Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayevin AzNews.az-a müsahibəsi: Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayevin AzNews.az-a müsahibəsi:

“Baş rejissor aktyora ana söyüşü verdi, teatrda qırğın düşdü” (Müsahibə)

Gənc Tamaşaçılar Teatrının aktyoru Məhərrəm Musayevin AzNews.az-a müsahibəsi:


- Məhərrəm bəy, tamaşaçı sizi "Həyat sən nə qəribəsən" serialında "Doktor Nazim" obrazı ilə sevir. Böyük bir tamaşaçı məhəbbəti qazandığınız ərəfədə serialından niyə ayrıldınız?

- Bəli, bu serialda "Doktor Nazim" rolunda oynayırdım. "Nazim" öldü və beləcə mən də serialdan ayrıldım. Digər seriallarda çəkilmək üçün təkliflər almışam. Tamaşaçılar yenə məni efirdə görəcəklər. Teatrda isə iş yoxdur. Ancaq neçə illər bundan öncə oynadığım rollarla kifayətlənirəm. Hazırda aktyorlar məzuniyyətə yollanır. Teatrda bəzi aktyorlar var ki, günəmüzd işlərlə məşğuldur. Onlardan da biri mənəm. Bir tamaşaya görə bizə 20 manat pul verirlər, oynamayanda isə pul verən yoxdur. 3 dəfə tamaşa oynayanda 60 manat edir. Onun da 5-6 manatını çıxırlar. 65 yaşdan sonra bizi teatrdan çıxarıb vitrinə atıblar. Mən kirayədə qalan aktyorlardanam. Bu günə kimi mənim Bakıda evim olmayıb. 40 ildən çoxdur ki, bu sənətdəyəm. 100-dən çox rol oynamışam, 50-yə yaxın filmə çəkilmişəm. Mən bilmirəm, neyləyim ki, mənə ev versinlər. Bu fəxri ad, yaxud da ev alanların məndən nəyi artıqdır? Mənim rejissor olduğum "Ölülər" tamaşası Qızıl Fondda yatır. Vaxtında fəxri ad almadıq, indi də bizi saya salan yoxdur. Bəs, kimdir bizə qiymət verən? O fəxri ad alanlar kimdirsə, gəlsin çıxaq küçəyə, görək xalq ən çox kimi tanıyır? Mən küçədə camaat arasında çox tanınan aktyorlardanam. Mənə niyə ad vermirlər, deyə çaşıb qalmışam. Fəxri ad bir yana, heç Prezident təqaüdü də vermirlər. Onu da ancaq hər il eyni adamlar alır. Bilmirəm, bunlar göydən düşüblər? Demirəm ki, almasınlar. Alsınlar, bəs biz? Deyirlər ki, Məhərrəm kiminsə paxıllığını çəkir. Amma yanılırlar, mən bu günə kimi bir kimsənin paxıllığını çəkməmişəm, heç mənə bu, lazım da deyil. Sadəcə soruşmaq istəyirəm: o aktyorların nəyi bizdən artıqdır? Hamı zəhmət çəkib, ömrünü teatrda çürüdüb. Bu günə kimi elə aktyorlar var ki, Prezident təqaüdünün üzünü görməyib.

- Adınız ümumiyyətlə, Prezident təqaüdü alanların siyahısında aidiyyəti quruma təqdim olunubmu?

- Deyəsən, heç göndərməyiblər. Göndərsəydilər, yəqin ki, mənə də verərdilər. Həmişə gözlədim ki, məni də qiymətləndirəcəklər. İndi gördüm ki, gərək, özün gedib xahiş edəsən. 65 yaşım olur, heç fəxri adım da yoxdur. Aktyor var ki, 5-6 ildir ki, sənətə, teatra gəlib, əməkdar artist adını veriblər, üstəlik Prezident təqaüdü də alır. Mən özüm Moskvada təhsil almışam, rejissor Zaxarovun yanında olmuşam. Amma kimdən xahiş edim ki, mənə də ad verin, heç kim məmə kömək etmir.

- Təqdimatın yazılmaması direktorluq məsələdir, yoxsa baş rejissorluq?

