“Yeddi gözəl” Belorusda nümayiş olundu

Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Q.Qarayevin "Yeddi gözəl" baletinin tamaşası nümayiş olunub.

Tamaşa Belorus Respublikasında Azərbaycan Mədəniyyəti günləri və Azərbaycan və Belorusun opera və balet teatrları arasında mədəni əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində baş tutub.

Oktyabrın 9-da təqdim olunan tamaşada Minsk baletsevərləri ilə yanaşı, Belorus respublikasının siyasi rəhbərliyini təmsil edən yüksək vəzifəli şəxslər, yaradıcı ziyalılar, KİV-i və əsas televiziya kanallarının ("Belorus-1", "Belorus-2", "TV RBN", "ONT", habelə AzTV və Space TV) çəkiliş qrupları iştirak edirdilər.

Teatrının direktoru Vladimir Pavloviç Qridyuşko aşağıdakıları söylədi: "Bu gün biz sözün həqiqi mənasında Azərbaycan baletinin möhtəşəm qələbəsinin şahidi olduq. Tamaşa çox baxımlıdır. Son dərəcə gözəl dekorasiyalar, parlaq səhnə kostyumları göz oxşayır, həmçinin balet artistlərinin yüksək professional səviyyəsi bizi heyran etdi. Lakin əlbəttə ki, tamaşanın əsas dəyəri onun musiqisidir. Hələ də bu gözəl musiqisinin təsiri altındayıq. Bir daha görkəmli bəstəkar Qara Qarayevin dahiliyinin şahidi olduq. Biz "Yeddi gözəl"i öz səhnəmizdə tamaşaya qoymaq haqqında fikirləşirdik, lakin gördüklərimizdən sonra qəti qərar qəbul etdik ki, bu gözəl əsər mütləq Belorus teatrında səhnəyə qoyulmalı və repertuara daxil edilməlidir. Balet bizi həqiqətən də heyran etdi".

Bahar Rüstəmli
AzNews.az