Alim Qasımovun Tunis konsertinin təfərrüatları

Xalq artisti, tanınmıs muğam ifaçısı Alim Qasımov Tunisdən səfərdən qayıdıb. Bunu AzNews.az-a Əməkdar artist Fərqanə Qasımova dedi.

3 gün davam edən festival Tunisin məşhur muzeylərinin birində Aaron Oberlanderdə baş tutub: "Orada möhtəşəm konsert verdik. Bu festival 20 ildir ki, keçirilir. 2006-cı ildə Alim Qasımov həmin festivalda iştirak edib. Bizim hər birimiz orada bir bəstəkar mahnısı ifa etdik. Azərbaycan muğamlarından olan "Şur" dəsgahı festival iştirakçılarına təqdim olundu".

F.Qasımovanın bildirdiyinə görə, Azərbaycanın Tunisdəki səfiri festival iştirakçıları arasında olub. Festivala Özbəkistan, Azərbaycan, Argentina, Rumıniya və s. kimi ölkələr qatılıb. Qarşıdakı səfərlərinin çoxluğundan danışan muğam ifaçısı Azərbaycandakı tamaşaçılarını da diqqətdə saxladığını dedi: "Azərbaycan tamaşaçılarımız üçün bir layihə üzərində işləyirik".

Alim Qasımov 55-i haqladı. Amma nədənsə 55 illik yubiley dövlət tərəfindən qiymətləndirilmədi sualına sənətkarın cavabı belə oldu: "Alim müəllim 55 illiyi ilə əlaqədar dövlətdən heç nə almadı. Hər şey insanın könlü ilə bağlı ola daha yaxşı olar. Hədiyyə həmişə sevilir".

Bahar Rüstəmli
AzNews.az