Unudurlar ki, hakimiyyətə gəlmək dövrü artıq qapanıb Unudurlar ki, hakimiyyətə gəlmək dövrü artıq qapanıb

Aydın Hüseynov: “Elə davranırlar sanki Paşinyanın vəkilidirlər”

Unudurlar ki, hakimiyyətə gəlmək dövrü artıq qapanıb

Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi 11 yanvarda Moskvadakı üçtərəfli görüşün pozulmasına çalışdı, Nikol Paşinyanı görüşə gəlməməyə çağırdı. Paşinyan hökuməti də erməni cəmiyyətində itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Erməni diplomatiyası Minsk Qrupu formatında danışıqların bərpasında maraqlıdır, bu məqsədlə görüş barədə Fransa prezidenti Makrona xəbər sızdırıldı, görüşü Rusiyanın yarıməxfi şəkildə keçirmək cəhdləri əngəlləndi.

Paşinyan administrasiyası kommunikasiya xətləri ilə bağlı Azərbaycanın təşəbbüsünün qarşısını almağa can atır, bunun əvəzinə 10 noyabrdan sonra ələ keçirilmiş erməni diversantlarının-terrorçularının azad olunması məsələsini qabardırdı.

Lakin bu cəhdlər heç bir səmərə vermədi, Azərbaycan diplomatik danışıqlarda da bir daha üstünlük qazandı, danışıqların məcrasını öz istədiyi istiqamətə yönəltdi. Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.

Azərbaycanın radikal müxalifətinin görüş ətrafında qaldırdığı ajiotaj da diqqət çəkdi. Paşinyan da Minsk Qrupu formatının bərpasına çalışır, Azərbaycan müxalifəti də. Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Halbuki rus mediası Azərbaycan tərəfinin öz milli maraqlarını sonacan müdafiə etdiyini, 10 noyabr razılaşmasının ruhuna zidd heç bir şərti qəbul etmədiyini təsdiqlədi.

Görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu.

Yeni Azərbaycan Partiyasının şöbə müdiri, deputat Aydın Hüseynov bildirdi ki, Ermənistan cəmiyyəti, müxalifəti birgə bəyannaməni kapitulyasıya aktı kimi qəbul edir. Ancaq Azərbaycanın radikal müxalifət qrupu deyir ki, yox, bu, kapitulyasiya deyil. Hətta o dərəcədə absurda gedirlər ki, Azərbaycanın məğlub olduğunu iddia edirlər. Azərbaycan cəmiyyəti bəzi radikal qrupların bu cür davranışını əlbəttə ki, etirazla qarşılayır, insanlar onları qınayır: “Çox az sayları olan, özünə müxalifət deyən kiçik marginal qrup dövlətin qələbələrinin davamının gəlməsi üçün nəinki hər hansı bir dəstək verir, əksinə, böyük qələbəmizin əhəmiyyətini kiçiltməyə, əhali arasında qəsdən pessimizm əhval-ruhiyyəsi yaratmağa çalışırlar. Bununla da faktiki olaraq öz antimilli mahiyyətlərini bir daha nümayiş etdirirlər. Reallıq hissindən uzaq düşmüş bu radikal qrupun mövqeyi birmənalı şəkildə milli maraqlarımıza qarşıdır. Nikol Paşinyan dolayısı ilə etiraf edir ki, Ermənistan görüşdə istədiyinə nail ola bilmədi, erməni müxalifəti Ermənistanın Moskva görüşündə növbəti məğlubiyyətlə üzləşdiyini bəyan edir. Buna bənzər fikirləri Rusiya mediası yazır. Azərbaycandakı özünə müxalifət deyən radikal qrupun rəhbərləri isə Ermənistanın Moskva görüşündə uğur əldə etdiyini deyir. Elə davranırlar sanki Paşinyanın vəkilidirlər. Onlar milli heysiyyətini itirmiş, şəxsi siyasi ambisiyalarına görə hər şeyi qurban verməyə hazır olan marginal dəstədir. Azərbaycan cəmiyyəti onları şübhəsiz ki, rədd edir. Bu dəstə xam xəyallardan hələ də qurtula bilmir. Unudurlar ki, Qarabağ kartından öz siyasi məqsədləri üçün sui-istifadə etmək və hakimiyyət iddiasına düşmək, hakimiyyətə gəlmək dövrü artıq qapanıb”.

