Bank müdirinin öldürüldüyü oteldən məhkəmə sorğusuna - Cavab

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


AzNews.az xəbər verir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə "Avropa" otelinin məhkəmə tərəfindən təqdim edilmiş sorğuya verdiyi cavab elan edilib.

Sənan Quliyevin vəkili Vasif İsrafilovun verdiyi vəsatətlə göndərilən sorğuya cavab olaraq bildirilib ki, hadisə baş verən gün otelin kamera nəzarəti otağında Rafiq Abdullayev adlı əməkdaş növbətçi olub.

Vəkil Cavid Rzazadənin verdiyi vəsatət üzrə göndərilən sorğuya cavabda qeyd olunub ki, idman zalının girişində 1, dəhlizdə 1, aerobika zalında 1, massaj otağında 1, soyunma-geyinmə otağında 2, mini-barda isə 1 kamera quraşdırılıb.


Tərəflər göndərilən sorğunun cinayət işinə daxil edilməsinə etiraz etməyib və hakimlər kollegiyasının yerində müşavirə edərək verdiyi qərarla "Avropa" oteli tərəfindən göndərilən sorğu sübutlar siyahısına əlavə edilib.

Zərərçəkən Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədovanın nümayəndəsi Samir İsayev vəsatət verərək "Qafqazinfo.az" saytının əməkdaşının məhkəmə prosesindən kənarlaşdırılmasını istəyib: "Saytın əməkdaşı Murad Əhməd məhkəmə prosesində baş verən bütün hadisələri detallı şəkildə yazır. Verilən vəsatətləri geniş formada ictimaiyyətə təqdim edir. Yazılarında təhriflərə yol verir. Bununla da ictimai rəyi çaşdırmaqla ona təsir edir. Xahiş edirəm, "Qafqazinfo.az" saytının müxbiri Murad Əhməd məhkəmə prosesindən kənarlaşdırılsın".

Samir İsayev

Gülsabah Əhmədova da bu vəsatəti müdafiə etdiyini bildirib. O qeyd edib ki, təqsirləndirilənlərin anası sayta müsahibə verərək yalan məlumatlar danışıblar. Bu zaman onunla təqsirləndirilən Sənan Quliyev və Cavid Rzazadə arasında gərgin dialoq baş tutub:

S.Q: Sizin mənim anamla nə işiniz var? Nə istəyirsiz məndən istəyin. İstəyirsiz gedim 20 il cəzamı çəkim.

G.Ə: Anan yalandan deyir ki, sən bıçağı meyvə yemək üçün götürmüsən. Guya biz təzyiq etmişik. Nə təzyiq? Mən 2 ay oğlumun yasını saxlamışam.

C.R: Elə Mövlud Səfərovun maddəsi də 2 ay sonra dəyişdirilib.

G.Ə: Yaxşı olub.

Dövlət ittihamçısı vəkil Samir İsayevin vəsatətinə münasibət bildirərək deyib ki, əgər ailə sirrini yayacaq məlumatlar yayımlanırsa, məhkəmə iclası qapalı keçirilə bilər.

Sənan Quliyevin vəkili Vasif İsrafilov vəsatətə etiraz edərək deyib ki, təqsirləndirilənlərin valideynlərinin "Qafqazinfo.az" saytına müsahibəsi məhkəmədən kənar prosesdir: "Onların müsahibə vermək hüquqları var. Bu müsahibələrin məhkəməyə aidiyyatı yoxdur. Məhkəmə prosesi açıq keçirilir və jurnalistin kənarlaşıdırılmasına ehtiyac yoxdur. Vəsatətin təmin edilməməsini xahiş edirik".

Vasif İsrafilov

Mövlud Səfərovun vəkili Cavid Rzazadə də vəsatətə etiraz edib və zərərçəkənin anası Gülsabah Əhmədovanın də digər media qurumlarına bir neçə dəfə müsahibə verdiyini xatırladıb: "Bu vəsatətin hazırkı məhkəmə işinin gedişatına aidiyyatı yoxdur. Gülsabah xanımın da müsahibə verməsinə normal yanaşırıq. "Qafqazinfo.az" saytının əməkdaşı Murad Əhməd məhkəmədə baş verənləri, gördüklərini yazır. Gizli məlumatlar əldə etmir, qapalı məhkəmə prosesindən məlumat əldə edib yazmır. Xahiş edirik, vəsatət təmin edilməsin".

Cavid Rzazadə

Təqsirləndirilən şəxslər də vəsatətə münasibət bildirərək vəkilləri ilə razı olduqlarını bildiriblər.

