- İntellektual baxış
- 6 Yanvar 21:56
- 5 782
Azərbaycan xalqının etnogenez tarixi: arxeoloji və antropoloji aspekt
Arxeoloji araşdırmalar xalqın mənşəyinin – etnogenez tarixinin tədqiqatları üçün mühüm əhəmiyyətə malikdir. Etnogenez tarixinin qədim mərhələlərinə dair informasiyaların mənbəyi olan maddi mədəniyyət qalıqları, qədim dəfn adətlərini əks etdirən qəbir abidələri, paleoantropoloji materiallar, bəzi hallarda isə qədim linqvistikaya dair tapıntılar məhz arxeoloji qazıntılarla aşkara çıxarılır. Eyni zamanda buraya bəhs olunan mövzu ilə bağlı mühüm əhəmiyyət kəsb edən qədim qayaüstü təsvirlərin arxeoloji tədqiqatlarını da əlavə etmək lazımdır.
Onu da qeyd etmək vacibdir ki, hər bir xalqın etnogenez tarixinin tədqiqi elmin qarşısında duran ən çətin problemlərdən biridir. Digər elmi problemlərdən fərqli olaraq etnogenez tarixi arxeologiya, antropologiya, tarix, etnologiya və dilçilik elmlərinin birgə tədqiqatları ilə araşdırılır. Yalnız bu elm sahələrinin topladıqları faktların qarşılıqlı müqayisəli təhlili əsasında etnogenez tarixi, xüsusilə də bu tarixin qədim mərhələsi barədə dolğun nəticələrə nail olmaq mümkündür. Bu baxımdan etnogenez tarixinin qədim mərhələlərinin araşdırılması üçün arxeoloji qazıntılar və bu qazıntılar zamanı aşkar edilmiş antropoloji tapıntılar alternativsiz olaraq mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın arxeoloji abidələrində yüz ildən artıq müddətdə aparılmış tədqiqatlar nəticəsində regionun qədim əhalisinin məskunlaşması, həyat tərzi, yüzlərlə qəbir abidələrində aparılmış qazıntılarla dəfn adətləri, paleoantropoloji tapıntılar öyrənilmişdir.
Azərbaycanda paleoantropoloji tədqiqatlar sistemli şəkildə məhz arxeoloji qazıntılar zamanı aşkar edilmiş nümunələr əsasında keçən əsrin 50-ci illərində başlanmışdır. Arxeoloji və paleoantropoloji tədqiqatların nəticələri regionun əsas avtoxton əhalisinin antropoloji tipinin və maddi mədəniyyətinin minilliklər ərzində davamlılığını göstərmişdir. Bu araşdırmalar ilk növbədə sübut etmişdir ki, azərbaycanlıların əcdadlarının guya Orta əsrlərdə Xəzərdən şərqdəki ərazilərdən köçüb gəldiyi barədəki fikirlər əsassızdır və bu xalqın fiziki antropoloji tipi məhz Azərbaycanda yaranıb formalaşmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, müasir türkdilli azərbaycanlılar başqa Qafqaz xalqları kimi avropoidlərin cənub – Hind-Aralıq dənizi şaxəsinə aiddirlər. Bu əhali başın əsasən dolixokran (uzunbaş) və qismən mezokran (bir qədər girdələşmiş) forması ilə qeyd edilən geniş antrpoloji massivin kaspi antropoloji tipinin daşıyıcısıdır. Ümumiyyətlə, azərbaycanlılar digər Qafqaz xalqları kimi cənub avropoidləri olsalar da Qafqazda bənzəri olmayan, yalnız şimallı-cənublu tarixi Azərbaycan və indiki Dağıstanın cənubunda yaşayan soydaşlarımız üçün səciyyəvi olan lokal kaspi antropoloji tipinin nümayəndələridir (R.Qasımova).
