cəmi 1,689 mlrd. ABŞ dolları dəyərində qeyri-neft məhsulu ixrac edilib, meyvə-tərəvəz məhsulları isə 560 milyon dollar həcmində olub. Bu hesaba bir də digər kənd təsərrüfatı məhsullarını əlavə etsək, aqrar sektorun ümumi ixracatdakı nisbəti xeyli artar: pambıq lifi ixracı 80,5 mln. dollar, xurma 114,5 mln. dollar.
Göründüyü kimi, yalnız 2 adda məhsulun ümumi dəyəri 225 mln. ABŞ dollarıdır və bunu meyvə-tərəvəzdən gələn qazanca əlavə etsək, 785 mln. dollar edər ki, ortaya çıxan rəqəm ümumi qeyri-neft ixracatımızın 46%-nə bərabərdir. Sözsüz ki, statistik məlumatlara düşməyən digər məhsullarımız da var və onları da hesaba qatsaq, ümumi qeyri-neft ixracatımızın ən azı yarıdan çoxunun aqrar sektorun payına düşdüyünü görə bilərik.

Statistik rəqəmlər təkcə Azərbaycanın Gürcüstan üçün deyil, Gürcüstanın da Azərbaycan eyni şəkildə üçün kənd təsərrüfatı məhsullarının əsas ixrac bazarlardan biri olduğunu göstərir. Belə ki, rəsmi statistik rəqəmlərə görə, ötən ilin ilk 8 ayı ərzində Rusiyaya 375 milyon, Türkiyəyə 249,8 milyon, İsveçrəyə 92 milyon, Gürcüstana 88,5 milyon və Çinə 32 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Düzdür, digər ölkələrdən fərqli olaraq, Gürcüstana ixracatımız azalıb, hardasa, 10%. Amma 2017-ci illə müqayisədə Rusiyaya 12%, Türkiyəyə 18%, İsveçrəyə 1%, Qazaxıstana 36% qeyri-neft ixracatımızı artırmışıq. Bu baxımdan Gürcüstanın ölkəmizə ixracatını artırması, bir çoxlarının düşündüyü kimi, Azərbaycanın yerində saydığı mənasına gəlmir. Dünyanın ən inkişaf etmiş ölkələri belə, öz istehsalı olan məhsulları idxal edirlər. Bu isə onların həmin idxala ciddi ehtiyacı olduğundan deyil, iş adamlarının istehlak bazarında çeşidlilik yaratmaq niyyətindən irəli gəlir.

Rəsmi xəbərlərdə Gürcüstandan Azərbaycana nə qədər mal ixrac olunduğu bildirilmir. Azərbaycandan isə yuxarıda da qeyd etdiyimiz kimi, Gürcüstana ixrac etdiyimiz qeyri-neft məhsullarımızın ümumi dəyəri bəllidir – 88.5 mln. dollar. Nəzərə alsaq ki, Gürcüstanın ümumi aqrar məhsul ixracatı 959,2 mln. dollardır, hətta aqrar məhsulların ticarətində müsbət saldonun kimin xeyrinə olduğunu belə, demək çətindir.

Üstəlik, əlahəzrət faktlar da bir çoxlarının iddia etdiyi kimi, Gürcüstanın iqtisadi inkişaf baxımından bizi üstələdiyi arqumentlərini alt-üst edir. Əsasən aqrar ölkə kimi tanınan və Cənubi Qafqazın ən çox su ehtiyatlarını, bərəkətli torpaqlarını özündə cəmləşdirən bu ölkədə kənd təsərrüfatı məhsullarının ixracatının cəmi 959.2 milyon dollar olması da dediklərimizi təsdiqləyir. Halbuki, Azərbaycanın yalnız meyvə-tərəvəz ixracatı Gürcüstanın ümumi aqrar ixracatının yarısı qədərdir. Baxmayaraq ki, Gürcüstanın aqrar potensialı nəinki bizdən geri qalmır, əksinə bəzi məqamlar daha üstündür. Məsələn, 20% torpağını itirən Azərbaycanın indiki vəziyyəti Gürcüstnla hardasa eynidir. Gürcüstan 69.700 km², Azərbaycan 86.6 min km2. İşğal olunmuş əraziləri kənd təsərrüfatı üçün yararlı ərazilərdən çıxsaq, rəqəmlər eyniləşər, bəlkə də məhsuldarlıq nöqteyi-nəzərindən biz daha ağır gələrik.

Üstəlik, Azərbaycan torpaqlarının 40%-ə qədəri əkinə yararsızdır.

Cənubi Qafqazın su ehtiyatının 70%-i Gürücüstanın, cəmi 10%-i Azərbaycanın payına düşür. Aqrar sektor üçün vazkeçilməz amillərdən sayılan torpaq və su üstünlüyünə rəğmən, Gürcüstanın hətta bu sahədə bizdən çox da fərqlənməməsi, zənnimizcə, Azərbaycan hakimiyyətinin yürütdüyü uğurlu aqro-siyasəti ilə bağlıdır.

Rəsmi Tiflisdən fərqli olaraq, rəsmi Bakı aqrar sektorun inkişafı üçün ciddi dövlət proqramları həyata keçirir, fermerlərə 60%-ə varan subsidiyalar, güzəştli kreditlər verir və fermerləri öz təsərrüfatlarını böyütməyə, məhsuldarlığı artırmağa təşviq edir. Azərbaycan fermerləri qarşısında ciddi problem kimi dayanan su məsələsinin həlli istiqamətində incə düşünülmüş addımlar atılır. Cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycanda 4 böyük su anbarının (Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay) tikilməsi aqrar tərəqqini hədəfləyən ən önəmli meliorativ tədbirlərdəndir.

Ölkəmizdə aqrar sektorun ən önəmli inkişaf layihələrindən biri də fermer təsərrüfatlarının müasir texnikalarla təmin olunmasıdır. Son illərdə ölkəmizə minlərlə texnikanın gətirildiyi sirr deyil. Ölkə başçısının bildirdiyinə görə, təkcə 2017-ci ildə Azərbaycana 10 min texnika gətirilib. Bu il də eyni siyasətin davam etdiriləcəyi, müxtəlif texnikalar - taxılbiçən, pambıqyığan kombaynlar, traktorlar, qoşqular, digər xüsusi avadanlıqların alınacağı nəzərdə tutulur.

Aqro-innovasiyalar nəticəsində ölkəmizin 250 min hektarlıq ərazisində artıq 51 aqropark yaradılıb. Bu isə insan əməyini asanlaşdırdığı kimi, həm də məhsuldarlığı artırır. Bir sözlə, Gürcüstandan fərqli olaraq, Azərbaycanda kənd təsərrüfatına göstərilən diqqətin siyahısını xeyli uzatmaq olar.

Bütün bu dediyimiz-demədiyimiz faktlar və göstəricilər yaxın gələcəkdə Azərbaycanın aqrar sektorda Cənubi Qafqazın liderinə çevriləcəyinin qarantıdır.

Mürvət Həsənli,
ADAM sədri