- Siyasi müzakirə
- 7 Sentyabr 2023 17:05
- 9 854
Elçin Mirzəbəyli: "Ərdoğanın bəyanatının əsasında bu amil dayanır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən qayıtdıqdan sonra qeyd edib ki, Ermənistanın davam edən təxribatları ölkəsinin cənub əraziləri üçün də təhdid yaradır.
Mövzu ilə bağlı AzNews.az-a açıqlama verən politoloq Elçin Mirzəbəyli bildirib ki, şübhəsiz ki, Türkiyə prezidentinin bu açıqlaması Ermənistana birbaşa mesaj xarakteri daşıyır.
"Çünki müasir dövrdə təhdidin bilavasitə dövlətin öz ərazisindən həyata keçirilməsi vacib amillərdən biridir. Dövlətin öz sərhədlərinin təhlükəsizliyini təmin etməsi üçün istənilən addımı atmağa və eyni zamanda ölkə sərhədlərindən kənarda müvafiq əməliyyatlar keçirməyə hüququ var. Bəlli olduğu kimi, Türkiyə Böyük Millət Məclisi müxtəlif məsələlərdə bu kontekstdə qərarlar qəbul edib", - deyə o əlavə edib.
Politoloq onu da vurğulayıb ki, biz Türkiyə hərbçilərinin Suriyada və digər ərazilərdə iştirakı ilə bağlı da faktlar faktlardan məlumatlıyıq.
"Təbii ki, Türkiyənin ərazi bütövlüyünə Ermənistan tərəfindən təhdid yaradacaq formada davranışlar sərgilənərsə, buna qarşı adekvat tədbirlərin həyata keçiriləcəyi şübhə doğurmur. Bununla paralel olaraq bir məqamı da xatırlatmaq lazımdır ki, Azərbaycanla Türkiyə arasında Şuşa bəyannaməsi imzalanıb. Bu, sadəcə olaraq Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyəyə çatdırılması ilə bağlı mesaj verən bir sənəd deyil. Bu, praktik bir sənəddir. Bu praktik sənədin təməlində də, eyni zamanda Türkiyə ilə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin qorunması və ölkə sərhədlərinə, onun təhlükəsizliyinə yaranan hərbi təhdidə qarşı birgə fəaliyyət həyata keçirilməsi nəzərdə tutulub. Düşünürəm ki, Ərdoğanın bəyanatının əsasında həm də bu amil dayanır".
Ayan Rzayeva