“Manatın dayanıqlığını təmin edəcək əsas faktorlar bəllidir” “Manatın dayanıqlığını təmin edəcək əsas faktorlar bəllidir”

Fikrət Yusifov manatın məzənnəsindən danışdı - Açıqlama

“Manatın dayanıqlığını təmin edəcək əsas faktorlar bəllidir”

Son illərdə dünyada baş verən qlobal maliyyə böhranı region ölkələrindən təsirsiz ötüşmədi. İran riyalının, türk lirəsinin, eyni zamanda rus rublunun aqibəti göz önündədir. Lakin buna rəğmən Azərbaycan manatı xarici valyutalara qarşı dayanıqlığını qoruyub saxlaya bildi. Təbii ki, dövlətimiz tərəfindən vaxtında həyata keçirilən düşünülmüş, mütərəqqi islahatlar manatın məzənnəsinin stabilliyini təmin etməkdədir.

Bu fikirləri AzNews.az-a açıqlamasında "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Fikrət Yusifov da təsdiqlədi.

İqtisadçı ekspert qeyd etdi ki, hələ 2015-ci ildə Azərbaycan hökuməti iqtisadiyyatın yenidən sürətli inkişafını təmin edə biləcək tədbirlər hazırladı, konkret real bir strategiya ortaya qoydu:

“Ötən dövr ərzində hökumət tərəfindən ciddi qərarlar qəbul edildi, addımlar atıldı. Baxmayaraq ki, 2016-cı ildə iqtisadi çətinliklər yaşandı, lakin növbəti ildə - 2017-ci ildə adekvat tədbirlər nəticəsində bu və ya digər nöqsanlar aradan qaldırıldı, iqtisadiyyat dayanıqlı bir vəziyyətə gətirildi”.

F.Yusifovun sözlərinə görə, artıq bu ilin 9 ayının nəticələri göstərir ki, bu islahatlar öz müsbət təsdiqini tapıb:

“Əslində Azərbaycan manatının sabit olması ilk növbədə iqtisadiyyatımızın mövcud durumu ilə bağlıdır. Təbii ki, iqtisadi göstəricilərin normal olduğu bir ölkədə maliyyə dayanıqlığı da sabit olur. Bu baxımdan Azərbaycan manatının xarici valyutalar qarşısında sabit dayanıqlığı məhz bu amillərə söykənir”.

Mərkəz rəhbəri qonşu ölkələrdə baş verən iqtisadi-siyasi hadisələrə də diqqət çəkərək vurğuladı ki, bu proseslər manatımıza o qədər də təsir göstərmir:

“Qonşu ölkələrdə baş verən məlum proseslərin müəyyən qədər milli valyutamıza təzyiqləri olsa da, məzənnədə yumşalma hiss olunmur. Bu da səbəsiz deyil, çünki baş verən hadisələr müvafiq qurumlarımız tərəfindən daimi olaraq tam nəzarət altında izlənilir, qiymətləndirilir, təhlil edilir”.

Lakin bütün bunlara baxmayaraq, F.Yusifov bildirdi ki, hadisələrə qabaqcadan proqnoz verməyin bir qədər çətin olduğunu dedi:

“Dünya iqtisadi müstəvisində elə proseslər baş verir ki, bu, yalnız iqtisadi deyil, siyasi hadisələrlə də bağlı olur. Belə olan halda vəziyyəti tam dəqiqliyilə proqnozlaşdırmaq çətin olur”.

Ekspert hesab edir ki, hadisələr bugünki axarla inkişaf edərsə, manatın məzənnəsində hər hansı bir dəyişiklik baş verməyəcək. Çünki, qeyd etdiyim kimi, Azərbaycan manatının dayanıqlığını təmin edəcək əsas faktorlar bəllidir.

“Bəs təzyiqlər çox olarsa, manatımızın aqibəti necə olacaq” sualına F.Yusifovun cavabı nikbin oldu:

“Belə vəziyyət yaranarsa, düşünülmüş, planlaşdırılmış şəkildə müəyyən qədər yumşalmalara getmək olar. Bu zaman diqqət yönəldiləcək ilk növbədə daxili bazarın qorunmasına, ixracın stimullaşdırılmasına, bir sözlə, maneə yarada biləcək faktorların aradan qaldırılmasına. Ancaq düşünmürəm ki, mövcud durumda bu, baş versin”.

Ekspert manatın məzənnəsilə bağlı cəmiyyətdə neqativ proqnozlar sənsləndirən şəxslərin fikirlərinə də münasibət bildirdi:

“Cəmiyyətdə çaşqınlıq yaratmaq istəyən qüvvələr hmişə olub. Bu qüvvələr hələ 2015-ci ildə mətbuata açıqlamalar verərək cəmiyyətdə pessimist rəy formalaşdırmaq istəyirdilər. Nəticə isə heç də deyilən kimi olmadı.

Onlar bilməlidirlər ki, Azərbaycan dövlətinin bu gün 45 milyard dollar valyuta ehtiyyatı, 80 milyard manatlıq ümumi daxili məhsulu var. ÜDM-in adambaşına düşən həcminə görə, yerləşdiyimiz məkandakı ölkələr sırasında öncüllər sırasındayıq.

Yəni real olaraq, bu gün manatımızın digər valyutalar qarşısında məzənnəsinin yumşalmasını demək düzgün olmazdı”.

Rəşad SARIYEV
© AzNews.az