Etnogenez tarixinin ən qədim mərhələləri yüzilliklər, minilliklər ərzində konkret coğrafiyada oturaq həyat tərzi yaşamış, müasir antropoloji tiplərə uyğun fiziki olaraq formalaşmış toplumlardan qalma arxeoloji abidələr əsasında tədqiq edilir. Azərbaycanda ən qədim belə abidələr Qobustan arxeoloji kompleksində cəmlənmişdir. Burada Mezolit və Neolit dövrlərində (e.ə. XII minillik-V minilliyin əvvəli) yaşamış, ovçuluq və yığıcılıqla məşğul olan insanlara aid qayaaltı sığınacaq-düşərgələr, qəbirlər, qayaüstü təsvirlər, daşdan və sümükdən əmək alətləri onların lokal bir ərazidə sürdükləri həyat tərzi, təsərrüfatı, dəfn adətləri, mənəvi mədəniyyəti, o cümlədən antropoloji xüsusiyyətləri barədə mühüm informasiya mənbəyidir. Özünəməxsusluğu ilə seçilən Qobustan mədəniyyətinin qayaüstü rəsmlərinin xronologiya, üslub və mövzu baxımından Qafqaz və Yaxın Şərq regionunda analogiyaları məlum deyildir. Qobustanda qədim insanların həyatının ən müxtəlif məqamlarını əks etdirən bu rəsmlər və ümumiyyətlə Qobustan arxeoloji mədəniyyəti məhz yerli qədim əhalinin etnik göstəriciləridir. Qədim qobustanlılar vəfat etmiş tayfa üzvlərini bilavasitə yaşadıqları düşərgələrdə dəfn edirdilər.
Azərbaycan ərazisində müasir insanın (Homo sapiens) antropoloji tipinin ən qədim qalıqları da Qobustanda Mezolit dövrünün sonu və Neolit dövrünün əvvəlinə aid (e.ə. VIII-VII minilliklər) “Firuz” və “Kənizə” düşərgələrindən aşkar edilib (C.Rüstəmov, F.Muradova). Çox çürümüş sümüklərin antropoloji göstəriciləri aşkar olunduğu yerində götürülmüşdür. Nisbətən yaxşı saxlanmış bir neçə kəllə sümüyü isə daha dəqiq öyrənilmişdir. Qobustanın bu paleoantropoloji tapıntılarının morfoloji göstəricilərinə görə müasir azərbaycanlıların antropoloji xüsusiyyətlərinə uyğun olduğu müəyyən edilmiş və onlar cənub avropoidləri qrupuna aid edilmişlər (R.Qasımova).
İlk əkinçi-maldar mədəniyyətləri dövründən (e.ə. VII minilliyin axırlarından) başlayaraq tarixi Azərbaycan əraziləri Ön Asiyanın qonşu regionları ilə vahid tarixi-mədəni areala daxil olmuşdur. Xüsusilə Şərqi Anadolu-Şimali Mesopotamiya regionları ilə mədəni iqtisadi əlaqələr genişlənmiş, ayr-ayrı insan qruplarının yerdəyişmələri – köçü baş vermişdir. Əlbətə, bütün bunlar əhalinin etnik tərkibinə də müəyyən qədər təsir etmişdir. Bununla belə şimallı-cənublu Azərbaycan ərazisində arxeoloji mədəniyyətlər və əhalinin böyük əksəriyyətinin fiziki antropoloji göstəriciləri, yerli özünəməxsus xüsusiyyətlər minillər ərzində saxlanmışdır. Bu dövrdə əhali əsasən Urmiyaətrafı (Hacı Firuz, Yanıqtəpə, Dəlmətəpə mədəniyyətləri), Naxçıvan, Mil-Qarabağ (Kültəpə mədəniyyəti), Muğan bölgələrində (Muğan mədəniyyəti) və orta Kür hövzəsində (Şomutəpə mədəniyyəti) düzənlik ərazilərdə, çay vadilərində məskunlaşmış, çiy kərpiclərlə inşa olunmuş dairəvi və dördkünc planlı evlərdə yaşamış, əkinçilik, maldarlıq, ev sənətkarlığı və ovçuluqla məşğul olmuşlar.
