Azərbaycanlı alim beynəlxalq konfransın elmi komitəsinə üzv seçildi

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Roida Rzayeva fevralın 6-dan 8-nə qədər İtaliyanın paytaxtı Romada keçiriləcək Sosial və Əxlaq Elmləri üzrə III Avropa Konfransının elmi komitəsinə üzv seçilib.

İnstitutdan verilən məlumata görə, gənc alim komitənin üzvləri arasında Azərbaycandan yeganə tədqiqatçıdır.

Beynəlxalq tədbir Avropanın ən böyük, İtaliyanın isə ən qədim ali məktəblərindən biri olan Sapienza Universitetində "Sosial və əxlaq elmləri üzrə tədqiqat nailiyyətləri" mövzusunda təşkil olunur.

Konfransda R.Rzayeva "Multikulturalizm və postmodernin dəyər istiqamətləri" adlı məruzə ilə çıxış edəcək. Tədbirdə 14 ölkənin alim və mütəxəssislərinin iştirakı gözlənilir.

Elnarə
AzNews.az