Ermənistanın bu təxribatları onlar üçün zərərlə nəticələnəcək - Fazil Mustafa

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Nəticədə 3 hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyinin məlumatına görə Ermənistan mövqelərimizi müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir. Bundan əlavə qarşı tərəf mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə yığır.

Mövzu ilə bağlı AzNews.az-a danışan millət vəkili Fazil Mustafa deyir ki, bu proses gözlənilən idi.

"Ermənistan Qarabağda baş verən prosesləri dəstəkləmək məqsədilə belə bir addım atacaqdı. Bizim hərbi birləşmələrimiz bu prosesə kifayət qədər ciddi hazırdırlar. İstənilən düşmən qüvvəsini dəf etməyə imkanlarımız var. Əvvəlki dövrlər deyil ki, belə rahatlıqla uzaq məsafədən atəş açsınlar. Azərbaycan Ordu Birlikləri artıq bu bölgədə kifayət qədər ciddi mövqeləri əllərində saxlayıblar".

Millət vəkili onu da vurğulayıb ki, bu, bizə Qarabağda olan terrorçu birləşmələrini də ortadan qaldırmaq üçün ciddi addımlar atmağa daha çox imkan yarada bilər.

"Çünki bu şərtlər əgər bizə yönəlik hansısa bir prosesi diqtə edirsə, biz həm də elə yarımçıq qalmış işlərimizi də yekunlaşdıraq. Ona görə də ermənilərin atdığı addımlar bizim üçün sürpriz deyil. Baxmayaraq ki, indi onlara Hindistan, Fransa və İran kimi dövlətlər müəyyən köməklik göstəriblər, hərbi texnika veriblər. Amma Azərbaycan da kifayət qədər öz gücünə arxalanan bir dövlətdir. Hesab edirəm ki, bu prosesi doğru yönəltsək ən azı ermənilər öz hücumlarına görə böyük bir peşmanlıq yaşayacaqlar. Çünki bizim həmlələrimiz daha sarsıdıcı olacaq, Ermənistanın bu təxribatlarının onlar üçün zərərlə nəticələnməsinə gətirib çıxaracaq".

Ayan Rzayeva