Ermənistan NATO-ya üzv olacaq?- ŞƏRH

"Nikol Paşinyan, mən Ermənistanı NATO-ya üzv olmağa çağırıram. Co Bayden, Ermənistanı qoruyun".

Bu sözləri Avropa NATO İnkişaf Komitəsinin sədri Günter Felinger Ermənistanı alyansa qoşulmağa çağırarkən bildirib.

Bu barədə o, tvitter (hazırkı X) sosial şəbəkəsindəki hesabında yazıb. Ermənistan NATO-ya üzv olması indiki şəraitdə nə dərəcə real görünür? NATO-ya üvzlüyü qəbul olunsa Ermənistan üçün hansı dəyişikliklər gözlənilir?

Mövzu ilə bağlı AzNews.az-a açıqlamasında politoloq Turan Rzayev bildirib ki, NATO İnkişaf Komitəsinin sədri Günter Ferlinger bənzər təklifləri Ermənistandan sonra Azərbaycan və Gürcüstana da edib.

“Ermənistanın indiki reallıqlarda NATO-ya üzv olması qeyri-mümkündür. Hətta müzakirə mövzusu belə deyil. Çünki Ermənistan NATO nizamnaməsinə görə hazırkı mərhələdə alyansa üzv ola bilməz. Birincisi, Ermənistan Azərbaycanla müharibə vəziyyətindədir. Yəni tərəflər arasında sülh müqaviləsi imzalanmayıb. Bu, ən önəmli səbəbdir. İkinci məsələ isə şübhəsiz ki, iki ölkə arasında mövcud problemlərin qalmasıdır. Yəni sərhədlərin delimitasiya- demarkasiya məsələsi hələ həll olunmayıb, ərazi iddiası var. Ermənistanın Azərbaycana qarşı anklav- eksklavlar məsələsi var. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən Zəngəzur dəhlizinə dair Ermənistan öhdəliklərini yerinə yetirməyib. Brüssel formatında tərəflər arasında sülh gündəliyi davam edir. Düzdür, hazırda gərginlik artsa da, faktiki olaraq tərəflərdən biri bu gündəliklərdən imtina etməyib. Yəni ümumiləşdirsək, Azərbaycan və Ermənistan arasında müharibə vəziyyəti var".

Politoloq onu da əlavə edib ki, Ermənistan onsuz da hərbi alyansın- Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzvüdür.

"Nə qədər ki, Ermənistan burada üzvüdür, bu reallıqlarda onun ikinci bir alyans üzvü olması qeyri-mümkündür. Digər tərəfdən, qeyd edilməsi vacib olan bir məqamda Ermənistan daxilində Rusiyaya məxsus hərbi bazaların olmasıdır. NATO ölkələrində yalnız bu təşkilata daxil olan ölkələrinin hərbi bazaları ola bilər. Digər ölkələrin bazaları ola bilməz. Məsələn, hansısa tərəfsiz ölkədə NATO bazası ola bilər, başqa bir ölkənin bazası ola bilər. Misal üçün, Kiprdə bu belədir, Kiprdə NATO və Britaniya bazası var. Yəni bu NATO üzvü olmadan əvvəl də belə idi. Yəni Ermənistanda bu gün başqa bir ölkənin hərbi bazası olduğuna görə belə bir ölkənin alyansa üzvü olması əlavə risk təşkil edir. Yəni bütün bunlar göstərir ki, Ermənistan NATO-ya üzv ola bilməz. Ermənistan NATO-ya üzv olması üçün Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi imzalanmaldır. Ermənistanın ərazi iddialarından əl çəkməli, mövcud problemləri həll etməli, rus hərbi bazalarını ərazidən çıxarmalıdır".

Politoloq bu məsələdə Türkiyə faktorunun olduğunu da vurğulayıb.

"Indiki məqamda Türkiyə faktoru var. Türkiyə onsuz da İsveçrə, Finlandiyanın NATO ya üzvlüyünə kifayət qədər problem yaratdı və bunun subyektiv səbəbləri var idi. İndiki məqamda Türkiyə Ermənistanın da NATO-ya üzv olmasını istəməyəcək. Ona görə ki, Türkiyə həm də Azərbaycanın rəsmən tanınan hərbi və strateji müttəfiqidir və Azərbaycanla bağlı məsələlərdə onun qərarlarını önəmsəyir. Yəni bizim strateji ortaq maraqlarımız var. Türkiyə Ermənistana alyansa üzv olmasına icazə verməyəcək. Unutmamaq lazımdır ki, Ermənistan həm də Türkiyəyə ərazi iddiaları var. Amma təkcə burada, Ermənistan yox, Gürcüstanda bənzər formada üzv ola bilməz. Azərbaycan Media Qoşulmama Hərəkatının üzvü olduğu üçün neytral bir ölkədir . NATO-ya üzv olmaq kimi bir müraciəti və niyyəti hələ ki, yoxdur. Bəli, təkliflər var. Amma biz hələ bu təklifləri qəbul etməmişik. Gürcüstanda bənzər formada Abxaz problemləri var. Buna görə də NATO-ya üzvlük məsələsi hələ ki, real deyil".

Ayan Rzayeva