İflasa uğrayan Fransa bu gün özünü Cənubi Qafqaza soxmağa çalışır - Politoloq

Fransa xarici siyasətində, xüsusilə Afrikada ciddi böhran yaşamaqdadır. Nigerdə ardınca da Qabonda dövlət çevrilişi baş verdi. Bu gün faktiki olaraq Afrika qitəsində Fransaya olan etimadsızlıq pik həddədir. Makronun Afrikadakı uğursuzluğundan dərs almayıb üzünü Cənubi Qafqaza çevirməsinin səbəbi nədir?

Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Fransanın Afrikadakı məğlubiyyəti indiki mövcud Makron hökumətini çox çətin bir vəziyyətə salıb.

"Yəni artıq hökumət əvvəlki nüfuzunu qaytarmaq üçün müəyyən strateji nöqtələrə nüfuz etməlidir. Təbii ki, 2017- 2018-ci ildən bəri bu böhranlı vəziyyət davam edir. Çünki Makronun hakimiyyətə gəlməsindən sonra Fransa daxilində vəziyyət pisləşməyə başladı. Təqribən 73% əhali artıq vergi ödəyicisinə çevrildi. Pensiya yaş hədləri qaldırıldı. Eyni zamanda Afrikada gedən döyüşlər və Fransanın əlindən çıxan Niger, Qabon eyni zamanda digər ölkələrin hər biri Fransanın orada olan maddi imkanlarını çətin vəziyyətə salır. Nəzərə almaq lazır ki, Fransa bu gün 78 faizlik elektrik enerjisini uran, yəni atom elektrik stansiyası hesabına təmin edir. İndi Afrikadan artıq əldən çıxması Fransanın çox çətin bir duruma salıb".

Politoloq onu da əlavə edib ki, Fransa indi diqqəti Cənubi Qafqaza yönəltməklə bir geosiyasi faktora çevirməyə çalışır.

"Hesab edirəm ki, Cənubi Qafqazda artıq Rusiya, Türkiyə, ABŞ-nin olması eyni zamanda müəyyən mənada İranın da bölgədə özünü göstərmək cəhdləri və Avropa ittifaqının olması Fransanı çətin vəziyyətə salıb. Fransanın bura girə bilməsi ehtimalı çox aşağıdır. Fransa Ermənistan üzərindən manipulyasiya etməyə çalışır. Amma bu da o nəticəni verən deyil. Hər bir sahədə iflasa uğrayan Fransa bu gün özünü Cənubi Qafqaza soxmağa çalışır. Yəni məqsəd burada hegemoniyasını göstərməkdir.Bu hələ ki, mümkün deyil. Çünki artıq Fransa əvvəlki nüfuzunu tamamilə itirmək üzrədir. Əgər bu baş versə, yaxın müddət ərzində Fransanın özü artıq, yüksək super güc ölkələrdən ölkələrin siyahısından çıxaraq orta səviyyəli ölkələrin siyahısına düşə bilər.Hadisələr onu göstərir ki,bu çox yaxındadır".

Ayan Rzayeva