Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

Moskva mətbuatının “Turan incisi”

Sabir Rüstəmxanlı


Mədəniyyət, ədəbiyyat siyasi sistemlərdən, dövlətlərin münasibətlərdən asılı olmayaraq, bütün dövrlərdə xalqlar arasında ən etibarlı ünsiyyət körpülərindən, mənəvi informasiya daşıyıcılarından, insanlığın ruh və düşüncə rüzgarlarını qitədən-qitəyə əsdirən güclərdən biri olmuşdur. Bu baxımdan bədii söz SSRİ dağılandan sonra postsovet məkanında əhəmiyyətini itirməmiş, əksinə, inzibati cəhətdən, sərhədlərlə ayrilan xalqların mədəni həyatının bir-birindən tam qopmasına, köhnə ənənələrdən bütünlüklə üzülüşməsinə imkan verməmişdir.

"Literaturnaya qazeta"nın 25-31 mart nömrəsində bu baxımdan gözəl bir addım atılmış və Moskvada yaşayan azərbaycanlı şairlərin şeirləri səxavətlə rus oxucularına təqdim edilmişdir. Əslində bu, sıradan bir buraxılış deyildir. "Turan incisi" qəzet içində qəzetdir və mən "Literaturnaya qazeta"nın nə sovet dövründə, nə də ondan sonra Azərbaycan ədəbiyyatına bu qədər geniş və qayğıkeşliklə yer ayırdığını xatırlamıram. Qəzet bu layihəni Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə hazırlanmışdır. 4 səhifəlik xüsusi buraxılışda Moskvada yaşamış və yaşayan 21 qələm sahibinin əsərlərindən nümunələr verilmişdir. Bu, həm Moskvada yaşayan azərbaycanlıların ,həm də ümumiyyətlə, Azərbaycan ədəbiyyatının təbliği baxımından minnətdarlıq hissi doğurur.

Azərbaycan ədəbiyyatının Moskva qolunun Rusiyanın bu məşhur ədəbiyyat kürsüsündə təqdimatı, ilk növbədə, xüsusi buraxılışın tərtibatçi və redaktoru Abzar Bağırovun xidmətidir. Ədəbiyyatşünas-alim, yazıçı, Rusiya-Azərbaycan ədəbi əlaqələrinin görkəmli araşdırıcısı Abuzər Bağırov Dünya Azərbaycanlıları Konqresinin sədr müavini və köhnə dostum olduğuna görə bu yazıları necə çətinliklə topladığını bilirəm. Bəzi müəlliflər həyatda olmadıqlarına görə onların yazılarını əldə etmək üçün günlərlə kitabxanalara ayaq döyərək, köhnə qəzetləri vərəqləməli olmuşdur. Buna görə də ürəklə deyə bilərik ki, tərtibçi xüsusi buraxılışda son on illiklərdə Moskvada yaşayıb-yaratmış yazıçılarımız haqqında dolğun təsəvvür yarada bilmişddir.

Abuzar Bağırov bu gün Moskvada yaşayan tanınmış və çox səmərəli fəaliyyət göstərən ziyalılarımızdandır. Vaxtı ilə Əziz Şərifin, Qəzənfər Əliyevin, Xalıq Koroğlunun, Cingiz Hüseynovun və bir sıra tanınmış ədəbiyyatşünas alimlərinizin başladığı yolu ləyaqətlə davam etdirir.