Məhkəmə kollegiyası yerində müşavirə keçirərək vəsatətin təmin edilmədiyini bildirib: "Məhkəmənin hazırlıq iclasında prosesin açıq keçirilməsi barədə qərar qəbul edilib. Buna görə də zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Samir İsayevin "Qafqazinfo.az" saytının əməkdaşı Murad Əhmədin məhkəmə prosesindən kənarlaşdırılması barədə vəsatəti təmin edilməsin".

Bundan sonra dövlət ittihamçısı vəsatət verərək məhkəmə istintaqının tamamlanmasını istəyib.

Zərərçəkənin hüquqi varisi Gülsabah Əhmədova və onun nümayəndəsi Samir İsayev vəsatəti müdafiə edib. S.İsayev bildirib ki, onlar videoya baxış keçiriblər.

Bu zaman təqsirləndirilən Sənan Quliyev replika ilə "onda siz korsunuz" deyə ona cavab verib.

Vəkil Cavid Rzazadə dövlət ittihamçısının vəsatətinə etiraz edərək bildirib ki, məhkəmə öncədən qəbul etdiyi vəsatətin təmin olunmasını reallaşdırmalıdır: "Ötən iclasların birində müdafiə tərəfiniz videoya baxışın zərərçəkənlərin və şahidlərin iştirakı ilə baxılması barədə vəsatəti təmin edilib. Əgər bu gün istintaq tamamlansa, məhkəmə öz qərarına qarşı çıxmış olacaq. Videoya baxış protokolu tərtib olunub, amma təhriflər var. Həmin protokol sübut kimi qiymətləndirilməməlidir. Hadisəni əks etdirən video hələ də müdafiə tərəfinə təqdim edilməyib. Öncə video bizə verilsin. Xahiş edirəm, vəsatət təmin edilməsin".

Təqsirləndirilən Sənan Quliyev bildirib ki, məhkəmədə ifadə verən şahidlərin yalan danışıb-danışmadığını bilmək üçün videoya ümumi baxış keçirilməlidir: "Cənab hakim, şahidlər ifadə vermədən öncə onlara xəbərdarlıq etdiniz ki, yalan danışmağa görə cinayət məsuliyyətinə cəlb ediləcəklər. Onlar yalan danışıblar. Buna görə də videoya baxış keçirək".

Dövlət ittihamçısı təqdim etdiklərin videogörüntünün sübut kimi tədqiq edilməsinə ehtiyac görmədiklərini bildirib.

Vəkil Vasif İsrafilov deyib ki, tədqiq olunmasını istəməmək sübutdan imtina etmək deməkdir: "Əgər belədirsə, dövlət ittihamçısı yazılı müraciət edərək həmin sübutdan imtina etdiyini bildirsin. Dövlət ittihamçısının məhkəmə istintaqının tamamlanması barədə vəsatətinin təmin edilməməsini xahiş edirəm".

Hakimlər kollegiyası yerində müşavirə edərək dövlət ittihamçısının vəsatətinin təmin edildiyini bildiriblər.

C.Rzazadə təkrar ötən prosesdə şahid kimi dindirilən Emin Həmidovun təkrar məhkəməyə çağırılıb dindirilməsini istəyib: "Emin Həmidov məhkəməyə ifadəsində qeydiyyat stolunun üzərində iki kamera olduğunu dedi. İndi isə özü sorğuya cavabında 1 kamera olduğunu yazıb. Həmçinin məhkəmə tərəfindən göndərilən sorğuda kameraların quraşdırılması sxeminin təqdim edilməsi istənilmişdi. Xahiş edirəm, məhkəmə otelə sorğunun natamam cavablandırılması barədə təkrar məktub göndərib digər məsələlər barədə də cavab verilməsini xahiş etsin".

Zərərçəkən Azər Məmmədovun anası Gülsabah Əhmədova bu vəsatətə etiraz edib: "Kameraların neçə dənə olması, harda olması nəyi dəyişəcək? Ölən bilinir, öldürən bilinir. Niyə məhkəməni uzadırsınız?".

Dövlət ittihamçısı vəsatətə etiraz edərək ironiya ilə münasibət bildirib: "Mən gözləyirəm ki, növbəti iclaslarda müdafiə tərəfi həmin ərazinin hansı şirkət tərəfindən layihələndirildiyi, binanın tikintisində hansı növ materiallardan istifadə edildiyi barədə vəsatət versinlər. Hazırkı vəsatət tam əsassızdır və xahiş edirəm təmin edilməsin".

Hakimlər kollegiyasının yerində müşavirə edərək verdiyi qərarla vəsatət təmin edlməyib.

Məhkəmə prosesi noyabrın 10-da davam etdiriləcək.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.