Deputat Elman Nəsirov:

Yeni Azərbaycan Partiyasının komissiya sədri, deputat Elman Nəsirov isə bildirdi ki, 11 yanavrda Moskvada imzalanan üçtərəfli sənədin Azərbaycanın maraqlarına uyğun gəlmədiyini iddia etmək qərəzin, reallıq hissini unutmağın son həddidir: “Yanvarın 11-də növbəti üçtərəfli bəyanatın imzalanması müharibədən sonrakı dövr üçün regiona sülhün, təhlükəsizliyin, əməkdaşlığın gətirilməsinə, inkişafına xidmət edən addımdır. Bu sənədin imzalanmasında eyni zamanda məqsəd onunla bağlıdır ki, 10 noyabr bəyanatının icrası prosesi tam olaraq həyata keçirilsin. İmzalanan sənəd bu prosesdə hansı boşluqların olduğu, hansı həllini gözləyən məsələlər var və onların həlli istiqamətində hansı növbəti addımların atılması lazımdır kimi məsələləri özündə ehtiva edir. 10 noyabr bəyanatının 9-cu bəndində Azərbaycanla Ermənistan arasında iqtisadi, nəqliyyat-komunikasiya əlaqələrinin bərpası nəzərdə tutulur. Ancaq bu bərpa necə həyata keçirilsin, hansı mexanizmlə reallaşdırılsın? Bax bu sualların cavabı 11 yanvarda imzalanan üçtərəfli sənəddə əksini tapıb. Bu razılaşma Azərbaycan Prezidenti İlham Əliyevin altıtərəfli əməkdaşlıq formatı ilə bağlı irəli sürdüyü təşəbbüsün tərkib hissəsidir. Azərbaycan Prezidenti müharibədən sonrakı yeni reallıqda əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən addımların təşəbbüskarı kimi çıxış edir. Ermənistan cəmiyyətinin müəyyən hissəsində, erməni müxalifətinin sıralarında Nikol Paşinyanın Moskvada imzaladığı sənədi Azərbaycan qarşısında növbəti məğlubiyyət kimi təqdim edənlər var. Həmin qruplar Paşinyanın Moskvaya gedişinin qarşısını almağa cəhd etmişdilər. Təəssüf ki, Azərbaycanda da kiçik bir radikal müxalif qrup Azərbaycanın milli maraqlarına zidd hərəkətlər edirlər. Azərbaycanın öz milli maraqlarından geri çəkildiyini bu radikal qrup bəyan edir. Halbu kiAzərbaycan öz milli maraqlarında bir addım da geri çəkilmir. Heç vaxt da çəkilməyəcək. Cənab Prezidentimizin ortada siyasi iradəsi var, qətiyyəti var. Cənab Prezident xalqına arxalanır”.

Deputat qeyd etdi ki, radikal müxalifət qrupu isə xalqdan ayrı düşüb. Onlar hər şeyi qara rəngdə görürlər: “Radikal müxalifət hələ Moskva görüşündən öncə özlərinə məxsus ənənəvi qara rəngli proqnozlar uydururdular. İddia edirdilər ki, Azərbaycan güzəştlərə məcbur ediləcək, rus sülhməramlılarının say tərkibi daha da artırılacaq. Bütün bu iddiaları doğrulmadı. İndi də başlayıblar ermənilərlə eyni mövqedən çıxış etməyə ki, ATƏT-in Minsk Qrupu dövriyyəyə girməlidir, danışıqlarda iştirak etməlidir. Azərbaycanın bu üzüqara radikal müxalifəti faktiki olaraq rdaikal erməni müxalifəti və erməni lobbisi ilə eyni mövqedən çıxış edir, bəzi davranışları isə Paşinyanın müdafiəsinə hesablanan davranışa bənzəyir. Bir daha xalqımız gördü ki, həmin radikal müxalifət ümummilli məsələdə dövlətin yanında ola bilmədi. Orduda, xalqda ruh düşkünlüyü yaratmağa hesablanan təbliğat kampaniyasını radikal müxalifət bu gün də davam etdirir. Ancaq Azərbaycan xalqı onların təbliğatına məhəl qoymur. Radikal müxalifət ictimai qınaq obyektinə çevrilir”. (musavat.com)

AzNews.az