Kriminal aləmin “xaç atası”nın ölümü ilə bağlı yeni versiyalar var Kriminal aləmin “xaç atası”nın ölümü ilə bağlı yeni versiyalar var

Ded Xasanı Azərbaycandan gedən killerlər öldürüb – İDDİA

Kriminal aləmin “xaç atası”nın ölümü ilə bağlı yeni versiyalar var



Moskvada kriminal aləmin "xaç atası" hesab edilən Ded Xasanın öldürülməsindən sonra hadisə ətrafında müzakirələr davam edir. Aslan Usoyanın qətlində adı daha çox hallandırılanlardan biri də azərbaycanlı "qanuni oğru" Rövşən Canıyevdir. Rusiya mətbuatı sui-qəsdin təşkilində onun da daxil olduğu "üçlüyün" adını daha tez-tez hallandırır. "Новая газета"nın yazdığına görə, ölüm qərarı 2009-cu ilin əvvəlində verilib. Qanlı münaqişənin yaranması səbəbləri arasında isə bir çox amillərlə yanaşı, Çerkizov bazarının bağlanması da dayana bilərdi.

Qəzet kriminal aləmdə dolaşan söhbətlərə görə qətlin "Merab" ləqəbli Merab Cenqveladze, "Cemo" ləqəbli Cemo Mikeladze və Rövşən Caniyevin (Lənkəranski) sifariş verdiyi versiyasından yazır:

"Hətta təfərrüat da müzakirə edilir. Cemo təşkilatı məsələlərlə məşğul olub. Merab sifarişi maliyyələşdirib. Rövşən Lənkəranski isə Azərbaycandan killer briqadası dəvət edib. Bu mənbələr əmin edir ki, hadisədən bir neçə saat sonra killerləri həbs etməyə hazırlaşıblar. Ancaq əməliyyat qrupunu rəhbərlik məlum olmayan səbəblərdən bazaya qaytarıb (soyadlar məlumdur).

Ded Xasanın öldürüldüyü silaha gəlincə isə, hazırda bu qəbildən olan ümumilikdə 43 silah axtarışdadır. Bu silahların böyük əksəriyyəti Çeçenistandakı döyüşlərdə silahlılar tərəfindən ələ keçirilib".


Qəzetin yazdığına görə, hadisədən 2 gün əvvəl Ded Xasanın ofisinə Federal Təhqiqatlar Bürosunun əməkdaşları gələrək sui-qəsdin olacağı barədə xəbər veriblər. Ded Xasan isə cavabında "Əgər sifariş varsa, bütün hallarda öldürəcəklər" deyərək bu informasiyaya görə pul verməyib.

Elnarə Əlosmanqızı
AzNews.az