İsrail prezidentinin səfəri fonunda İrandan hər cür hərəkət gözləmək olar - Tural İsmayılov

İsrail prezidenti İsxak Hersoq bu gün Azərbaycana səfərdədir. Bu, İsrail Prezidentinin tarixdə ilk səfəridir. Ona görə də bu səfər təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də maraqla izlənilir.

“Təbii ki, İsraillə Azərbaycan arasında strateji müttəfiqlik münasibətləri var. Bu münasibətlərin tarixi kifayət qədər qədimdir”.

Bu sözləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirib.

“İsrail prezidentinin Azərbaycana səfəri bu ölkənin xarici işlər naziri Eli Kohenin ölkəmizə səfərindən çox qısa müddət sonraya təsadüf etdi. Eli Kohen Azərbaycana səfər edərkən Azərbaycan-İsrail əlaqələrini növbəti bir mərhələyə daşıyan qərarlar alındı. Həmçinin israilli iş adamları və investorları Xarici İşlər Nazirliyi ilə birlikdə Azərbaycana gəlmişdi. İsrail prezidenti İsxak Hersoqu səfərdə önəmli xadimlər müşayiət edir. Bu, Azərbaycanla İsrail əlaqələrini növbəti dəfə inkişaf etdirəcək. Bu gün İsrail dünyada kifayət qədər önəmli izlənən ölkədir. İran hər bir vəchlə İsrail və Azərbaycan arasında olan münasibətlərdən qıcıq olur”.

T. İsmayılov qeyd edib ki, İsrail prezidentinin Azərbaycana səfəri İranda rasional idarəetmə qaydalarını mənimsəməmiş bir çox əmmaməli molla kratı üçün narahatlıq doğurur:

“Amma iki dövlət arasında olan münasibətlər hər hansı üçüncü dövlətə qarşı yönəlməyib. Təəssüflər olsun ki, İran bunu dərk etmir. Təbii ki, İsrail Prezidentinin Azərbaycana səfəri fonunda İrandan hər cür hərəkəti gözləmək olar. Azərbaycanın təhlükəsizliyi əmin əllərdədir. İran da daxil olmaqla burada həyata keçirə biləcəyi hər şeyə qarşı daim ciddi mübarizə aparılır”.

Ayan Rzayeva,

AzNews.az