Arxeoloji qazıntılar nəticəsində qədim yaşayış yerlərində aşkara çıxarılmış mədəni təbəqələrin stratiqrafiyası tarixi Azərbaycan ərazilərində həyatın min illər ərzində fasiləsiz davam etdiyini göstərir. Naxçıvanda I Kültəpə, Urmiya hövzəsində Göytəpə yaşayış yerlərində mədəni təbəqənin ümumi qalınlığı 22 m çatır. Doğrudur, I Kültəpədə Neolit və İlk Tunc dövrləri arasında təxminən 1500 illik fasilədə həyat bölgədəki digər sahələrdə – Naxçıvantəpə, Ovçulartəpəsi və s. yaşayış yerlərində davam etmişdir (O.Həbibullayev; V.Baxşəliyev). Şomutəpə mədəniyyətinə aid Qarğalartəpəsi yaşayış yerində mədəni təbəqənin qalınlığı 10 m çatır (İ.Nərimanov). Bütün bunlar Qafqaz-Ön Asiya kontekstində lokal bir bölgədə – tarixi Azərbaycan ərazilərində minillər ərzində yaşayışın davamlılığını, arxeoloji mədəniyyətlərdə əksini tapan maddi mədəniyyətin, eyni səciyyəli həyat tərzinin və müvafiq olaraq ümumi etnik proseslərin fasiləsiz olaraq davam etdiyini göstərir.
Xalkolit dövründə – e.ə. V minilliyin sonu-IV minilliyin birinci yarısında Azərbaycan ərazisində mənşəyi ilə Şərqi Anadolu-Şimali Mesopotamiyaya bağlı olan Leylatəpə arxeoloji mədəniyyəti yayılmışdır. Bu mədəniyyətin əsas göstəricilərindən biri körpə uşaqların saxsı qablarda dəfn edilməsi idi. Böyükləri isə kurqanlarda və Neolit dövründə olduğu kimi torpaq qəbirlərdə dəfn edirdilər (İ.Nərimanov; N.Müseyibli).
Şomutəpə mədəniyyəti əhalisi nadir hallarda, digər bölgələrin əhalisi isə bir qayda olaraq ölüləri bilavasitə yaşayış yerində dəfn etmişlər. Lakin bütün hallarda dəfn adəti eyni olmuşdur: ölülər torpaq qəbirlərdə yanı üstdə qolları və ayaqları bükülü vəziyyətdə dəfn edilmişlər. Erkən əkinçilik dövrünün Neolit və Xalkolit mərhələlərinə (e.ə. VI-IV minilliklər) aid paleoantropoloji tapıntılar Naxçıvanda I Kültəpə (O.Həbibullayev), Qarabağda Çalağantəpə (İ.Nərimanov), Ağstafa rayonunda Leylatəpə mədəniyyətinə aid II Poylu (N.Müseyibli), və s. abidələrdən məlumdur. Bütün bu tapıntılar antropoloqlar tərəfindən araşdırılmış, paleoantropoloji və morfoloji xüsusiyyətlərinə görə onların cənub avropoidlərin Aralıq dənizi qrupuna, kaspi tipinə aid olduğu müəyyənləşdirilmişdir. İndiki Ermənistan abidələrindən aşkar edilmiş bu dövrə aid antropoloji qalıqlar da Azərbaycan ərazisindən aşkar edilmiş belə tapıntılarla eyniyyət təşkil edir (R.Qasımova; D.Kiriçenko).
Arxeoloji qazıntılar nəticəsində Tunc-İlk Dəmir dövrlərinin bütün mərhələləri arasında irsi bağlılıq, davamlılıq qəbir abidələri, dəfn adətləri, maddi mədəniyyətin, təsərrüfatın bütün sahələri üzrə əyani şəkildə müşahidə edilir. Doğrudur, hər bir mərhələdə müəyyən bölgələrdə lokal səviyyədə yeni qəbir tipləri və dəfn adətləri meydana çıxmış, maddi istehsalda yeni üsullar tətbiq edilmişdir. Lakin ümumilikdə Tunc-İlk Dəmir dövrlərinin bütün mərhələləri biri digərinin məntiqi davamıdır.
