Turab Rzayev: "Rusiya sülh prosesində əsas vasitəçiliyin Qərbin əlinə keçməsini istəmir"

"Əlbəttə ki, minaların təmizlənməsi bizim üçün xüsusi əhəmiyyətə malik bir hadisədir. Ancaq biz təəssüf ki, bununla bağlı hələ qarşı tərəfdən yetərincə səmimi yardım əldə edə bilməmişik"

Bunu Aznews.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, Ermənistan gah mina xəritələrinin məhv edildiyini, gah da onlarda olmadığını bildirir. Daha sonra bizə bəzi xəritələr verir, amma mina xəritələrinin reallıqla üst-üstə düşmə faizi bəzən normal olsa da, bir çox hallarda 80% üst-üstə düşmür, tamamilə yalançı xəritələr verilir.

"Bəzi qərargahlarda ola bilsin ki, müharibə zamanı həqiqətən də mina xəritələri məhv edilib. Amma bir çoxlarında bu xəritələr ya itirilib, ya da qəsdən gizlədilir. Bu da Ermənistan tərəfindən səmimi yanaşma olmamasından qaynaqlanır, çünki belə olan halda Azərbaycan çox böyük resurslar xərcləməli olur. Yəni minaların təmizlənməsi çox ağır maliyyə vəsaitləri tələb edən bir işdir. Yəni buna Azərbaycan büdcəsindən pullar gedir, beynəlxalq yardımlar gedir, vaxt gedir. Minaların təmizlənməsi uzun müddət alır. Bizim vaxtaşırı olaraq , əhali arasında, iş görən şirkətlərin işçiləri arasından, hərbçilərdən itkilərimiz olur. Əlbəttə, bunlar qəbuledilməzdir və biz çalışmalıyıq ki, hansısa şəkildə mina xəritələrini əldə edək. Ən azından Ermənistan bu məsələdə səmimi əməkdaşlıq etsin. Təəssüflər olsun ki, biz 2011-ci ildən sonra istehsal olunan minaların da basdırılmasını gördük. Laçın dəhlizinin bağlanmasından sonra ən azından yeni minalar basdırılmayacaq", - deyə politoloq əlavə edib.

Turab Rzayev Azərbaycan və Ermənistan liderlərinin Moskvada baş tutan görüşü ilə bağlı da danışıb. O bildirib ki, üçtərəfli görüş Rusiyanın növbəti dəfə keçirdiyi, sadəcə olaraq "Mən də varam" dediyi liderlərin görüşü oldu.

"Görüşdən heç bir xüsusi gözləntim yoxdur. Bu görüşlə bağlı hansısa müsbət gözlənti əvvəldən də yox idi. Bəlli idi ki, Rusiya hazırda sadəcə Vaşinqtonun və Brüsselin Qafqazda sülh prosesində əsas vasitəçi olmasını, vasitəçiliyin Qərbin əlinə keçməsini istəmir. Buna görə də vaxtaşırı bu cür görüşlər təyin edir. Bu görüşlərin demək olar yekununda heç bir razılıq əldə olunmur. Onlarla dəfə Rusiyada, Moskvada, Peterburqda, Soçidə görüş olub. Hər hansı bir görüşdə real bir nəticə ortaya çıxarıldığı görülməyib. Yenə də Rusiyanın sülhməramlılarını yaxud Rusiyanın bölgədə sülh yaratmaqdakı müsbət roluna nəsə vurğu ifadə edən bir ortaq sənəd böyük ehtimal təklif olunacaq. Bu sənəddən artıq nəyəsə nail olunacağını düşünmürəm. Bəllidir ki, Rusiya sülhün alınmayacağını gördüyünə, ələlxüsus da özünün bunda maraqlı olmadığına görə münaqişənin davam etməsi üçün kommunikasiya məsələlərini gündəmə gətirir. Daha çox kommunikasiyaların açılmasına çalışır. Söhbət Zəngəzur dəhlizinin hansı adda açılmasından gedir. Eyni zamanda Rusiya Ermənistanla Azərbaycan arasında daha çox kommunikasiyanın açılmasında maraqlıdır".

Rəşid Qarayev