Bəstəkar yaradıcılığındakı yeniliklərdən danışdı

Gənc bəstəkar Tural Bakuvi yaradıcılığındakı yeniliklərdən danışıb.

AzNews.az-a verdiyi açıqlamasında o, bildirib ki, 10-dan artıq yeni mahnı bəstələnib və bunlardan bəziləri artıq hazırdır.

"Bu yaxınlarda Rövşən Civişovun ifasında "Olsun", gənc müğənni Samirə Səmanın ifasında "De mənə" adlı mahnılarımız işıq özü gördü və dinləyicilər tərəfindən xoş qarşılandı. Son olaraq isə, Qismət qrupunun ifa etdiyi "Yaşayıram", Rəmal Rəsulun ifa etdiyi "Və sən getdin", "Milaya" adlı mahnılar artıq dinləyicilərin ixtiyarındadır. Tezliklə, bitirəcəyimiz mahnılar isə xalq artisti Flora Kərimova, Elçin Hüseynov, Rəmal Rəsul, Rövşən Civişov, Samirə Səma və gənc müğənni Aylinin ifalarında səslənəcək".

Mahnılarla yanaşı, instrumental kompozisiyalar və film soundtrackları üzərində də işləyən bəstəkar musiqilərini hazırladığı "Canavar Qoxusu" adlı bədii filmin yekunlaşmaq üzrə olduğunu qeyd edib. O, sözü gedən filmin tezliklə kinoteatrlarda və telekanallarda nümayiş olunağını bildirib: "Artıq uzun müddətdir üzərində işlədiyimiz Canavar Qoxusu bədii filmi yekunlaşmaq üzrədir. Filmin rejissoru Samir Qulamovdur, musiqiləri mənə, aranjiman və səs tənzimatı isə Rəmal Rəsula aiddir. Bundan əlavə Adil Azayın rejissoru olduğu Seyyid Yəhya Bakuvi haqqında çəkilən sənədli filmin də musiqi işləri mənə həvalə edilib. Bu filmin ssenari müəllifi Orxan Fikrətoğludur".

Bəstəkar eyni zamanda yeni instrumental Kompozisiyalar üzərində çalışdığını da bildirdi: "Bütün bu işlərlə yanaşı paralel olaraq instrumental əsərlər üzərində də işləyirəm. Tezliklə dinləyicilərə yeni Qış Kompozisiyasını və başqa bir neçə instrumental musiqilərimi təqdim edəcəyəm".

AzNews.az