İlk Tunc dövründə (e.ə. IV minilliyin ikinci yarısı-III minillik) əkinçilik və maldarlıqla yanaşı sənətkarlığın müxtəlif sahələri, xüsusilə də metalişləmə əvvəlki dövrlə müqayisədə daha da inkişaf etmişdir. İlk Tunc dövrü Kür-Araz arxeoloji mədəniyyəti ilə təmsil olunmuşdur. Bu mədəniyyət daha geniş ərazilərdə – Cənubi Qafqaz, Urmiyaətrafı, Şərqi Anadolu, Dağıstan, qismən Şimali Qafqaz regionlarında yayılmışdır. Bütün areal üzrə, o cümlədən Azərbaycan ərazisində Kür-Araz mədəniyyətinin lokal variantları yayılmışdır. Bu dövrdə yaylaq maldarlığı meydana çıxmış və bu təsərrüfat sahəsi Tunc dövrünün sonrakı mərhələlərində daha da genişləmnişdir. Bununla bağlı yüksək dağlıq zonalarda (Ordubad, Kəlbəcər, Zəngəzur, Göyçə hövzəsi) qayaüstü təsvirlər rəsm edilmişdir. Bu təsvirlərin ən yaxın analoqları aran zonalardakı daimi yaşayış yerlərindən və qəbir abidələrindən aşkar edilmiş keramika məmulatı üzərində qeydə alınmışdır. Qayaüstü təsvirlərdə Tunc dövrünün müxtəlif mərhələlərinə aid bəzi səhnələr minilliklər keçməsinə baxmayaraq günümüzə gəlib çatmış müəyyən folklor materialları ilə səsləşir. Bütün bunlar isə öz növbəsində müəyyən coğrafiyada yayılmış əhalinin minillər ərzində etnik yekdilliyinin göstəricilərindən biridir.
Azərbaycanın İlk Tunc dövrü əhalisi vəfat etmiş insanları kurqan örtüyü altında çoxdəfnli iri qəbir kameralarında qarışıq vəziyyətdə və kurqan örtüyü olmayan torpaq qəbirlərdə yanı üstdə, zəif və ya sıx bükülü vəziyyətdə dəfn edirdilər. Nadir hallarda daş qutu tipli qəbirlərə də rast gəlinir. İlk Tunc dövrünə aid paleoantropoloji qalıqlar son illər Ağstafa, Şəmkir, Goranboy, Qəbələ, Yardımlı və digər rayonlar ərazisindəki qəbir abidələrindən aşkar edilmişdir. Bu tapıntıların yaxşı saxlanmış bir qismi antropoloji tədqiqatlara cəlb edilmiş, onların Azərbaycanın qədim və müasir əhalisinin məxsus olduğu kaspi tipinə aid olması müəyyən edilmişdir (D.Kiriçenko; A.Ağalarzadə).
Goranboy rayonunda İlk Tunc dövrünə - e.ə. III minilliyə aid Göl yeri abidəsində topaq qəbirlər aşkar edilmişdir (M.Hüseynov). Bu qəbirlərdə yaxşı saxlanmış insan kəllə sümüklərindən üçü antropoloji tədqiqata cəlb edilmiş, onların Azərbaycanın qədim və müasir əhalisinin məxsus olduğu kaspi tipinə aid olması müəyyən edilmişdir (D.Kiriçenko). Həmin rayonda Kür-Araz mədəniyyətinin ilk mərhələsinə – e.ə. IV minilliyin ikinci yarısına aid kurqanlarda aşkar edilmiş insan kəllələrinin də antropoloji göstəriciləri eyni nəticələr vermişdir (B.Cəlilov; D.Kiriçenko).