Onun təşəbbüsü ilə "Xudojestvennaya literatura" nəşriyyatı MDB ölkələrinin folkloru və klassik ədəbiyyatı silsiləsindən Azərbaycan ədəbi irsiini "Ulduz salxımları", "İlahi sözlər", "Qızıldan qiymətli", "Gələcəyə ismarış" adlarıyla 4 kitabda rus dilində nəfis şəkildə nəşr etmişdir. Abuzər Bağırov həmin cildlərin tərtibçisi olmaqla yanaşı, həm də bioqrafik məlumatların və şərhlərin müəllifidir. Bu kitablara qədər isə o, Azərbaycan nağıllarınının ikicildliyini nəşr etdirmişdi... Haqqında söhbət gedən xüsusi buraxılış da Abuzər Bağırovun Azərbaycan ədəbiyyatını Rusiyada təbliğ etmək sahəsində gördüyü çox uğurlu işlərdən biridir. O, təqdim olunan şeirlərə məzmunlu, yüksək elmi səviyyəli bir ön söz yazmışdır. Ön sözdə öz ərazisindən kənarda yaranan mədəniyyət nümunələrinin, ədəbiyyatın xüsusiyyətləri, mənsub olduğu mühitlə yerləşdiyi mühit arasında körpüyə çevrilməsi, qonşu dövlətlər, xalqlar arasında əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyətini həm nəzəri müstəvidə, həm də konkret misallarla dərindən təhlil edir. Haqlı olaraq göstərir ki, öz milli mədəniyyətindən ərazi cəhətdən uzaq düşmək bir sıra hallarda həm də ana dilindən və milli ədəbi əlaqələrdən uzaqlaşmaqla nəticələnir.



Xoşbəxtlikdən Moskvanın Azərbaycan yazıçıları bu acı taleyi yaşamırlar. Cəsarətlə demək olar ki, Moskva azərbaycanlılarının yaradıcılığı ədəbiyyatlararası dialoqun və əlaqələrin gözəl nümunəsidir. Abuzər Bağırov haqı olaraq yazır: "Mədəni müxtəliflik, şübhəsiz, birləşdirici faktordur, ayrımçılıq deyil, zira çoxcəhətlilik mədəniyyəti öz unikal xüsusiyyətlərindən məhrum etmir, əksinə zənginləşdirir. Moskvalı Azərbaycan yazıçılarının yaradıcılığı milli mədəniyyəti parlaq şəkildə təmsil edir. Lakin bu monoloq deyil, dialoqdur, səsləşmədir. Onlar Azərbaycan və Rus ədəbiyyatları arasında vasitəçidirlər. Çünki hər iki mədəniyyət konteksinə aiddirlər. Bu göstərir ki, ötən əsrin 40- cı illərindən başlayaraq Moskvada Azərbaycan yazıçılarının,ədəbiyyatşünaslarının, publisistlərinin, dramaturqlarının, nasir və şairlərinin güclü bir yaradıcılıq qrupu təşəkkül tapmışdır. Və onların hər biri Moskva mədəni mühitində həm də bütün Azərbaycan ədəbiyyatı üçün məsuliyyət daşımağı və bu ədəbiyyatın təəssübünü çəkməyi öz borcları hesab edirlər. Buna görə də ədəbiyyatdan əlavə həm də milli mədəniyyətin təbliğatı və tərcümə işi ilə məşğul olurlar. Bununla yanaşı, Moskvada yaranan Azərbaycan ədəbiyyatı həm də Rus ədəbiyyatı faktıdır".

Buraxılışda təqdim olunan şairlərin arasında İbrahim Kəbirli, Faiq Məmməd, Alla Axundova, İlham Bədəlbəylikimi, həm Azərbaycanda ,həm də Moskvada yaxşı tanınan şairlərlə yanaşı, Leyla Şəkili, Nilufər Şıxlı kimi gənc şairlərdə vardır...
Təqdimatda deyildiyi kimi, Moskvada yaşayan şairlərimizin çoxu ana dilimizdə yazır. Bununla belə, onların arasında rus dilində və ya hər iki dildə yazanlar da vardır. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu buraxılışın sponsoru Rusiya Federasiyasının əməkdar inşaatçısı, "Günay" istehsalat kommersiya firmasının direktoru Əlizaman Rəhimovdur. Xüsusi buraxılış Moskvadakı Azərbaycan mühitini təqdim etməklə yanaşı, bütövlükdə Rusiyadakı Azərbaycan diasporu haqqında yanlış təsəvvürləri dağıdan və Rus-Azərbaycan əlaqələrini möhkəmləndirən çox əlamətdar bir ədəbi hadisədir.