Qubada yanğın törədən Məhsimov saxlanıldı

Alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib

Qubada ehtiyatsızlıqdan yanğın törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan AzNews.az-a verilən məlumata görə, mart ayının 26-da Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb və alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini Vilayət Məhsimov saxlanılıb.

Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.