Yeganə Hacıyeva: "Ermənistan ciddi addımlar atmalıdır"

“Üçtərəfli razılaşmanın bəndlərinə görə məhz Qazaxın 7 kəndi və ətraf ərazilərdən başqa Azərbaycan kəndlisinin örüş üçün istifadə etdiyi ərazilər, həmçinin Naxçıvanın Sədərək rayonunun Kərki kəndi və kəndin ərazisindən iki-üç dəfə böyük örüş, tarla zonaları Azərbaycana təhvil verilməlidir”.

Bunu AzNews.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva bildirib.

O, Ermənistan tərəfinin digər öhdəlik və məsuliyyətlərini yerinə yetirmədiyi kimi bunu da yerinə yetirmədiyini deyib.

“Bu mərhələdə Ermənistanın atmalı olduğu addımlar var. Azərbaycan Ermənistan addım atmayacağı halda bunu özü həyata keçirəcək. Ermənistan Baş naziri anklavlar məsələsi haqqında danışanda bunu mübahisə mövzusu kimi qələmə vermək məqsədi güdüb.

Gədəbəyin kəndləri ilə bağlı “Azərbaycanın Ermənistana veriləsi ərazisi var” fikri Ermənistanın uydurmasıdır.

Azərbaycanın hazırda Ermənistandan alacağı ərazilər var, verəcəyi deyil. Gədəbəyin nəzərdə tutulan kəndləri BMT-nin üzvü olarkən bizim ərazilərimiz kimi qeydə alınmış ərazilərdir. Ermənistan bilir ki, ciddi addımlar atmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA