Kürəkənini “kislota” ilə yandıran qayınanadan xəbər var

Məhkəmə qadının 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi ilə bağlı qərar çıxarıb.

Kürəkənini "kislota" ilə yandırmaqda təqsirləndirilən Kəmalə Əsədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslə bağlı qərar çıxarılıb.

Hakimlər kollegiyasının qərarına əsasən K.Əsədovanın barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilib.

O, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, K.Əsədova ötən ilin əvvəlində gecə saatlarında kürəkəni Qarayev Tərlan Ağaəli oğlunun kirayə qaldığı evə gələrək, yatdığı yerdə onu "kislota" ilə yandırıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

K.Əsədova barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Azər

AzNews.az