- Mənə elə gəlir ki, bunu baş rejissor etməlidir. Axı mənimlə səhnədə işləyən rejissordur. Amma mən bilən bizim teatrda baş rejissor bununla məşğul olmur. Bu işlərə direktor baxır. Maraqlanmışam, o, mənə deyir ki, adımı dəfələrlə göndərib. Mənə elə gəlir ki, bizim səhvimiz 3 teatrı bir məkanda birləşdirəndə oldu. Çünki hər teatrın öz yolu vardı. Cənnət xanımın öz aktyorları var, gələndən sonra da onlar üçün pyeslər götürüb hazırlayır. O, bundan əlavə "Bakı Kamera" Teatrında quruluş verdiyi tamaşaları bərpa elədi, bizə də orada xırda-xuruş obrazlar verirdi. İnsanın taleyinə biganə yanaşanda adam çaşıb qalır. Doğrudanmı, teatr belə olmalıdır? Digər teatrlarda belə deyil. Teatrın siması baş rejissordur. Baş rejissor əgər bu teatrda böyüklük eləmirsə, onda hansı yaradıcılıqdan söhbət gedə bilər? Cənnət xanımın öz aktyorları, Bəhram Osmanovun da öz aktyorları var. Bəhram Osmanov 3 ildir ki, Gənc Tamaşaçılar Teatrında baş rejissordur, amma bir dəfə də olsun mənə rol verməyib. Yenə, sağ olsun, Cənnət xanım epizodik də olsa bizə rollar verir.

- Deyirsiniz ki, Bəhram Osmanov və Cənnət Səlimovanın öz aktyor dəstəsi var. Bəs, yerdə qalan aktyorlar kimə məxsusdur?

- İdarəçilik çox çətin şeydir. Gərək, hər hansı bir sahədə səni başçı qoyublarsa, idarəçiliyi biləsən. Aktyorlar bura niyə gəlir? Əlbəttə ki, rol almaq üçün. Əgər onlara rol vermirlərsə, o zaman həmin aktyorlar teatrda niyə işləyirlər? Baş rollar elə 5-6 aktyor üçündü? Aktyorun böyüyü, kiçiyi olmaz ki. Baş rol nə deməkdir? Səhnədə çox danışan... Bəs yerdə qalan rolları oynayanlar aktyor deyillər? Əgər yerdə qalan aktyorlar olmasa, baş rolun ifaçısı kimlə danışar? Səhnədə tək oynayacaq?

- Bəhram Osmanov niyə sizə rol vermir? 3 ildir rol ala bilməməyinizin səbəbi nədir?

- Nə bilim. Mən bu haqda ona heç nə deməmişəm. Amma gərək o, özü bunu həll etsin. Mənim elə xasiyyətim yoxdur ki, gedəm kimdənsə xahiş edəm, mənə rol versin. Bəhram Osmanov mənə deyir ki, "Məhərrəm, sən "Azdrama"ya layiq aktyorsan". Amma bu sözün müəllifi mənə teatrda rol vermir. O, bizim teatra gələndə dedi ki, "Elə düşünməyin ki, mən burada çoxlu tamaşa qoyacam. İldə birini, ya da ikisini qoysam, bəsimdir". Əsas tamaşaları Cənnət xanım qurur. Onun da Bəhram Osmanov kimi öz truppası var. Ancaq həmin aktyorlarla işləyir. Bəhram Osmanovun haradasa 4-5 tamaşasına baxmışam, ancaq eyni aktyorlara rol verib. O, mənimlə işləməyib.

- Əməkdar artist Vahid Əliyev "Reytinq" qəzetinə müsahibəsində Bəhram Osmanovu ona rol vermədiyinə görə, ittiham edib. Eşitdiyimizə görə, bu müsahibə tərəflər arasında davaya səbəb olub...

-Mən o müsahibəni oxumamışam. Oxusaydım, mənə hər şey aydın olardı. Deyəsən, Vahid Əliyev Bəhram Osmanov haqqında nəsə deyib. Teatrda tamaşanın vaxtına az qalmış Bəhram Osmanov əsəbi halda Vahid Əliyevin otağına girib və deyib ki, "Siz niyə mənim haqqımda qəzetə müsahibə verərək yalan deyibsiniz?". Vahid Əliyev də cavab verib ki, "Nə var onu demişəm". O isə aktyora ana söyüşü söyüb. Bundan sonra qırğın düşüb. Biz aktyorlar belə hərəkəti qınayırıq. Problemlərini sivil qaydada həll etməlidirlər. Daha qışıqırmaqla, hay-küy salmaqla, ana söyüşü söyməklə heç nəyi həll etmirlər. Ümumiyyətlə, heç kəsə başqasını təhqir etmək səlahiyyəti verilməyib. Belə şey olmaz.

-Dava zamanı otaqda kimlər olub?

- Mən, Rəzzax, Rahib Əliyev və Vahid Əliyev. Mübahisə böyük oldu. Bəhram Osmanov çox əsəbi idi. Ondan sonra olanlardan xəbərim yoxdur. Deyəsən, rejissor hələ üzr istəməyib. Təsəvvür edin ki, Vahid Əliyev bu təhqirdən sonra səhnəyə çıxaraq rol oynayıb...
image description image description