Ziyad Səmədzadə 80 yaşında "tapış"la yenidən deputat olmaq istəyir?

Taleh Şahsuvarlı: "Mən bunu xalqa da, dövlətə də, hakimiyyətə də, dairədəki bütün digər namizədlərə də, elə Ziyad müəllimin özünə də, yaşına-başına da ciddi hörmətsizlik sayıram"

"Əziz dostlar, mən heç bir namizədin əleyhinə bir kəlimə də olsun danışmaq istəmirdim. Seçkilərdə udmaq da var, uduzmaq da. Hesab edirəm ki, parlament seçkilərinə qatılmış şəxslər yüksək tolerantlıq nümayiş etdirməli, etik çərçivədə mübarizə aparmalı, sırf öz təbliğatlarına köklənib bir növ rəqiblərini görməməlidirlər". Bu sözləri 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən parlament üzvlüyünə namizəd Taleh Şahsuvarov öz Facebook profilində yazıb. O, yazdığı statusunda 80 yaşlı deputatlığa namizəd Ziyad Səmədzadəyə səslənib:

"Ancaq namizəd olduğum 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən 80 yaşında yenidən namizəd olan Ziyad Səmədzadənin adı dünən Cəmil Həsənlinin siyahısında yer alıb. Məncə, çox hörmətli Ziyad müəllim bu məsələyə aydınlıq gətirməli, müvafiq açıqlama verməlidir. Açıqlama verməlidir ki, doğrudanmı 80 yaşında himayədar axtarışına çıxıb və "tapış"la daha bir dəfə deputat olmaq istəyir? Mən bunu xalqa da, dövlətə də, hakimiyyətə də, dairədəki bütün digər namizədlərə də, elə Ziyad müəllimin özünə də, yaşına-başına da ciddi hörmətsizlik sayıram.

Doğrudursa, bu faktı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən aparılan islahatlara qarşı sabotaj hesab edirəm. Bəli, mənim bir insan olaraq, yaşlı bir insan olaraq Ziyad Səmədzadəyə sayğım var. İndi eyni dairədən parlamentə namizəd olmuşuq deyə bütün cizgiləri keçməyin tərəfdarı deyiləm. Bununla belə, hesab edirəm ki, Ziyad Səmədzadə seçim qarşısındadır. O ya ağsaqqallığı, ziyalılığı seçib Cəmil Həsənlinin siyahısından çıxmalı, yəni deputatlığa namizədliyini geri götürməli, ya da islahatlar kursuna töhfə vermək potensialı olan bir namizəd olaraq mənim parlamentə gedən dürüst yolumu ağsaqqala, ziyalıya əsla yaraşmayacaq bir formada kəsib xalqdan almadığı mandatı daşımalıdır. Bu dairədəki vəziyyəti yetərincə yaxşı bilirəm və ona görə də bütün səmimiyyətimlə deyirəm: Ziyad Səmədzadənin 23 saylı dairədə 9 fevralda heç qeydə alınmaq üçün topladığı imzalar qədər də səs almaq imkanı yoxdur. Bu da təbiidir. Çünki bütün ictimai rəy prezidentin müasir, savadlı, analitik təfəkkürlü kadların önə çıxması ilə bağlı mesajını mənimsəyib, vətəndaşın seçim meyarı budur. İslahatlar dalğasında keçirilən bu seçkilər Azərbaycanda vətəndaş həmrəyliyinin formalaşması, qanunun aliliyinin təmin olunması, istehlakçı toplumdan istehsalçı topluma keçid, xalqın rifahının güclənməsi üçün sosial siyasətin yenidən müəyyənləşdirilməsi, Qarabağda zəfər bayrağının dalğalanması üçün unikal şansdır. Bu şansı Azərbaycana prezident İlham Əliyevin yenilikçi təfəkkürü, siyasi uzaqgörənliyi və sarsılmaz iradəsi qazandırıb. Bizlər də məhz dövlət başçımızın çağırışı ilə seçkilərə qatılmış, məhz yenilikçi siyasi kursunun müdafiəçisi kimi xalqa və dövlətə xidmətlərimizi parlament müstəvisinə daşımaq istəmişik. İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, biz isə müstəqilliyin yetirmələriyik. Halbuki Ziyad Səmədzadə Azərbaycanın müstəqil yaşayacağına inanmır, SSRİ-dən ayrılmaması yönündə 1991-ci ildə "akademik bəyanatlar" verirdi. Azərbaycanın müstəqilliyinə inanmayan bir zehniyyətin bizim gələcəyimizə verə biləcəyi heç bir töhfə yoxdur. Ən azı bundan sonra yoxdur"!