Orta Tunc dövründə (e.ə. II minilliyin birinci yarısı) Qarabağ-Göyçə gölü bölgələrində Üzərliktəpə, Naxçıvan-Urmiya ərazilərində Boyalı qablar arxeoloji mədəniyyətləri yayılmışdır. Bu dövrdə əhalinin məşğuliyyəti İlk Tunc dövründə olduğu kimi davam və inkişaf edirdi. Bu dövrə aid qəbirlər Naxçıvan, Qarabağ, Muğan, Qobustan, Gəncə-Qazax, Şəki, Oğuz, Urmiya zonalarında tədqiq edilmişdir. Dəfn adətlərində bəzi dəyişikliklər baş versə də əvvəlki mərhələdəki qaydalar çox zaman təkrarlanırdı. Məsələn, yanı üstdə bükülü vəziyyətdə dəfnlərin icra edildiyi torpaq qəbirlərlə yanaşı daş qutu qəbirlərin də sayı çoxalırdı. İlk Tunc dövründə olduğu kimi kurqanaltı iri qəbir kameralarında dəfnlər (Şəmkir, Ağstafa, Oğuz) davam edirdi.
Orta Tunc dövrünə aid yaxşı saxlanmış paleoantropoloji materiallar Ordubad rayonundakı Plovdağ nekropolundan məlumdur. Bu insan qalıqlarının tədqiqi onların kaspi tipinin xüsusiyyətləri ilə səciyyələnən müasir Naxçıvan əhalisinə yaxın olduğunu göstərmişdir. Həmin dövrə aid eyni paleoantropoloji tapıntılar Cənubi Azərbaycanda Urmiya gölü yaxınlığındakı Göytəpə yaşayış yerində aşkar edilmişdir. Şimali və Cənubi Azərbaycandan aşkar edilmiş Orta Tunc dövrünə aid antropoloji qalıqlar indiki Ermənistandan aşkar edilmiş həmin dövrə aid analoji tapıntılarla eyni antropoloji xüsusiyyətlərə malikdirlər (R.Qasımova). Bu da tarixi Azərbaycan ərazilərində Tunc dövründə məskunlaşmış əhalinin ümumi antropoloji xüsusiyyətlərdə birləşdiyinin göstəricisidir.
E.ə. II minilliyin ikinci yarısı- I minilliyin ilk əsrlərində Azərbaycan ərazisində demoqrafik yüksəliş baş vermiş, geniş ərazilər intensiv məskunlaşmışdır. Naxçıvan-Urmiya zonasında Naxçıvan, Muğan və Lənkəran-Astara zonasında Talış-Muğan arxeoloji mədəniyyətləri yayılmışdır. Şimali Azərbaycanın qalan ərazisində, Göyçə gölü hövzəsində, Zəngəzurda, Borçalı mahalında Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti yayılmışdır. Hər üç mədəniyyət arasında intensiv mədəni-iqtisadi əlaqələr olmuşdur. Bu əlaqələr kütləvi istehsalın məhsulu olan keramika məmulatında və tunc silahların bəzi ümumi cəhətlərində özünü göstərir.
Bu mədəniyyətlərə aid yüzlərlə kurqanlar, torpaq və daş qutu qəbirlər tədqiq edilmişdir. Qəbir tiplərində və dəfn adətlərində Tunc dövrünün əvvəlki mərhələləri ilə varislik saxlanmışdır. Müvafiq olaraq bu dövrə aid paleoantropoloji tapıntılar da çoxsaylıdır. Həm keçən əsrdə, həm də son 20 ildə Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən aşkar edilmiş insan skeletləri antropoloji baxımdan araşdırılmışdır. Qarabağ, Mingəçevir, Gəncə-Qazax (Daşkəsən, Tovuz, Şəmkir) bölgələrində bu mədəniyyətə aid qəbir abidələrindən aşkar edilmiş onlarla antropoloji qalıqların tədqiqatı onların kaspi antropoloji tipinə məxsusluğunu göstərmişdir. Mingəçevirdə aparılan arxeoloji qazıntılar zamanı şimaldan gəlmə skiflərə məxsus, e.ə. VII-V əsrlərə aid qəbirlər aşkar edilmişdir. Bu qəbirlərdə dəfnlər yerli adətlərdən fərqli olaraq arxası üstdə düz uzadılmış vəziyyətdə icra edilmişdir. Məhdud zaman və məkanda mövcud olmuş bu dəfn adəti bölgədə geniş yayılmamış, tarixən formalaşmış yerli adətlərə təsir göstərə bilməmişdir (R.Qasımova; D.Kiriçenko).
