Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını - ŞƏRH

2024-cü ilin yanvar-may aylarında Azərbaycanı Yaxın Şərq ölkələrindən 97 139 turist ziyarət edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz artım deməkdir. Ümumilikdə isə 2024-cü ilin ilk beş ayında ölkəyə gələn xarici vətəndaşların sayı 979 951 nəfər olub ki, bu da cəmi 1 faiz artıma bərabərdir. Bu fərq, Yaxın Şərq bazarının hazırda Azərbaycanın turizm strategiyasında daha dinamik və potensiallı seqmentə çevrildiyini göstərir.

Son illərin statistikası göstərir ki, bu regiondan olan turist axını təkcə sabit artım tendensiyası ilə deyil, həm də fərqli ölkələr üzrə dəyişkən dinamika ilə xarakterizə olunur. Məsələn, bu ilin ilk beş ayında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi əsas bazarlarda sabit artım müşahidə olunub. Səudiyyə Ərəbistanından gələnlərin sayı 17 faiz, BƏƏ-dən isə 18 faiz artıb. Maraqlıdır ki, İsraildən gələn turistlərin sayı rekord səviyyədə - 149 faiz artaraq 20 088 nəfərə çatıb. Bu isə diplomatik əlaqələr fonunda yaranmış yeni turizm əlaqələrinin və potensialın göstəricisidir.

Digər tərəfdən, bəzi ölkələrdən, o cümlədən İraq, Küveyt, Qətər və Bəhreyndən gələn turistlərin sayında azalma qeydə alınıb. Bu azalmaların səbəbi kimi valyuta məzənnələri, regional geosiyasi gərginliklər, hava nəqliyyatı xərcləri və ölkədaxili prioritetlərin dəyişməsi kimi amillər göstərilə bilər. Məsələn, İraqdan gələnlərin sayında 32 faizlik azalma ötən ilki 125 faizlik artımla müqayisədə ciddi tənəzzüldür və bu, birillik tendensiyanın müvəqqəti dalğalanma ola biləcəyini düşündürür.

Ümumilikdə, 2017-2024-cü illər ərzində Yaxın Şərqdən Azərbaycana gələn turistlərin sayı 1 milyon 824 min nəfərə çatıb. Bu, regionun Azərbaycan üçün artıq yalnız mövsümi deyil, həm də strukturlaşdırılmış və sabit gəlir mənbəyi ola biləcəyini göstərir. Ötən il bu regiondan gələnlərin ümumi sayı 266 326 nəfər olub və bu da illik 14,77 faiz artım deməkdir. Məlumatlar göstərir ki, turizm artımı yalnız rəqəmlərlə deyil, həm də coğrafi genişlənmə ilə baş verir. Misir, Livan, İordaniya və Yəmən kimi ikinci dərəcəli bazarlardan olan artımlar, bu ölkələrdə Azərbaycanla bağlı məlumatlılığın artması, birbaşa uçuşların açılması və tanıtım tədbirlərinin effektivliyi ilə əlaqələndirilə bilər.

Bütün bu göstəricilər Azərbaycanın turizm diplomatiyasının və bazar şaxələndirmə siyasətinin nəticə verdiyini ortaya qoyur. Lakin qeyd olunan tənəzzül halları onu da göstərir ki, bu dinamikanın davamlılığı üçün bazar əsaslı fərdi yanaşma, qiymət rəqabətliliyi və turizm məhsulunun lokallaşdırılması vacib olacaq. Eyni zamanda, hava nəqliyyatı əlçatanlığının artırılması, ərəb dilli xidmət sahələrinin genişləndirilməsi və rəqəmsal tanıtım imkanlarının inkişafı gələcək üçün dayanıqlı artımı təmin edə bilər.

Nuray,

Aznews.az