Son Tunc-İlk Dəmir dövrünün inkişafı ilə tədricən e.ə. I minilliyin birinci yarısında növbəti, Antik dövrə tədrici keçid baş vermişdir. Bu dövrlər arasında irsi bağlılıq qəbir abidələrində və dəfn adətlərində (əsasən torpaq qəbirlər, qismən daş qutu tipli qəbirlər), kütləvi istehsalın məhsulu olan keramika məmulatında, silahlarda, bəzək əşyalarında və maddi mədəniyyətin digər sahələrində əyani şəkildə müşahidə edilir (N.Müseyibli, G.Axundova). Tarixi-arxeoloji tədqiqatlar Qafqaz Albaniyası dövlətinin e.ə. I minilliyin əvvəlində, ən azı e.ə. VIII əsrdə artıq mövcud olduğunu göstərir. Urartu yazılı mənbələrindəki məlumatlar və həmin dövr abidələrinin arxeoloji araşdırmaları belə bir nəticəyə gəlməyə imkan verir (N.Müseyibli). Aydındır ki, vahid siyasi qurumda cəmlənmə burada eyni ənənələrin, maddi və mənəvi mədəniyyətin, ümumi ünsiyyət dilinin yayılmasını şərtləndirirdi.
E.ə. I minilliyin ortalarından başlayaraq Antik və Orta əsrlər dövrlərində tarixi Azərbaycan ərazilərinə yadellilərin miqrasiyaları, intensiv hərbi yürüşləri baş versə də ərazidə qalıb məskunlaşan gəlmə elementlərin sayı yerli əhali ilə müqayisədə çox cüzi olmuş və bu proseslər ölkə ərazisində hələ qədim zamanlardan başlayaraq davam edən etnogenetik fasiləsizliyi poza bilməmişdir (Z.Yampollskiy).
Antik dövr (e.ə. V əsr - b.e. III əsri) və Erkən Orta əsrlərin ( b.e. IV-VIII əsrləri) tədqiq edilmiş paleoantropologiyası əsasən Mingəçevirdə, qismən Şamaxı, İsmayıllı, Qəbələ, Qazax, Qusar, Salyan rayonlarında və Abşeronda aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş tapıntılarla təmsil olunmuşdur. Yerli alban tayfaları azərbaycanlıların mənşəyini təşkil edən əsas əhali kütlələrindən biri olmuşdur. Bu dövrə aid paleoantropoloji tapıntıların aşkar edildiyi qəbirlərin tipləri müxtəlifdir. Belə ki, arxeoloji qazıntılarla qədim Albaniya ərazisində torpaq, küp, katakomba, gil təknə, quyu, taxta qutu, çiy kərpic və daş qutu tipli qəbirlər aşkar edilmişdir. Onlardan torpaq qəbirləri və küp qəbirləri bütün Albaniya ərazisi üçün səciyyəvi olub min ildən artıq bir müddətdə – e.ə. I minilliyin ortalarından islam dininin yayılmasına qədər əsas dəfn adətləri olmuşdur. Bu qəbirlərdə əvvəlki tarixi dövrlərdə olduğu kimi insanlar yanı üstdə, sıx və ya zəif bükülü vəziyyətdə dəfn edilmişlər. Qeyd edilən digər qəbir tipləri Albaniyanın ayrı-ayrı yerlərində daha məhdud xronoloji çərçivədə məhəlli, lokal dəfn adətləri kimi mövcud olmuşlar. Dəfn adətlərindəki bu müxtəliflik dini ideologiyadakı lokal fərqlərlə bağlı idi. Tiplərindən asılı olmayaraq bütün qəbirlərdə aşkar edilən arxeoloji materiallar eyniyyət təşkil edib ümumalban mədəniyyətinə aiddir. Eyni zamanda Antik dövrdə Albaniya ərazisinə şimaldan və cənubdan kiçik miqrasiyaları və dini-ideoloji təsirləri də qeyd etmək lazımdır. Qeyd edildiyi kimi, torpaq və küp qəbirləri bütün Albaniya ərazisində yayılmışdı və başlıca etnik prosesləri müəyyən edən əhali kütləsinə mənsub idi (R.Göyüşov; C.Xəlilov; Q.Qoşqarlı).
Göstərilən qəbirlərin tip müxtəlifliyinə baxmayaraq bu abidələrdə aşkar edilən arxeoloji materiallar – zəngin keramika, metal məmulatı, çoxsaylı bəzək əşyaları və s. tapıntılar bütün ölkə üzrə vahid maddi mədəniyyəti əks etdirir. Həmin qəbirlərdən aşkar edilmiş paleoantropoloji qalıqların da eyni tipə – qədim azərbaycanlılara məxsus kaspi antropoloji tipinə aid olması müəyyən edilmişdir. Sonrakı tarixi mərhələdə – Orta əsrlərdə də Azərbaycan ərazisində bu antropoloji tip mütləq üstünlüyə malik olmuşdur və müasir dövrdə də azərbaycanlılar məhz kaspi antropoloji tipi ilə təmsil olunurlar. Azərbaycanlıların əsas antropoloji tipi olan kaspi tipi yerli zəmində meydana çıxmışdır və bu tipin daşıyıcılarının Cənubi Qafqaza gəlmə olmaları barədə heç bir fakt yoxdur (R.Qasımova).
Göründüyü kimi, Azərbaycanda aparılan arxeoloji qazıntılar eyni zamanda sübut edir ki, bu ərazidə ən qədim zamanlardan başlayaraq həyat fasiləsiz davam etmişdir. Tarixi mərhələlər biri-birini əvəz etdikcə arxeoloji mədəniyyətlərdə qruplaşan yeni maddi istehsal üsulları və bundan irəli gələn fərqli ictimai həyat tərzləri yaranmışdır. Bununla yanaşı qeyd etmək lazımdır ki, dəfn adətlərindəki bəzi qaydalar hətta min illər ərzində davam etmişdir. Belə ki, Mezolit və Neolit dövrlərindən başlayaraq islamaqədərki mərhələyə qədər qəbir tiplərindən asılı olmayaraq əksər hallarda kişilər sağ, qadınlar isə sol yanı üstdə, qolları və ayaqları bükülü vəziyyətdə dəfn edilirdilər. Bütün bu dövrlərdə tarixi Azərbaycan ərazilərində iqtisadi inkişafla, istehsal ənənələrinin dəyişməsi ilə bağlı arxeoloji mədəniyyətlər biri-birini əvəz etsə də əhalinin əsas etnik göstəricilərindən olan fiziki antropoloji quruluşu ümumən dəyişməz olaraq qalmışdır.
Hələ sovet dövründən başlayaraq erməni və ermənipərəst müəlliflərin yazılarında ermənilərin Cənubi Qafqazda yerli, köklü xalq olduqları, azərbaycanlıların isə Orta Asiyadan Orta əsrlərdə gəlmə olduqları barədə qeyri-elmi fikirlər yer almışdı. Lakin aparılan bütün arxeoloji, antropoloji və tarixi tədqiqatlar bu fikirlərin tam əsassız olduğunu qəti olaraq sübut etmişdir. Bütün araşdırmalar göstərir ki, “türkdilli azərbaycan xalqı Azərbaycanın yerli mühitində meydana çıxıb formalaşmışdır. Ermənilər isə işğal etdikləri və ya yayıldıqları ərazilərə artıq erməni kimi gəlmiş, özləri ilə erməni dilini və antropoloji tipini gətirmişlər” (İ.Əliyev).
Azərbaycan dili isə öz kökləri ilə müəyyən mənada tarixin qədim qatlarına bağlıdır. Müasir Azərbaycan dilindəki bəzi arxaik sözlər tarixi Azərbaycan ərazilərində mövcud olmuş qədim dillərdə, qədim Elam (irandillilərə qədərki İranın qərbində, tarixi Azərbaycan əraziləri ilə bilavasitə qonşuluqda e.ə. III-I minilliklərdə mövcud olmuş ölkə, dövlət, mədəniyyət) dilində və ya ona yaxın dillərdə şərh edilə bilir (İ.Əliyev).
Bu mövzu ilə əlaqədar bir məsələni də qeyd etmək yerinə düşərdi. Belə ki, görkəmli arxeoloq İ.Nərimanovun İlk Tunc dövrünə aid arxeoloji, etnoqrafik və linqvistik materialların uyğunluğunu təsdiq edən bir faktı şərh etməsi maraqlıdır. Məlumdur ki, gildən hazırlanmış nehrələr Cənubi Qafqazda Tunc dövrünün bütün mərhələlərinə aid abidələrdən aşkar edilmişdir. İ.Nərimanov Naxçıvanda (I Kültəpə), Qazaxda (Babadərviş) Qobustanda, Qusarda (Qəflətəpələri), eyni zamanda indiki Ermənistan (Şenqavit) və şərqi Gürcüstanda Kür-Araz mədəniyyəti abidələrindən arxeoloji qazıntılarla aşkar edilmiş gil nehrələrdən və “nehrə” sözünün mənasından bəhs etmişdir. Müəllif ilk növbədə qeyd etmişdir ki, yağ alınması üçün sitifadə edilən nehrə tipli etnoqrafik vasitələr erməni dilində “xnotsi”, gürcü dilində “sadqvebela”, saxur dilində “beləkan”, udin dilində “buykal”, avar dilində “dad”, lak dilində “urşa”, ləzgi dilində “kkvar” adlanmışdır ki, bunların da “nehrə” sözünə heç bir yaxınlığı yoxdur. Azərbaycan dilindəki yağ, süd, ayran sözləri Dağıstan dillərində “nerx”, “nex”, “nah”, “nak” kimi səslənir. Lakin bu sözlərin heç birinin nehrə və onun funksiyası ilə birbaşa bağlılığı yoxdur. Həmin dillərdə nehrə funksiyalı alətlər tam başqa adlanır. Azərbaycan termini olan “nehrə”nin etimologiyası həm Cənubi, həm də Şimali Azərbaycanda Azərbaycan dilində məhz bu əsasda müəyyən edilir. Farslar da “nehrə” sözündən istifadə edirlər. Lakin “nehrə”nin fars dilində etimologiyası yoxdur və bu söz fars dilinə keçmədir. Elmi ədəbiyyatda Tunc dövründə Qafqaz xalqlarının qohum dillərdə danışdığı barədə fikirləri əsas götürən İ.Nərimanov “nehrə” sözünün mənşəyini də ilk nehrələrin istehsal edildiyi e.ə. III minilliyə aid edir. Eyni zamanda tədqiqatçı Dağıstanın bu dövrə aid abidələrindən nehrələrin məlum olmadığını, onların yalnız Cənubi Qafqazda aşkar edildiyini xüsusi vurğulayır. Bununla da İ.Nərimanov “nehrə” sözünün qədim Azərbaycan mühitində yarandığını və sonradan müxtəlif mənalarda başqa dillərə keçdiyini qeyd etmişdir
Beləliklə, etnogenez tarixinin tədqiqi üçün mühüm əhəmiyyətə malik arxeoloji və paleoantropoloji faktlar bütün dövrlər üzrə biri-birini tamamlayır, Şimali və Cənubi Azərbaycan ərazilərində Mezolit və Neolit dövrlərindən başlayaraq etnogenetik proseslərin fasiləsizliyini və azərbaycanlıların, eyni zamanda digər köklü xalqların bütün tarixi Azərbaycan torpaqlarında, o cümlədən indiki Ermənistan ərazisində yerli, avtoxton əhali olduğunu sübut edir.
Nəcəf Müseyibli
Tarix elmləri doktoru, professor
AMEA Arxeologiya və Antropologiya İnstitutu
Etnoarxeologiya şöbəsinin müdiri